Məhkəmə qərarları › İş №2(105)-2982/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2982/2021

26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2982/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1597/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1597/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 3150 manat və çəkilən müalicə xərc üçün 1000 manat, cəmi 4150 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət nəfinə pulun tutulması qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 3250 manatın, ona qarşı törətdiyi cinayət əməlinə görə minimum əməkhaqqının 10 misli miqdarında- 2600 manatın, xəsarət yetirməsinə görə xəstəxanada xərclədiyi 2200 manatın, habelə son 2 ildə işin obyektiv araşdırması ilə əlaqədar vəkillərə və digər işlərin görülməsinə görə xərclədiyi 2400 manatın, cəmi 10450 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qarşı tərəfin izahatını əsas tutaraq ondan 3150 manat əsas borcun və 1000 manat müalicə xərcinin tutulmasını qət etmişdir. Bildirir ki, onun 2015-ci ildə iddiaçıya mal alveri ilə bağlı 3150 manat borcu olmuş, həmin pulu ödəmiş və ona 680 manat borcu qalmışdır. Lakin iddiaçı bunu bildiyi halda və pulu ondan aldığı halda yenidən həmin pulu tələb edir. İddiaçı ondan əlavə 1000 manat da müalicə xərci tələb edir. Halbuki müalicəyə qeyd etdiyi məbləğdə xərc çəkməsinə dair hər hansı sübut təqdim etməmişdir. Borc məbləği 2015-ci ildə yaranmasına baxmayaraq qarşı tərəf 6 il sonra ona qarşı iddia qaldırmışdır. Halbuki bu cür iddialar üzrə iddia müddəti 3 ildir. Məhkəmədə iştirak etmədiyindən bu barədə ərizə vermək imkanından məhrum olmuşdur və hazırda iddia müddətinin tətbiq olunmasını xahiş edir. AR Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əmlakla bağlı müqaviləsi tələbləri üzrə iddia müddəti 6 ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə başqa hal nəzərdə tutulmayıbsa iddia müddəti 3 ildir. Hesab edir ki, iddiaçı iddia tələbini iddia müddəti ötürülməklə qaldırmışdır. Faktiki olaraq o, iddiaçıya zərər vurmamış, iddiaçıdan borc pul almış, həmin pulu da qaytarmışdır. Lakin iddiaçı həmin pulu yenidən tələb edir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1597/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1597/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarından olan Abşeron Rayon Məhkəməsinin 1(012)-241/2018 saylı, 17.07.2018-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Qeyd edilən hökmdə olan Cavabdeh ifadəsindən müəyyən edilir ki, onun İddiaçı 3150 manat borcu olmuş, borcun əksər hissəsini ödəmiş, 680 manat borcu qalmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında borc pul barədə mübahisə yaranmış, iddiaçı cavabdehdən borclu olduğu pulu tələb edərkən cavabdehlə aralarında mübahisə yaranmış, cavabdeh ona müxtəlif bədən xəsarətləri yetirmiş, nəticədə iddiaçıya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş və məhkəmə hökmü ilə ona 1 il müddətinə islah işləri növündə cəza təyin etmişdir. Bundan sonra iddiaçı xəstəxanada müalicə olunmuşdur. Hazırda iddiaçı cavabdehin ona borclu olduğu pul məbləğini və çəkdiyi xərclərin əvəzini dəymiş maddi ziyan olaraq tələb edir. Abşeron Rayon Məhkəməsinin 1(012)-241/2018 saylı 17.07.2018-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki İddiaçı aldığı bədən xəsarəti ilə əlaqədar stasionar şəraitdə müalicələr almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcu 3150 manat məbləğində, yəni cavabdehin qeyd edilən hökmlə izahatına əsasən etiraf edildiyindən, lakin həmin məbləğin qaytarılması barədə hər hansı sübut təqdim edilmədiyindən, iddia borc məbləğində dair 3150 manat məbləğində sübut olunmuş hesab edilməli, bu hissədə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 3150 manat borca görə pul tutulmalıdır. Məhkəmə iddia tələbinin müalicə xərci olaraq 2200 manat hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu barədə hər hansı sübut təqdim etməsə də onun cavabdehin cinayət əməli nəticəsində sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi qüvvədə olan hökmlə müəyyən edildiyindən, nəticə etibarı ilə iddiaçının müalicə alması qaçılmazdır. Ona görə də məhkəmə hesab etmişdir ki, bu hissədə iddia qismən təmin edilməli, səhhətinin bərpası üçüm çəkilən müalicə xərcinin məbləği ağlabatan məbləğ olaraq 1000 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cinayət əməlinə görə minimum əmək haqqının 10 mislini təşkil edən 2600 manatın CPM-nin 190-cı maddəsinin tələbləri baxımından cavabdehdən onun xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Bu hissədə iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh dəymiş əsas borc üzrə 3150 manat və müalicə xərci olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, bununla da iddia qismən təmin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının dövlət rüsumu üçün ödənilməkdən azad edildiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən dövlət nəfinə tutulmalıdır. Beləliklə müəyyən edilmişdir ki, məhkəmə iddianı qismən təmin etmiş, Cavabdeh əsas borc üzrə 3150 manat və çəkilən müalicə xərc üçün 1000 manat, cəmi 4150 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət nəfinə pulun tutulması qət edilmişdir. Məhkəmə iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 21.1, 21.2, 21.3, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3250 manatın, ona qarşı törətdiyi cinayət əməlinə görə minimum əməkhaqqının 10 misli miqdarında- 2600 manatın, xəsarət yetirməsinə görə xəstəxanada xərclədiyi 2200 manatın, habelə son 2 ildə işin obyektiv araşdırması ilə əlaqədar vəkillərə və digər işlərin görülməsinə görə xərclədiyi 2400 manatın, cəmi 10450 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, 2015-ci ilin aprel ayında cavabdeh iddiaçıya 3250 manatlıq ətin pulun vermədiyinə görə aralarında narazılıq yaranmışdır. Bu narazılığın sonunda 02 noyabr 2016-cı ildə tərəflər arasında mübahisə yaranmış və cavabdeh iddiaçıya xəsarət yetirmiş və Abşeron Rayon Məhkəməsinin 1(012)-241/2018 saylı 17.07.2018-ci il tarixli hökmü ilə məhkum edilmişdir. İş materallarından görünür ki, məhkəmə iddianın çəkilən müalicə xərclərinə dair hissəsini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı bu barədə hər hansı sübut təqdim etməsə də, onun cavabdehin cinayət əməli nəticəsində sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi qüvvədə olan hökmlə müəyyən edildiyindən, nəticə etibarı ilə iddiaçının müalicə alması qaçılmazdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, səhhətinin bərpası üçüm çəkilən müalicə xərcinin məbləği ağlabatan məbləğ olaraq 1000 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələbini əsaslandırmalı, buna dair sübut təqdim etməlidir. İş materiallarında olan hökm və qərarlardan görünür ki, cavabdeh iddiaçıya qarın və sağ bud nahiyyələrinə vuraraq ona qarın nahiyyəsinin ön səthinin periton boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun aşağı 1/3-nin ön səthiin kəsilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül və sağ budun aşağı 1/3 hissəsinin bayır səthinin yuxarıdan aşağıya doğru üç ədəd çapıq toxumaları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. İddiaçı qeyd olunan xəsarətlərə görə 2016-cı ildə iddia qaldırdığı dövrədək müalicə alması, bununla əlaqədar müalicəyə ehtiyacı olması, o cümlədən hər hansı bir vəsait xərcləməsinə dair heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bundan başqa iş materiallarından müəyyən olunur ki, tərəflər arasında münasibət 2015-ci ildə yaranmışdır. İddiaçı isə hazırkı iddia ilə 27.01.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3. maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1. maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləni 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin apellyasiya instansiyasında qəbulunu mümkün sayarkən məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə də istinad edir. Konstitusiya Məhkəməsinin həmin iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İş materialları ilə müəyyən edilir ki, işə birinci instansiya məhkəməsinə baxılan zaman cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Bu səbəbədən də iddia müddətinin tətbiqi barədə ərizə verməsi qeyri-mümkün olmuşdur. Buna görə də məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehin xahişinin hazırki mərhələdə qəbul edilməsini mümkün sayır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair”3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1597/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1597/2021 saylı, 21 aprel 2021-ci tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar