Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2955/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-50/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-50/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilib, Cavabdeh 8500 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8530 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-50/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 8500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yanvar ayında iddiaçı özünə məxsus Niva markalı, **-AJ-*** dövlət nömrə nişanlı avtomaşını satmaq üçün onun şəklini və məlumatları “Turbo.az” saytına yerləşdirmişdir. 06.02.2018-ci il tarixdə, ***-***-**-** mobil nömrəsindən cavabdeh iddiaçıya zəng edərək maşının üzərində pul ödəməklə özünə məxsus “Wolfsvagen Passat” markalı maşın ilə barter etməyi təklif etmişdir. İddiaçı bir gün sonra yəni 07.02.2018-ci il tarixdə dayısı oğlu Səxavət Piriyevlə birlikdə Sumqayıt şəhərində avtovağzalın yaxınlığında yerləşən “KARS 039” avtosalonuna getmişdir. Orada **-BF-*** dövlət qeydiyyat nişanlı “Wolfsvagen Passat” markalı maşını bəyənmiş, onlar iddiaçıya “Niva” maşının qarşılığında barterdən sonra 4200 manat pul vermişlər. Maşını barter edən zaman avtosalonun işçisi olan Cavabdeh iddiaçıya baş etibarnaməni Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən notariat kontorunda vermişdir. Təxminən bir həftə sonra iddiaçıya poçtla maşının mülkiyyətçisi Yusif adlı şəxsin etibarnaməni ləğv etdirməsi barədə məktub gəlmişdir. Bir neçə gün sonra cavabdehin dostu ilə birlikdə Bərdə rayonuna gedib Yusiflə görüşmüşdür. Görüş zamanı Yusif iddiaçıya maşının ikinci sahibi İlqar adlı şəxsin borclu olduğunu və bu səbəbdən etibarnaməni ləğv etdirdiyini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 04 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-1092.3, 1093.2.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər maşınların alqısatqısı və dəyişdirilməsi barədə razılığa gəlmiş, həmin razılığa əsasən iddiaçıya məxsus “Niva” markalı avtomobil 12500 manat, cavabdehin avtosalonda satdığı “Wolfsvagen Passat” markalı avtomobil isə 8500 manat qiymətləndirilmiş, cavabdeh iddiaçıya bu razılığa əsasən 4000 manat ödəmişdir.“Wolfsvagen Passat” markalı avtomobilin mülkiyyətçisi tərəfindən etibarnamə ləğv edildiyinə görə iddiaçı avtomobili öz adına rəsmiləşdirə bilməmiş, məhkəmə qərarı ilə avtomobil iddiaçıdan alınaraq avtomobilin mülkiyyətçisinə verilmişdir. Cavabdeh özü də “Wolfsvagen Passat” markalı avtomobili birbaşa mülkiyyətçidən deyil, İlqar adlı şəxsdən etibarnamə əsasında almışdır. Cavabdeh avtomobili alarkən etibarnamə əsasında alınmış avtomobilin gələcək risklərdən sığortalanmadığı barədə nə dərəcədə məlumatlı idisə, bu risk barədə iddiaçı da eyni dərəcədə məlumatlı idi. Cavabdehin niyyəti varlanmaq olmamış, maşını satmaq olmuşdur. Cavabdeh özü də müəyyən məbləğdə pul verərək maşını başqa şəxsdən almışdır. Belə olduğu halda avtomobili iddiaçıya satdığı zaman qarşılığında aldığı pul onu varlandırmamışdır.Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AD seriyalı, 044691 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı “Wolfsvagen Passat” markalı, ** BF *** qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİ seriyalı, 163682 nömrəli etibarnamədən görünür ki, X3 “Wolfsvagen Passat” markalı, ** BF *** qeydiyyat nişanlı avtomobili 07 fevral 2018-ci il tarixdə 11 ay 1 gün, yəni 08 yanvar 2019-cu il tarixə qədər idarə etmək məqsədi ilə İddiaçı etibar etmişdir. Cinayət işinin başlamasının rədd edilməsi barədə 06 may 2018-ci il tarixli qərardan görünür ki, araşdırma aparılan zaman Cavabdeh öz izahatında “Kars 039” adlı avtomobil salonunda işlədiyini, İddiaçı məxsus “Niva” markalı avtomobilin 12500 manat, “Wolfsvagen Passat” markalı avtomobilin isə 8500 manat dəyərində qiymətləndirildiyini, Wolfsvagen Passat” markalı avtomobilin üstündə İddiaçı 4000 manat və cərimə pulu olaraq 200 manat verdiyini və avtomaşını alqı-satqı ilə deyil, baş etibarnamə ilə satdığını bidirmişdir. İş materialları ilə müəyyən olur ki, etibarnamə 11 ay müddətinə verilmiş və bu müddət ərzində qeyd edilən avtomobilin İddiaçı tərəfindən öz adına rəsmiləşdirmək imkanı olmuşdur. Ancaq 11 gündən sonra etibarnamə ləğv edilmişdir. Cavabdeh Yusiflə bağlı problemi əvvəlcədən bildiyi halda maşını alqı-satqı yolu ilə iddiaçıya satmayaraq etibarnamə əsasında vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(067)-1087/2018 saylı qətnaməsi ilə “Wolfsvagen Passat sedan” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və onun texniki pasportunun cavabdeh İddiaçı qanunsuz istifadəsindən alınaraq iddiaçı X2 qaytarılması qət edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, tərəflər “Niva” markalı və “Wolfsvagen Passat” markalı avtomobillərin alqı-satqısı və dəyişdirilməsi barədə razılığa gəlmiş, həmin razılığa əsasən iddiaçıya məxsus “Niva” markalı avtomobil 12500 manat, cavabdehin işlətdiyi “Avto Salonda” satdığı “Wolfsvagen Passat” markalı avtomobil isə 8500 manat qiymətləndirilmiş, cavabdeh iddiaçıya bu razılığa əsasən 4000 manat ödəmişdir. Bundan sonra “Niva” markalı avtomobil cavabdehdə qalsa da, iddiaçı avtomobilin mülkiyyətçisi tərəfindən etibarnəmə ləğv edildiyinə görə avtomobili öz adına rəsmiləşdirə bilməmiş və məhkəmə qətnaməsi ilə “Wolfsvagen Passat” markalı avtomobilin iddiaçıdan alınaraq, avtomobilin mülkiyyətçisi olan X2 verilməsi qət edilmişdir. Bununla da, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilib, Cavabdeh 8500 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8530 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-50/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2955/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2955/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver