Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2957/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı iştirak ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qərardadından cavabdehin qanuni nümayəndəsi A.N.Rzayevin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qərardadı ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı aliment miqdarının hissəvi tutulmadan sabit pul məbləğinə dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh qanuni nümayəndəsi (atası) Rzayev Akif Nağı oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin qanuni nümayəndəsi A.N.Rzayev şikayət verərək qərardadın ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 18 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşı çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(060)-2118/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilmiş alimentin sabit pul məbləğinə dəyişdirilərək Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(060)-2118/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib, 18.12.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi və dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Cavabdehin qanuni nümayəndəsi A.N.Rzayev tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Qərardaddan cavabdehin qanuni nümayəndəsi A.N.Rzayev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 10 iyun 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qətnaməsinin surətini ümumiyyətlə onlara göndərilməmişdir, qətnamədən 20 may 2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun onları İcra İdarəsinə çağırmasından sonra məlumatları olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytararkən onun səhahiyyətli şəxs kimi şikayəti imzalamaq üçün səlahiyətinin olmamasını göstərmişdir. Halbuki 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən o, iş üzrə cavabdeh Rzayev Akif Nağı oğlunun qanuni nümayəndəsi kimi tanınmışdır. Belə olan halda etibarnamənin şikayətə əlavə etməsinə zərurət olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh tərəfə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Cavabdeh qanuni nümayəndəsi (atası) Rzayev Akif Nağı oğlu Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, lakin Cavabdeh nümayəndəsi barədə sənədi (etibarnaməni) apelyasiya şikayətinə əlavə etməmiş və buraxılmış müddətin bərpa olunması barədə məhkəmə qarşısında vəsatət qaldırılmamışdir. İş materialları ilə müəyyən olur ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qətnaməsinin surəti 10 fevral 2021-ci il tarixdə poçt vasitəsilə Cavabdeh göndərilmiş, lakin zərf “imtina edilib” qeydi ilə geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli məktubundan görünür ki, cavabdehin qanuni nümayəndəsi A.N.Rzayevin Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə göndərilmiş apelyasiya şikayəti 01 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və 02 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1 və 28.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. İş materialları ilə müəyyən olur ki, xx xxx 1989-cu ildə Gəncə şəhərinə anadan olmuş Cavabdeh 27 noyabr 2004-cü ildən “şizofreniya sadə forma” diaqnozu ilə qeydiyyatdadır. 11 oktyabr 2016-cı il tarixli qanuni nümayəndə qismində tanınma haqqında qərardan görünür ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış Cavabdeh atası Rzayeva Akif Nağı oğlu onun qanuni nümayəndəsi qismində tanınmış və qərar Rzayev Akif Nağı oğluna elan olunmaqla hüquq və vəzifələri ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 49.3 və 49.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Sadalanan hallardan göründüyü kimi Cavabdeh tam fəaliyyət qabiliyyətli olmayıb, onun hüquqlarının müdafiəsini qanuni nümayəndəsi qismində atası Rzayeva Akif Nağı oğlu qorumaqdadır. Belə olan halda məhkəmə tərəfindən ünvanlanan zərflər qanuni nümayəndə A.N.Rzayevə göndərilməli və onun tərəfindən qəbul edilməsi təmin edilməlidir. Bununla yanaşı 11 oktyabr 2016-cı il tarixli qərara əsasən Rzayeva Akif Nağı oğlu iş üzrə cavabdeh Rzayev Akif Nağı oğlunun qanuni nümayəndəsi kimi tanındığından şikayətin imza edilməsi ilə bağlı etibarnamənin şikayətə əlavə etməsinə zərurət olmamışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə 26.04.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən maraqlı şəxsin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən verilmiş apelyasiya şikayətini geri qaytararkən işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 17 iyul 2021-ci il tarixli, 2(060)-904/2021 saylı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qətnaməsindən cavabdehin qanuni nümayəndəsi A.N.Rzayevin verdiyi apelyasiya şikayəti prosessual müddət ötürülməmiş və qanunla müəyyən edilmiş vaxtda verilmiş hesab edilərək icraata qəbul edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin qanuni nümayəndəsi A.N.Rzayevin verdiyi şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 17 iyul 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-904/2021 saylı qətnaməsindən cavabdehin qanuni nümayəndəsi A.N.Rzayevin verdiyi apelyasiya şikayəti prosessual müddət ötürülməmiş və qanunla müəyyən edilmiş vaxtda verilmiş hesab edilərək icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2957/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2957/2021
06.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver