Məhkəmə qərarları › İş №2(105)-2971/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2971/2021

02.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2971/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı-nin nümayəndə və vəkili X2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə dair ilk, Cavabdeh2 cavabdeh İddiaçı-nə qarşı mülkiyyət hüququnun tanınması və ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh2 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Vüqar Seyidov) Qətnamədən ilk iddia üzrə Cavabdeh2 Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsinin ilkin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh1 qarşı xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, Cavabdeh1 əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-yə qarşı mülkiyyət hüququnun tanınması və ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş olduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi və ilkin iddia üzrə tələblərin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək iddiaçının apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ilkin iddia üzrə iddiaçı olan "Fərid” Kiçik Müəssisəsi MMC-nin mərhum sədri Paşa Ağayevlə qabaqcadan tanışlığı olmuş, o, səhmdarı olduğu "Quba Nəqliyyat” ATSC-nin (keçmiş Quba avtobazası) «Paz» markalı avtobusunda sürücü kimi Quba-Dərbənd (Rusiya Fedarasiyası) marşrutunda işlədiyi dövrdə təxminən 1995-2000-ci illərdə Dərbənd şəhərindən ərzaq və qeyri-ərzaq məhsullarını daşımaqla İddiaçı-də fəaliyyət göstərən sahibkarların tələbatlarını ödəmişdir. 1999-cu ildə Paşa Ağayev ona müraciət edərək oğlu Fərruxun bir türk vətəndaşına külli miqdarda borcu olması səbəbindən barəsində cinayət işinin açılması və axtarışa verilməsini, məsuliyyətindən azad olunması üçün dələduzluq yolu ilə mənimsənilən pulun qaytarılmasına köməklik göstərilməsi məqsədilə müəssisənin mülkiyyətində olan yarımçıq tikilini almağını xahiş etmişdir. Lakin o, ehtiyacı olmadığını bildirərək təklifi qəbul etməyib. Lakin sonradan mərhum Paşa Ağayev yaşadığı evə gələrək oğlunun borcunun qaytarılmasına kömək etməsinə dair xahişlərini nəzərə alıb yarımçıq tikili olan 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasını (yarımçıq tikilini) almaq üçün razılığa gəlmişdir. Beləliklə onlar notariat kontoruna müraciət etmiş və yarımçıq tikilinin dəyəri 800.000 AZN məbləğində pulu ödəməklə 30.12.1999-cu il tarixdə Quba rayon Notariat kontorunda "Fərid” Kiçik Müəssisəsi MMC-nin sədri mərhum Paşa Ağayevlə ilə alğı-satqı müqaviləsini bağlamşlar. Bununla yanaşı 30 dekabr 1999-cu il tarixdə mərhum Paşa Ağayevlə əlavə müqavilə bağlamışlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən "Fərid” Kiçik Müəssisəsi MMC-nin ərazisində inşa edəcəyi tikilinin şəxsi əmlakı sayılması, lakin tikinti üçün ayrılmış 24 kv.m sahə müəssisənin torpaq sahəsi ilə ümumi balansında olması səbəbi ilə bölünməz olaraq qalması, mağazanın yerləşdiyi 24 kv.m torpaq sahəsinə görə ildə torpaq vergisinin nağd olaraq tərəfindən müəssisənin kassasına köçürülməsi öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin sonrakı bəndlərində inşa olunmuş tikintidə elektrik enerjisindən istifadə etdiyi halda sayğac üzrə sərfiyyat məbləğini müəssisənin hesabına köçürməyi, torpaq sahəsindən istifadə etdiyi halda müvafiq rüsum ödəməli olduğu, sanitar gigiyena, yanğından mühafizə qaydalarına əməl etməyi öhdəsinə götürmüşdür. Bağlanılan müqavilədə tikili sahibi kimi qeyd edilməyi isə obyektin onun tərəfindən tikiləcəyini sübut edir. Keçən müddət ərzində müqavilə üzrə öhdəliklərini icra etmiş və İddiaçı-nin ********** VÖEN hesabına müqavilə üzrə payına düşən ödənişləri (24 kv.m torpaq sahəsinə, zibillərin daşınmasına və sair xidmətlərə) həyata keçirmişdir. Mağazanı tikib başa çatdırdıqdan sonra mərhum Paşa Ağayev ona satılan mağaza binasına dair sənədləri hazırlayıb təqdim etmişdir. Həmin sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 12.12.2012-ci il tarixində verilmiş lisenziya əsasında "Bakı Torpaq" layihə smeta bürosunun təsdiq etdiyi layihə, obyektin yerləşdiyi sahənin elektron çəklişi, mağazanın plan-layihəsi təqdim edilmişdir. Bundan başqa 12 iyul 2010-cu il tarixli etibarnamə ilə ona məxsus olan həmin mağazanı X7 iki il müddətinə təyinatı üzrə istifadəsinə vermişdir. Lakin Fərrux vərəsəlik qaydasında "Fərid” Kiçik Müəssisəsi MMCnin mülkiyyətçisi (sahibi) olduqdan sonra mağazaya gələn işiğı kəsmiş, giriş-çıxış qapısının ağzına tikinti materialları yığaraq, sonra isə icarəyə verməklə fəaliyyətinə maneələr yaratması səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, VÖEN hesabını bağlamışdır. Mülkiyyət hüququnun pozulması səbəbindən 30.12.1999-cu il tarixli müqaviləyə uyğun müəyyən olunan şərtləri pozması səbəbindən əvvəlcə razılığa gəlmək üçün təkliflər etmişdir. Təklifi ondan ibarət olub ki, ona satılan və mülkiyyəti olan 24 kv.m həcmdə mağazanın əvəzinə Quba şəhərinin istənilən ərazisindən mağaza alınıb mülkiyyətinə verilməsi və yaxud dəyərinin müəyyənləşdirib ödənilməsi olmuşdur. X11 mağazanın dəyərini tələb etdiyi 18000 (on səkkiz min) manat əvəzinə 12000 (on iki min) manat ödəməyə razılaşmış, sonradan həmin razılığı da pozmuş, 12000 manat pulu də ödəməyə imtina etdikdən sonra aidiyyatı qurumalara şikayətlər etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mağazanın dövlət qeydiyyatına alınmasının cavabdeh DƏDRX-nin vəzifəli şəxslərinin üzərinə qoyulması tələbi təmin edilməmişdir. Səbəb isə mağazanın onun xəbəri olmadan qanunsuz İddiaçınin balansına keçirilməsi olmuşdur. Həmçinin notariat qaydasında aralarında bağlanılmış müqavilənin arxiv sənədinin - reyestr kitabının arxivə təhvil verilməməsi müəyyən olunsa da həmin məhkəmə qərarlarında alğı-satqı müqaviləsinin qanuniliyi müəyyən olunmuşdur. Fərrux Ağayev iddia ərizəsində bildirir ki, alğı-satqı müqaviləsindən və İddiaçı-nin hesabına köçürülmüş vəsaitlərdən xəbəri yoxdur, digər tərəfdən qeyd edir ki, razılığa gələ bilməmişlər. Apellyasiya qaydasında işə cəlb edilən "Fərid” Kiçik Müəssisəsi MMC-nin sahibi öz dələduzluq hərəkətinin mülki qaydada baxılması zamanı xüsusi qərardad qəbul edilmədən cəzasız qalması səbəbindən sui-istifadə edərək ona qarşı icarə haqqının ödənilməsi və mülkiyyəti olan mağaza binasından çıxarılmağı barədə qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsassızdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilkin İddiaçı-nin nümayəndə və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, cavabdeh-qarşılıqlı iddiaçının apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, ona ilkin olaraq verilmiş mağaza binası başqa yerdə olmuş, sonradan isə başqa yerdə mağaza binası verilmişdir. Həmin mağazanı da 2015-ci ilə kimi işlətmişdir. Aylıq gəliri isə həmin tarixə kimi ən azı 1000 manat olmuş, lakin 2015-ci ildən mağazanı işlədə bilməmiş, hazırda da mağaza onun sahibliyindədir. Cavabdeh2 zəbt etdiyi hazırkı mağaza ilə onun iddia etdiyi kimi ilkin olaraq 1999-cu ildə verilmiş mağaza eyni mağaza deyildir. Bu faktı özü izahatında da bildirmişdir. Cavabdehin iddia etdiyi mağazanı alması barədə alğı-satqı müqaviləsinə isə məhkəmələr qiymət vermiş, ən son Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-l679/2020 saylı, 26.08.2020-ci il tarixli qərarı ilə iş üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-53/2019 saylı, 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda cavabdehin 2000-ci ildən qanunsuz olaraq İddiaçı Kiçik Müəssisəsinə mülkiyyət hüququ ilə məxsus mağazanı zəbt etməsi öz təsdiqini tapmışdır. Bundan əlavə cavabdeh özü özlüyündə də zəbt etdiyi sahəni qanunsuz olaraq istifadə etdiyini, istifadəyə görə İddiaçıyə icarə haqqı ödəmədiyini özü də bilir. Belə ki, cavabdehin iddia etdiyi kimi özü başqa yerdə tikmişdirsə, İddiaçı-nin əvvəlki direktoru Paşa Ağayev həmin ərazini ona satmışdırsa, sonradan həmin mağaza söküldükdən sonra ona başqa yerdə mağaza verilirsə, necə ola bilər ki, 1999-cu ildə bağlanılmış müqaviləyə istinad edərək sonradan köçdüyü mağazaya iddia etsin. Beləliklə Cavabdeh2 özü mağazanı qanunsuz olaraq zəbt etdiyini, istifadə etdiyini, hal-hazırda isə qapısına qıfıl vuraraq saxladığını məhkəmə iclasında özünün izahatı və iş materialları ilə təsdiq etmişdir. Ona görə də Cavabdeh2 iddiaçıya məxsus Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10.07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı Çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi kimi müəssisənin 24 kv.m hissəsədən ibarət mağazasını qanunsuz olaraq zəbt etdiyi, hal-hazıra kimi qapısına qıfıl vuraraq mülkiyyət hüququndan məhrum etməsi öz təsdiqini tapır. Belə olan halda İddiaçı-nin fəaliyyəti mağazaları icarəyə verərək oradan gəlir əldə etməkdir. İddia ərizəsinə və məhkəməyə təqdim edilmiş sübutlardan, iş üzrə inzibati qaydada baxılan işlər üzrə çıxarılan qərarlardan göründüyü kimi “Fərid" Kiçik Müəssisəsi MMC mülkiyyət hüququ üzrə müəssisəyə məxsus mağazaları kvadrat metrini 4 manatdan olmaqla aylıq icarəyə verir. Cavabdeh də İddiaçı-nin mülkiyyətində olan 24 kv.metrlik mağazanı uzun illərdir qanunsuz, heç bir icarə haqqı vermədən istifadə etdiyi üçün cavabdehin qanunsuz olaraq tutduğu müəssisəyə məxsus 24 kv.m sahəsi olan mağazaya görə cavabdeh əslində 24 kv.m x 4 manat aylıq 96 manat olmaqla, bir illik 96mxl2 ay, yəni 1152 manat məbləğində icarə haqqı ödəməli, cavabdehin mağazanı 2000ci ildən istifadə etməsini nəzərə alsaq 1152 manat 20 ilə 23040 manat edir. Lakin yenə də humanistlik edərək əldən çıxmış fayda 5 illik hesablandıqda 1152 manat 5 il ərzində 5760 manat edir. İddiaçı beş il ərzində həmin gəlirdən məhrum olmuşdur. Məhkəmə isə iddianı həmin hissədə təmin etməli olduğu halda, iddianın təmin edilməməsi üçün heç bir əsas olmadan iş üzrə kifayət qədər aydın və əsaslı sübutlar olduğu halda iddianı həmin hissədə təmin etməmişdir. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsinin ilkin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilnümayəndəsinin, cavabehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10.07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı Çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən ümumi sahəsi 2454,4 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı Kiçik müəssiəsinin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbycan Respublikası Vergilər Nazirliyi yanında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Kiçik Müəssiəsi MMC-nin qanuni təmsilçisi X8r. İş materiallarında olan qeyri-yaşayış sahəsinin texniki-pasportundan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı kiçik müəssəsi MMC-nin tikinti altı sahəsi 2866,7 kv.m, ümumi sahəsi 2517,1 kv.m sahəsi, əsas 2517,1 kv.m-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş huquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mulkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mulkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə də hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Huquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnrot İsveçə qarşı» işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Müəyyən olunmuşdur ki, Quba rayon XDS Rəyasət heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 saylı qərarına əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “X9 ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 111 saylı qeydiyyyat va vəsiqəsinə əsasən isə qeyd olunan ticarət və ictimai və ictimai iaşə binaları, həmçinin iddiaçının 30.12.1999-cu il tarixli, alğı-satqı müqaviləsinə əsasən satın aldığı 24 kv.metrlik yarımçıq tikili 15 fevral 2000-ci il tarixdə “X6 adına qeydiyyatdan keçmişdir. Sonradan həmin ticarət yarmarkası “X6 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, ilk iddia Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılma hissəsində təmin olunmalıdır. Bundan başqa ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsini tələb edir. «Əfsər Türkiyəyə qarşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kfayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilənlərə əsasən iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, ilk iddia Cavabdeh1 əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsi hissəsində təmin olunmamalıdır. Bundan başqa iş materiallarında olan 30.12.1999-cu il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 Quba şəhəri, 22-ci məhəllədə yerləşən 24 kv.metrlik yarımçıq tikilini 240.000 manata X1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1679/2020 saylı, 26.08.2020-ci il tarixli qərarından görünür ki, iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2019 saylı, 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1679/2020 saylı, 26.08.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada 30 dekabr 1999-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etdiyini bildirib hüququn qeydə alınmasını xahiş etmiş, həmin alğı-satqı müqaviləsinin predmeti olan 24 kv.m yarımçıq tikilinin müqaviləyə qədər satıcının mülkiyyətində olması, daşınmaz əmlakın reyestrində qeydə alınması sübuta yetirilməmiş, Cavabdeh1 tikilinin yerləşdiyi torpaq sahəsinin planı və ölçüsünü məhkəməyə təqdim edə bilməmişdir. Həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2019 saylı, 21 may 2020-ci il tarixli qərarı (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 8 noyabr 2018-ci il tarixli qərarının (iddianın Quba şəhəri, 22-ci məhəllədə 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması hissəsində mümkün sayılmaması) dəyişdirilmədən saxlanılması) dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 mağaza binasına onun mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı məsələyə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-1(102)-1679/2020 saylı qərarında qiymət verildiyindən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş olduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumun alınıb verilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılmalı, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, apelyantlar apellyasiya şikayətlərini əsaslandıra bilməmiş, məhkəmə qətnaməsinin ləğv olunması üçün hər hansı bir sübut təqdim edə bilməmişlər. Onların dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, , 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar