Məhkəmə qərarları › İş №2(105)-2982/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2982/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2982/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-746/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı xx xxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilmiş 39130 manat vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-746/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. (hakim E.Məmmədov) Qərardaddan narazı qalan İddiaçı ondan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-746/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı (nümayəndəsi və vəkili) şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2020-ci il tarixli qərardadı əsassızdır. O, həmin tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Belə ki, həmin tarixdə o, X4 Məhkəməsində başqa məhkəmə işi ilə əlaqədar iclasda iştirak etmiş, bu səbəbdən də hazırkı iş üzrə məhkəmə iclasına gələ bilməmişdir. Bu hallar birinci instansiya məhkəməsində nəzərə alınmadığından və MPM-nin 259 və 260-cı maddələrinin tələbləri pozulduğundan qərardad ləğv olunmalı, işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) X2 şikayətə etirza etdi və onun rədd olunmasını xahiş etdi. İş üzrə İddiaçı, həmçinin onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı göndərilmiş məhkəmə bildirişi ünvandan köçmə səbəbilə geri qaytarılmışdır. Vəkil məhkəməyə teleqram göndədərərək digər məhkəmə işi ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini göstərmiş, mübahisəyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə İddiaçı, həmçinin onun vəkili və nümayəndəsi Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-746/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş və iddiaçı tərəfindən heç kəs məhkəmə iclasında iştirak etməmə səbəbindən iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixli qərardadla baxılmamış saxlanmışdır. Bundan sonra məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, işin baxılması müxtəlif tarixlərə, o cümlədən xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixinə, saat 12:20-ə təyin edilmiş, bu barədə İddiaçı ünvanına bildiriş göndərilmiş, lakin məhkəmə iclasında iddiaçı tərəf iştirak etməmişdir. AR MPM-nin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yenə də həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İşdən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş, cavabdeh isə mübahisənin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsi qanuni qərardad çıxarmışdır. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan normalar əsasında mülki işin materiallarını əlaqəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadının ləğv edilməsi üçün isə əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-746/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-746/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar