Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-297/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5799/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5799/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 971,17 manat əsas, 70,18 manat faiz, 20 manat cərimə, 8,40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri üzrə 5,50 manat, ümumilikdə 1075.25 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1095,25 manat məbləğində kredit borcunun iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət olunmuşdur. (hakim A.İsmayılovı) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2016-cı il tarixli, 2(060)-8239/2016 saylı məhkəmə əmrinə əsasən Cavabdeh kreditor «X1 Azərbaycan» QSC-nin xeyrinə 971,17 manat əsas, 70,18 manat faiz, 236,98 manat cərimə, 8,40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri 5,50 manat, cəmi 1292,23 (bir min iki yüz doxsan iki manat, iyirmi üç qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh qeyd olunan məhkəmə əmrindən etiraz ərizəsi vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2021-cı il tarixli, 2(060)-8239/2016 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı «X1» QSC arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Müqavilənin 2-ci maddəsinə əsasən Kreditor borcluya cari hesab açmağı, açılış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(lar)ı ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə müvafiq olaraq borcluya bu əməliyyatların aparılması üçün kredit kartı verilmişdir. Lakin borclu üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borclu öz borcunu ödəmir. Borclunun kreditora əsas borc, faiz borcu və digər xərclər üzrə ümumi borcu mövcuddur. Bu borc günbəgün artır və kreditora zərər vurur, borclunun öhdəliyini isə artırır. Hazırda borculunun «X1» QSC-nə 971,17 manat əsas, 70,18 manat faiz, 236,98 manat cərimə, 8,40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri 5,50 manat olmaqla, cəmi 1292,23 manat borcu vardır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, qəbul edilmiş qətnamə MPM-nin 372.1, 372.7, 385.1.1, 385.1.4, 386-ci maddələrinin tələbləri pozulmaqla çıxarıldığından ləğv edilməli, ona qarşı qaldırılmış iddia təmin edilməməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, buna baxmayaraq tərəflərin heç biri məhkəmə iclasında təkrar iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası məhkəmə iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı «X1» QSC arasında 08.11.2012-ci il tarixdə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında «Qarışıq Müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 1100 manat məbləğində kredit limiti ayrılmışdır. Yenə iş materiallarında olan bildiriş-xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-yə olan borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. Yenə də iş materiallarına əlavə edilmiş 29.04.2016-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-yə 971,17 manat əsas, 70,18 manat faiz, 236,98 manat cərimə, 8,40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc , bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri üzrə 5,50 manat ümumilikdə 1292,23 manat kredit borcu vardır MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5799/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı bankdan istehlak məqsədilə kredit almaq məqsədilə iddiaçı bankla 08.11.2012-ci il tarixdə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında «Qarışıq Müqavilə» imzlamış və onun üçün 1100 manatlıq kredit limiti ayrılmışdır. Kredit kartı vasitəsilə bu kreditdən istifadə olunsa da, xəbərdarlıq edilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 971,17 manat əsas borcu, 70,18 manat faiz borcu, 20 manat cərimə borcu(birinci instansiya məhkəməsi tərəfindən azaldılmışdır), 8,40 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, bildiriş və pretenziyaların göndərilməsi üzrə poçt xidməti xərcləri üzrə 5,50 manat borcu olmaqla, ümumilikdə 1075.25 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, habelə maliyyə arayışı ilə təsdiq olunur. Cavabdeh isə banka kredit borcunun olmaması və ya daha da az olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5799/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-297/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-297/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver