Məhkəmə qərarları › İş №2(105)-2961/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2961/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2961/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə borcun tutulması tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(060)-506/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(060)-506/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 1539 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(060)-506/2021 saylı qətnaməsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4676,51 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 4676.51 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apelyasiya şikayətini onunla əsaslandırdı ki, qətnamədə qeyd edilmişdir ki, “Məmmədov Bəhmən Əlösət oğlu vəfat etdikdən sonra onun əmək haqqı kartından Cavabdeh3 tərəfindən 1539 manat məbləğində pul çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh3 1539 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.” Mülki Məcəllədə vərəsəliklə bağlı nəzərdə tutulmuş maddi hüquq normalarının tələbinə görə, miras əmlaka miras aktivi və miras passivinin toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay və ya onun dəyəri daxildir. Miras o zaman qəbul edilmiş sayılır ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə versin və ya əmlaka sahiblik və idarə etməyə faktik olaraq başlamış olsun. Əgər vərəsə mirası qəbul etdiyini şəksiz nümayiş etdirirsə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır ki, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə qanunla yol verilmir. Qanunvericiliyin tələbinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 -ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşin faktiki hallarından göründüyü kimi 04 iyul 2015-ci ildə vəfat etmiş X10 Əlösət oğlundan miras qalmış əmlaklar notarius tərəfindən siyahıya alınmamışdır. Qanunvericiliyin tələbi baxımından Cavabdeh3 mərhumdan miras qalmış pul vəsaitini qəbul etdiyindən Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən hesab edilməlidir ki, mirasın nədə ifadə edilməsindən və harada oİmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. X10 Əlösət oğlundan miras qalmış bütün əmlak hazırda notarius tərəfindən siyahıya alınmadığından Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən cavabdeh mərhumdan miras almış bütün əmlakın onun İddiaçı ASC-yə olan borcundan az oİduğunu sübuta yetirməlidir. Mülki iş materialları ilə də müəyyən olunduğu kimi məhkəmə iddianı qismən təmin etsə də, X10 Əlösət oğlunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakın dairəsi barədə hər hansı araşdırma aparmamış, cavabdehin həmin əmlakları faktik olaraq sahiblik və idarə edib-etməməsinə hüquqi qiymət verməmiş, cavabdeh mərhumun digər əmlakının olmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, nəticədə obyektiv araşdırma aparılmadan əsassız olaraq iddia mirasın bir hissəsinə münasibətdə təmin edilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(060)-506/2021 saylı qətnaməsininin ləğv edilməsini, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə əsas borc üzrə 4676.51 (dörd min altı yüz yetmiş altı manat 51 qəpik) manat borcun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən - Cavabdeh3 1539 manat əsas borcun tutulması hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh3 qarşı hissədə tam təmin edilməli, qətnamə digər cavabdehlərə dair iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sumqayıt filialı ilə X6 arasında bağlanmış 22.09.2014-cü il tarixli, 110-22.09.2014-SM14 saylı kredit müqaviləsinə əsasən Məmmədov Bəhmən Əlösət oğluna 36 ay müddətinə illik 22 % dərəcəsi ilə hesablanmaqla, 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 və Cavabdeh2 arasında 22.09.2014-cü il tarixli, 110-22.09.2014-SM14 saylı zaminlik müqavilələri imzalanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04.07.2015-ci il tarixdə ağ ciyər ödemi səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan 21.08.2020-ci il tarixli, 20/844 saylı arayışdan görünür ki, X2 banka 4676.51 manat əsas borcu vardır. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan iş materiallarına istinadən iddianı Cavabdeh3 dair hissədə qismən təmin etmiş, digər cavabdehlərə-zaminlərə dair hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dair hissədə iddianın təminedilməməsi ilə bağlı birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayır. Belə ki, iş materiallarında olan zaminlik müqaviləsinin 13.2-ci bəndində göstərilmişdir ki, borclu kreditor ilə bağladığı 22.09.2014-cü il tarixli, 110-22.09.2014 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək qüvvədə olur. İş materiallarından isə görünür ki, əsas borclu X6 04.07.2015-ci il tarixdə vəfat etməsinə və kredit müqaviləsinin müddəti 22.09.2017-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı qeyd olunan normaların tələblərini pozaraq, 01.09.2020-ci il tarixdə zaminlərə qarşı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, kredit müqaviləsinin müddəti 22.09.2017-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı bank zaminlərə qarşı məhkəməyə müraciət edərkən müəyyən edilmiş bir illik müddəti ötürməklə 01.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin etməməkdə haqlı olmuşdur və bu səbəbdən qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Lakin məhkəmə iddia tələbinin cavadbeh Cavabdeh3 münasibətdə qismən təmin edilməsi barədə gəldiyi nəticəni əsaslı saymır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məmmədov Bəhmən Əlösət oğlu vəfat etdikdən sonra onun əmək haqqı kartından Cavabdeh3 tərəfindən 1539 manat məbləğində pul çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh3 1539 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan 21.08.2020-ci il tarixli, 20/844 saylı arayışdan görünür ki, X2 banka 4676.51 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdeh X1 yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə kolllgiyası qeyd edir ki, hazırda işdən müəyyən edilir ki, cavabdeh X6 ölmüşdür. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Nikah evi tərəfindən verilmiş nikah haqqında akt qeydinin surətindən görünür ki, X4 ilə X5 arasında 08.11.2001-ci il tarixdə 898 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış 05.08.2015-ci il tarixli görüş protokolunun surətindən görünür ki, borcalan Məmmədov Bəhmən Əlösət oğlu 04 iyul 2015-cil tarixdə ölmüşdür. Bununla əlaqədar olaraq borcalanın həyat yoldaşı Cavabdeh3 ailə vəziyyətinin pis olması və ərinin dəfn xərclərini qarşılaya bilməsi üçün borcalanın əmək haqqı kartının (avqust ayının ödənişi tutulduqdan sonra) blokdan açılmağını xahiş etmiş, borcalanın arvadı Cavabdeh3 krediti hər ayın 22- sindən gec olmayaraq (sonuncu ödəniş tarixi 22 sentyabr 2017 ci il) ödəyəcəyinə söz vermişdir. Ödəniş olunmayacaq halda isə bank Sumqayıt şəhər Məhkəməsinə borcun zaminlərin əmlakına yönəldilməsi üçün iddia ərizəsi ilə müraciət edəcəkdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 21/590 nömrəli, 01.06.2021-ci il tarixli arayışdan görünür ki, borcalan Məmmədov Bəhmən Əlösət oğlunun vəfat tarixindən sonra əmək haqqı kartı üzrə məxaric əməliyyatları üzrə ümumi məbləğ 1539 manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Birinci instansiya məhkəməsi borcalan X10 Əlösət oğlundan cəmi 1539 manat məbləğində əmək haqqının Cavabdeh3 tərəfindən qəbul edilməsi səbəbindən mərhumun vərəsəsinin ona qalan miras həcmində bank qarşısında cavabdeh olmasını müəyyən edərək iddianı qismən təmin etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan pozuntuları qətnamənin ləğvi üçün əsas hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbinə iddia həddində hüquqi qiymət verilməklə iddia tələbi Cavabdeh3 dair hissədə tam təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normasından göründüyü kimi vərəsə miras qoyanın öldüyü məqamədək malik olduğu həm aktiv, həm də passiv əmlaka vərəsəsidir. Yəni, Cavabdeh3 tərəfindən qəbul edimiş miras kütləsi qeyri-müəyyən olduğundan mirasın yalnız 1539 manat həcmində müəyyən edilməsi ağlabatan deyildir. Eyni zamanda Cavabdeh3 tərəfindən mirasın qəbul edilməsi nəzərə alınarsa, onun Məmmədov Bəhmən Əlösət oğlunun bank qarşısında olan öhdəliklərinin də tam həcmdə qəbul edilməli olması müəyyən edilməlidir. Belə olan halda, kredit müqaviləsi üzrə borcalan X10 Əlösət oğlunun vərəsəsi olan şəxs onun bank qarşısında olan borcuna da cavabdehdir. Yəni, X10 Əlösət oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Çünki iddiaçı ilə X10 Əlösət oğlu arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Məmmədov Bəhmən Əlösət oğlunun banka 4676,51 manat borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Məmmədov Bəhmən Əlösət oğlu vəfat etdiyindən, onun hüquqi varisi Cavabdeh3 müəyyən edildiyindən Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən bankın tələbi üzrə cavabdeh Cavabdeh3dır və belə olan halda, tələb olunan borc ondan tutulmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 bankın tələb etdiyi borc məbləği tam həcmdə, 4676.51 manat tutulmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı bank tərəfindən iddia ərizəsi verilərkən 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı da Cavabdeh3 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(060)- 506/2021 saylı qətnaməsi qismən, Cavabdeh3 1539 manat əsas borcun tutulması hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh3 qarşı hissədə tam təmin edilməli, Cavabdeh3 4676,51 manat əsas borc tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, qətnamə digər cavabdehlərə dair iddianın təmin edilməməsi və Cavabdeh3 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apelyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(060)-506/2021 saylı qətnaməsi qismən, Cavabdeh3 1539 manat əsas borcun tutulması hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh3 qarşı hissədə tam təmin edilsin. Cavabdeh3 4676,51 manat əsas borc tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar