Məhkəmə qərarları › İş №2(105)-296/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-296/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-296/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Şamaxı Rayon X2 X3, Cavabdeh iştirakı ilə, İddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyənin büdcəsindən əsassız olaraq götürülmüş vəsaitlərin qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-531/2021 nömrəli qətnaməsindən iddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsi və Cavabdeh tərəfindən verilən apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-531/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1028,88 manat məbləğində pulun tutularaq Şamaxı rayonu Dəmirçi bələdiyyəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim N.İsmayılov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-531/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən iddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsi apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-531/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Şamaxı rayon Dəmirçi Bələdiyyəsi Cavabdeh qarşı “bələdiyyənin büdcəsindən əsassız olaraq götürülmüş vəsaitlərin qaytarılması və vurulmuş maddi ziyan ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Dəmirçi bələdiyyəsinə vurulmuş 9534.28 manat məbləğində vəsaitin Cavabdeh alınaraq Şamaxı rayon Dəmirçi bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Dəmirçi bələdiyyəsi Şamaxı rayonunun Dəmirçi, Səfalı və Zarat-Xeybəri kəndlərində fəaliyyət göstərir. 15 yanvar 2020-ci il tarixə kimi X2 Cavabdeh olmuşdur. X2 işlədiyi dövr ərzində Dəmirçi bələdiyyəsinə məxsus maliyyə vəsaitlərini hesabdan çıxarmış, lakin çıxardığı vəsaitlərin haraya xərclənməsi barədə sənədləşmə aparmamışdır. Belə ki, Cavabdeh bələdiyyənin sədri işlədiyi dövrdə, 17 iyun 2016-cı il tarixdə Bələdiyyənin hesabından "Kapital Bankdan" adı ilə 420 manat, 12 iyul 2016-cı il tarixdə Bələdiyyə hesabından "Çek № 715680" adı ilə 1425,68 manat, 16 iyun 2017-ci il tarixdə Bələdiyyənin hesabından "Torpaq pulu qaytarılır" adı ilə 2370 manat, 19 dekabr 2018-ci il tarixdə Bələdiyyənin hesabından "təsərrüfat xərcləri" adı ilə 1400 manat, 30 dekabr 2019-cu il tarixdə "bələdiyyənin daxili xərcləri üçün" adı ilə 3000 manat vəsait çıxarmışdır. Bundan 17 iyun 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 71.68 manat, 12 iyul 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 110 manat, 29 iyul 2016-cı il tarixdə "İnternetə ödənilib" adı ilə 200 manat, 16 iyun 2017-ci il tarixdə "Azərselə ödənilib" adı ilə 43 manat, 16 iyun 2017-ci il tarixdə "Dizel yanacağı alınıb" adı ilə 345.80 manat, 16 iyun 2017-ci il tarixdə "Telefoninternet ödənişinə" adı ilə 46 manat, 19 dekabr 2018-ci il tarixdə "yanacaq alınması" adı ilə 536.20 manat, 19 dekabr 2018-ci il tarixdə "Telefon-internet ödənişinə" adı ilə 45.20 manat, 30 dekabr 2019-cu il tarixdə "yanacaq almması" adı ilə 984.00 manat; 30 dekabr 2019-cu il tarıxdə "telefon-internet xərcləri " adı ilə 201.40 manat, 30 dekabr 2019-cu il tarixdə "Notariat kontoruna rüsum və DƏDRX-yə rüsum" adı ilə 99 manat, 30 dekabr 2019-cu il tarixdə "Kadastr və yer quruluşuna ödəniş" adı ilə 1302 manat maliyyə vəsaitləri çıxarmış, lakin təyinatı üzrə xərclənib-xərclənməməsi haqqında heç bir sənədləşmə aparmamışdır. Bundan əlavə Cavabdeh tərəfindən bələdiyyəyə məxsus olan VAZ-21213 minik markalı, ** AA *** Dövlət qeydiyyat nömrəli avtomobil yararsız hala salınmışdır. Bu barədə 14 fevral 2020-ci il tarixdə cavabdehin iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Avtomobilin əsas ehtiyat hissələri çıxarılmış və tam olaraq yararsız hala salınmışdır. Avtomobilə dəymiş ziyan 5550 manatdır. Həmin dövr ərzində cavabdeh bələdiyyənin işçilərinin əmək haqqlarını ödəməmiş (özü də daxil olmaqla), hesabdan çıxardığı vəsaiti özünün başqa ehtiyacları üçün sərf etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni həll edərkən işin bütün faktiki hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbini qismən təmin etmişdir ki, o, qətnamənin bu hissəsi ilə razı deyildir. Məhkəmə telefon xidməti üzrə xərcləri nəzərə almadan qətnamə qəbul etmişdir. O, işlədiyi müddətdə bələdiyyənin asan imza ilə elektron qaydada gedən bütün sənədlərin hesabatları adında olan ***-***-**-** mobil nömrə vasitəsilə həyata keçirilmişdir. Həmin nömrədən bələdiyyənin xidmətləri üçün istifadə edilməsi vergi xidmətində də qeydə alınmışdır. Bunu təsdiq edən kifayət qədər sənədlər mövcuddur. Lakin həmin sənədlər bələdiyyədə olduğundan qərəzli şəkildə məhkəməyə təqdim olunmur. Bələdiyyənin asan imza ilə istifadə edilmiş xidmətlərinin faktura məbləği 1048 manatdır. Hər ay 13 manat 60 qəpik, beş il üçün 900 manat məbləğ də internet xəttinə və abunə haqqına ödənilib. Onun tərəfindən heç bir vəsait əsassız yerə xərclənməmişdir. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İş üzrə iddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qismən qanunsuz və əsassızdır. Məhkəmə iddia qismən təmin etsə də, bu barədə öz mövqeyini əsaslandırmamışdır. Məhkəmə "xxxx" MMC-nin 06 may 21-ci il tarixli, 36 saylı məktubuna istinad edərək, "xxxx" MMC tərəfindən Şamaxı rayon Dəmirçi Bələdiyyəsinə istifadəyə xidmət verilməməsi, telefon və internet üçün müqavilələrin olmamasını göstərmiş və həmin hissədə iddianı təmin etmişdir. Dəmirçi Bələdiyyəsində 2016 və 2017-ci illər üzrə aparılmış müstəqil auditor hesabatları qətnamədə göstərilmiş, audit olan dövrdə istifadə olunan kassa mədaxil orderlərinin ciddi hesabat blankları olması, mədaxil və məxaric xəzinə orderlərinin qeydiyyatı kitabının aparılmaması göstərilmişdir. Lakin, məhkəmə audit hesabatlarına istinad etməmiş və iddia tələblərinin yerdə qalan hissədə təmin edilməməsini əsaslandırmamışdır. Cavabdeh tərəfindən Dəmirçi Bələdiyyəsinin hesabından çıxarılmış pulların məxaric xəzinə orderlərində göstərilmiş işlərə sərf olunub-olunmamasını araşdırmamış və cavabdeh tərəfindən də həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmasını təsdiq edən hər hansı bir sənəd qətnamədə göstərilməmişdir. Bundan əlavə Dəmirçi Bələdiyyəsinə məxsus avtomobilə dair qüsur aktının olmasına və qətnamədə öz əksini tapmasına baxmayaraq məhkəmə tərəfindən iddia həmin hissədə də təmin edilməmişdir. Belə ki, cavabdeh məhkəməyə həmin avtomobilin hissələrinin dəyişdirilməsi və olmaması barədə heç bir sənəd təqdim etməmişdir. Göstərilən hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmədiyindən, şikayət təmin edilməli, qətnamə iddianın təmin olunmayan hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh öz apellyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-531/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun tərəfindən bələdiyyəyə məxsus hər hansı vəsait əsassız şəkildə istifadə edilməmiş, habelə o bələdiyyəyə məxsus əmlakı mənimsəməmişdir. O, bələdiyyəyə məxsus “Niva” markalı avtomobildən ümumiyyətlə istifadə etməmiş, öz şəxsi avtomobilindən istifadə etmişdir. Həmin avtomobili elə yararsız vəziyyətdə təhvil almışdır. Həmin nəqliyyat vasitəsi yararsız oduğu üçün 15 ildir ki, texniki baxışdan keçirilmir. İşlədiyi dövrdə bələdiyyənin demək olar ki, mühasibi olmayıb. Apellyasiya baxışı zamanı Şamaxı Rayon X2 X4, bələdiyyənin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh 2006-2020-ci illərdə Şamaxı rayonu, X2 vəzifəsində işləmişdir. O isə bu vəzifəyə 01 yanvar 2020-ci ildə təyin edilmişdir. Cavabdeh təhvil-təslim işlərini mart ayınadək yubatmışdır. Qətnamə qəbul edilərkən məhkəmə tərəfindən iş materiallarında olan sübutlara düzgün istinad edilməmişdir. Audit hesabatları nəzərə alınmamış, bələdiyyənin balansında olan “Niva” markalı avtomobilə dəymiş ziyanın məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" MMC–nin 06 may 2021-ci il tarixli, 36 saylı məktubundan görünür ki, "xxxx" MMC Şamaxı rayonu, Dəmirçi Bələdiyyəsinə istifadəyə xidmət verməmişdir. Telefon və internet üçün tərəflər arasında müqavilə olmamışdır. Yenə iş materiallarında olan AA № 489730 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21213 markalı, ** AA *** qeydiyyat nişanlı avtomaşın Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin sahibliyindədir. İşdə olan 14 fevral 2020-ci il tarixli Cavabdeh iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, VAZ 21213 markalı, ** AA *** qeydiyyat nişanlı “NİVA” markalı avtomobil XTA21213UR1081762: sağ qapı şüşəsi istisna olmaqla şüşələr yoxdur, oturacaqlar tamamilə yarasızdır. Üstündəki mühərrikin №-si 128 80 K 21011, blokun №-si 62 YAZ 2***-*******- 10AL3, texpasportla heç bir uyğunluğu yoxdur və hər ikisi tamamilə yararsızdır, razdatka sistemi yoxdur, peredok var, amma yararsızdır, qabaq körpü yoxdur, qranatlar yoxdur, Radiator-soyutma sistemi yoxdur, Akkumlyator yoxdur, Salon tamamilə yararsızdır, Arxa körpü yarasızdır, Təkərlər tamamilə yararsız vəziyyətdədir. Benzin bakı yoxdur, idarəetmə priboru yoxdur, Kardan ötürücü sistemi yoxdur, elektrik sistemi yoxdur. Sürət-ötürücü qutu NİVA-ya aid deyil və yararsızdır. Buferlər yoxdur. Mülki iş materiallarında olan Şamaxı Servis və Ticarət Xidmətinin xx.xx.2021-ci il tarixli 21 saylı rəyindən görünür ki, VAZ 21213 markalı, ** AA *** qeydiyyat nişanlı avtomaşının bərpası üçün 5550 manat vəsait tələb olunur. Yenə də mülki iş materiallarında olan Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin məxaric xəzinə orderlərindən görünür ki, 17 iyun 2016-cı il tarixdə Bələdiyyənin hesabından "Kapital Bankdan" adı ilə 420 manat, 12 iyul 2016-cı il tarixdə Bələdiyyə hesabından "Çek № 715680" adı ilə 1425,68 manat, 16 iyun 2017-ci il tarixdə Bələdiyyənin hesabından "Torpaq pulu qaytarılır" adı ilə 2370 manat, 19 dekabr 2018-ci il tarixdə Bələdiyyənin hesabından "təsərrüfat xərcləri" adı ilə 1400 manat, 30 dekabr 2019-cu il tarixdə "bələdiyyənin daxili xərcləri üçün" adı ilə 3000 manat vəsait çıxarmışdır. Bundan əlavə 17 iyun 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 71.68 manat, 12 iyul 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 110 manat, 29 iyul 2016-cı il tarixdə "İnternetə ödənilib" adı ilə 200 manat, 16 iyun 2017-ci il tarixdə "Azərselə ödənilib" adı ilə 43 manat, 16 iyun 2017-ci il tarixdə "Dizel yanacağı alınıb" adı ilə 345.80 manat, 16 iyun 2017-ci il tarixdə "Telefoninternet ödənişinə" adı ilə 46 manat, 19 dekabr 2018-ci il tarixdə "yanacaq alınması" adı ilə 536.20 manat, 19 dekabr 2018-ci il tarixdə "Telefon-internet ödənişinə" adı ilə 45.20 manat, 30 dekabr 2019-cu il tarixdə "yanacaq alınması" adı ilə 984.00 manat; 30 dekabr 2019-cu il tarıxdə "telefon-internet xərcləri " adı ilə 201.40 manat, 30 dekabr 2019-cu il tarixdə "Notariat kontoruna rüsum və DƏDRX-yə rüsum" adı ilə 99 manat, 30 dekabr 2019-cu il tarixdə "Kadastr və yer quruluşuna ödəniş" adı ilə 1302 manat maliyyə vəsaitləri çıxarılmışdır. İş materiallarında olan Şamaxı rayonu Dəmirçi Bələdiyyəsində 2016-cı il və 2017-ci il üzrə aparılmış müstəqil auditorun hesabatlarından görünür ki, audit olunan dövrdə istifadə olunan kassa mədaxil orderləri ciddi hesabat blankları olmaqla mədaxil və məxaric xəzinə orderlərinin qeydiyyat kitabı aparılmamışdır. Daxili nəzarət sistemi qurulmadığından görülmüş işlərin ilkin sənədləşdirilməsi aparılmamış, yalnız akt tərtib edilmişdir. Bununla da, xərclərin düzgünlüyünü aşkar etmək mümkün olmamışdır. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/736 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Tədqiq edilən 1994-cu il buraxılışlı “VAZ 21213” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 4400,0 (5500,0 m - 20%) manat, avtomobilin qalıq qiyməti 1100,0 manat təşkil edir. Yenə də mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 9/4225 nömrəli ekspert rəyindən görünür ki, bələdiyyə büdcəsindən götürülən vəsaitin mövcud qaydalara uyğun olub-olmamasının müəyyən edilməsi və həmin vəsaitin təyinatına uyğun xərclənib-xərclənməməsi üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmamışdır. Həmçinin təqdim edilmiş iş materiallarında Dəmirçi bələdiyyəsinin xəzinə kitabı öz əksini tapmışdır, həmin kitabda xx.xx.2016-cı il tarixdən -xx.xx.2020-ci il tarixədək 12751,36 manat məbləğində vəsaitin məxaric olunması qeyd olunmuşdur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-531/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh iddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin xeyrinə iş materiallarında olan kassa məxaric orderlərinə əsasən hesablanmış 4196,08 manat məbləğində pul tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 2016-cı ilin yanvarından 2020-ci ilin yanvarınadək Şamaxı rayonu X2 vəzifəsində işləmişdir. Həmin vəzifəyə 01 yanvar 2020-ci ildə X1. Bundan sonra, Şamaxı rayonu Dəmirçi Bələdiyyəsi cavabdehin vəzifədə olduğu illərdə 2016-2019-cu illəri əhatə edən dövrdə, müxtəlif vaxtlarda bələdiyyənin hesabından maliyyə vəsaitlərinin çıxarılması, lakin həmin vəsaitlərin təyinatı barədə heç bir sənədləşmə aparılmaması və digər əsaslarla yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi yaranmış mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya kollegiyası hazırkı mübahisə ilə əlaqədar aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya kollegiyası sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edərək qeyd edir ki, yaranmış mübahisənin hərtərəfli tam və obyektiv həll edilməsi baxımından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin rəydə mövcud sənədlər əsasında ekspert tərəfindən bələdiyyə büdcəsindən götürülən vəsaitin qaydalara uyğun olubolmamasının müəyyən edilməsi və həmin vəsaitin təyinatına uyğun xərclənib-xərclənməməsi üzrə tam və hərtərəfli tədqiqat aparmağın qeyri-mümkün olması qeyd olunmuşdur. Bununla belə kollegiya qeyd edir ki, iş materiallarında mövcud olan və 2016-2019-cu illəri əhatə edən dövrdə, yuxarıda qeyd olunan konkret müddətlərdə bələdiyyənin hesabından maliyyə vəsaitlərinin çıxarılması barədə kassa məxaric orderlərində əks olunan, ümumi məbləği 4196,08 manat təşkil edən vəsaitin təyinatı, yəni hansı məqsədlər üçün istifadə edilməsinin sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda, o bu barədə məhkəməyə əsaslı şübhələrdən kənar, legitim sübut təqdim edə bilməmişdir. Apellyasiya kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan kassa məxaric orderlərində qeyd olunan ümumi məbləği 4196,08 manat təşkil edən vəsaitin xərcləndiyi dövr məhz cavabdehin vəzifədə olduğu müddəti əhatə etdiyindən, bu barədə sübut məhz cavabdeh tərəfindən təqdim edilməlidir. Belə olan halda apellyasiya kollegiyası qeyd edir ki, həmin məbləğ Cavabdeh tutularaq Şamaxı rayon Dəmirçi Bələdiyyəsinə ödənilməlidir. İddia tələbinin bələdiyyəyə məxsus olan VAZ-21213 minik markalı, ** AA *** Dövlət qeydiyyat nömrəli, “Niva” markalı avtomaşına aid hissəsində isə kollegiya qeyd edir ki, iddiaçı Şamaxı Rayon X2 X4 özü də izahatında həmin avtonəqliyyat vasitəsinin cavabdeh tərəfindən istifadə edilmədiyini etiraf etdiyindən, habelə avtonəqliyyat vasitəsinin istismar müddətini başa vurması səbəbindən, bir sözlə həmin nəqliyyat vasitəsinin hal-hazırda istismara yararsız olmasında, yaxud onun müxtəlif detallarının dəyişdirilməsində, çıxarılmasında, cavabdehin hər hansı təqsiri sübuta yetirilmədiyindən, həmin hissədə iddia təmin edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, cavabdeh bütün hallarda onun tərəfindən dəymiş maddi zərərin əvəzini iddiaçıya ödəməlidir və mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğundur. Lakin məhkəmə dəymiş zərərin məbləğini düzgün müəyyən etməmişdir. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, həmin dəlillərə dair məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. İddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsi isə apellyasiya şikayətinin dəlillərini qismən sübut edə bilmişdir, lakin həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qətnamə ilə qət edilən məbləğ beş min manatdan az olduğundan qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz, mübahisələndirilən hissədə iddianın qiyməti 5 min manatdan yuxarı olduğundan iddiaçı Şamaxı Rayonu Dəmirçi Bələdiyyəsinin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Şamaxı Rayonu Dəmirçi Bələdiyyəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)- 531/2021 nömrəli qətnaməsi dəyişdirilsin. 4196,08 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, iddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin hesabına köçürülsün. Qətnamə iddia tələbinin təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı Şamaxı Rayonu Dəmirçi Bələdiyyəsinə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar