Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2972/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı “xxxxxxxx” ASC-nin (“xxxxxx” İKB ASC-nin) nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətlərə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “xxxxxx” İKB ASC Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq onlardan müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 8728,65 ABŞdolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmişdir. Qətnamədən cavabdehlər apelyasiya şikayəti vermiş, eyni zamanda bunun üçün qanunla nəzərdə tutulmuş və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx xxx 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi barədə cavabdehlərin ərizələri rədd edilmişdir. (hakim A.İsmayılov) Qərardaddan narazı qalan cavabdehlər ondan şikayətlər verərək, onun ləğv edilməsini və xx xxx 2017-ci il tarixli qətnamədən apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi barədə ərizələrinin təmin edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməyərək mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər şikayət ərizəsini onunla əsaslandırmışlar ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, qətnamə onlara rəsmi qaydada 2020-ci ilin avqust ayında təqdim edilmişdir və ondan vaxtında apelyasiya şikayətləri vermişlər. Qətnamənin mövcudluğundan icra məmurlarının vasitəsilə xəbər tutmuş və rəsmi müraciət etməklə məhkəmədən onu əldə etmişlər. Məhkəmə qətnaməsinin guya 2017-ci ildə onlara təqdim edilməsi həqiqəti əks etdirmir, poçt qəbzindəki imzaların kimə məxsus olması onlara məlum deyildir. Bu hallara düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, buraxılmış müddət bərpa edilməli və qətnamədən verilmiş şikayət apelyasiya baxışına göndərilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və vəkili və nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh2 əlavə etdi ki, o, uzun illər o, qeydiyyatda olduğu evdə deyil, Sumqayıt şəhəri, 20ci mkr. ərazisindəki fərdi yaşayış evində yaşayır və bu səbəbdən də onun 2017-ci ildə poçt qəbzini imzalaması və qeydiyyat ünvanına göndərilmiş qətnaməni qəbul etməsi mümkün ola bilməz. İddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında şikayətlərə etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, cavabdehlərin hazırki hərəkətləri qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının yubadılmasına xidmət edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan (i.v. 32 və 33) poçt xəbərnamələrindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 və Cavabdeh1 tərəfindən xx xxxx 2017-ci il tarixdə imzalanmaqla alınmışdır. Cavabdehlərin apelyasiya şikayətlərindən görünür ki, onların qətnamədən verdikləri apelyasiya şikayətləri xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş və məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayətlər təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6376/2017 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6376/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinin surəti xx xxx 2017-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. İş materaillarının 32 və 33-cü səhifəsində olan xəbərnamələrdən görünür ki, qətnaməni Cavabdeh2 və Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə imzalamaqla almışdır. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinin mənasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilməklə çatdırıla bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə xx xxxx 2017-ci il tarixdə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdehlər tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin təqdim edildiyi günün sabahı, yəni xx xxxx 2017-ci il tarixdən başlanmışdır. Lakin cavabdehlərin verdikləri şikayət xx xxxxxx 2020-ci tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsini aldıqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 3 il sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. X6 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehlərin şikayətlərində göstərdikləri dəlilləri əsassız hesab edir. Onların qətnaməni sonradan, yəni xx xxxx 2020-ci il tarixdə almaları və müddətin bu tarixdən hesablanmalı olması barədə dəlilləri əsassızdır və çünki, qətnamə onlar tərəfindən poçt vasitərilə 2017-ci ilin iyun ayında alınmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpa edilməsi barədə cavabdehlərin ərizələrini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlərin şikayətlər təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6376/2017 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2972/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2972/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver