Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-299/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun, kredit üzrə yığılmış faizlərin və dəbbə pulunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli, 2(060)-7562/2015 nömrəli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3466,50 manat məbləğində əsas borc, 2461,94 manat faiz borcu, 200 manat cərimə, cəmi 7,927,99 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3466,50 manat məbləğində əsas borc, 2461,94 manat faiz borcu, 2000 manat cərimə, cəmi 7,927,99 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 4063 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 30% hesablanmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh bu günədək sözügedən kreditin əsas 1533 manat 95 qəpik, faiz borcu üzrə 1143 manat 5 qəpik, cəmi 2677 manat ödəniş edilmişdir. Dəfələrlə kreditin və kredit üzrə yığılmış faizlərin ödənilməsi barədə bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin Cavabdeh sözügedən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi onun iştirakı olmadan məhkəmə baxışı keçirərək qətnamə qəbul etmiş və səbəb kimi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməyi, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməməsi göstərilmişdir. Lakin həqiqətdə məhkəmə iclasına çağırılması barədə heç bir bildiriş təqdim edilməmiş və məlumat verilməmişdir. Həmçinin qeyd edir ki, bankdan kredit götürdükdən sonra öhdəliyi ödəniş cədvəlinə uyğun olaraq ödəyirdi. Lakin İ Qarabağ müharibəsinin iştirakçısı və qazisi olduğu üçün səhhətində pisləşmə yarandı. Ona görə də banka olan borcunu ödəniş cədvəlinə uyğun ödəyə bilməmiş və banka olan borcunu hissə-hissə ödəyirdi. Lakin buna baxmayaraq bank onun ödəniş qabiliyətinin olmamasını nəzərə almayaraq onun üzərinə faiz hesablanmışdır. Halbuki 2000-ci ildən qüvvədə olan “Kredit əməliyyatları üzrə faizlər hesablanması qaydaları”nın 2-ci maddəsinə əsasən onun borcunun üzərinə faizlərin hesablanması dayandırılmalı idi. "xxxx" ASC-nin 19 avqust 2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona illik 30 faiz olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilməsi göstərilmiş və həmçinin bankın iddiasına əsasən ondan 3466.5 manat əsas borc tutulması tələbi qoyulmuş, məhkəmə tərəfindən isə iddia təmin edilmişdir. Göstərilənlərdən belə məlum olur ki, onun ödədiyi pullardan əsas kredit borcu silinməmiş, kredit borcunun hansı üsulla hesablanmasını başa düşmür. Bundan əlavə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə faiz borcunun düzgün hesablanıb-hesablanmaması dəqiqləşdirilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məhkəmənin hazırkı iş üzrə çıxardığı qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi işə ədalətlə, faktlara və qanuna əsasən baxmamaqla maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində onun tələbləri araşdırılmadan hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təmin edilməmişdir. Lakin məhkəmə işə baxılarkən ekspertiza təyin etməməklə qeyd edilən prosessual hüquq normasını pozmuş və əgər ekspertiza təyin edilsə idi, daha mötəbər sübut əldə etmiş olardı. Ekspert rəyinə əsaslanıb sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmayaraq həmin hüquq normalarının tələbini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsi onun iştirakı olmadan məhkəmə baxışı keçirərək qətnamə qəbul etmiş və səbəb kimi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməsi, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməməyim göstərilmişdir. Lakin həqiqətdə məhkəmə iclasına çağırılması barədə heç bir bildiriş təqdim edilməmiş və məlumat verilməmişdir. O məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə isə təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Lakin məhkəmə onun izahatını dinləyib digər sübutlarla bərabər yoxlamamış və qiymətləndiməmişdir. Məhkəmə isə qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqələndirməməklə araşdırılan sübutlarını qəbul etməməsinin səbəblərini göstərməməklə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş, nəticələr isə işin hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsində onun İddiaçı ASC-yə 7927.99 manat kredit borcu olduğu barədə izahatını alınaraq həqiqiliyi yoxlanılıb aydınlaşdırılmamış, ekspertiza təyin edilməmiş, digər sübutlar müəyyənləşdirilməmiş və bununla da məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan halları aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəlikləri icra etməməsi və pul öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdən görünür ki, iddia tələbi borcun tutulması barədədir. İşin mübahisələndirilməyən halları isə ondan ibarətdir ki, iddiaçı bank ilə borclu Cavabdeh arasında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə 24 ay müddətinə illik faiz dərəcəsi 30 % olmaqla 5000 (beş min) manat kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli 9/2070 nömrəli ekspertiza rəyi ilə təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2013-cü il tarixə Cavabdeh əsas borc üzrə 3465,67 manat, faiz borcu üzrə 1156,03 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin hallarına Mülki Məcəllənin 385.1., 386.1., 442, 445, 448.1, 739.1., 739.2., maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdeh olmaqla, mülki məsuliyyət daşıyır. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin əsas borcu 3465,67 manat, faiz borcu üzrə 1156,03 manat təşkil edir. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin cərimə məbləğinin tutulması hissəsinə gəldikdə qeyd edir ki, Mülki Məcəllənin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Qeyd etmək lazımdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 2000 manat cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsini, eləcə də iddiaçının həm əmlak və həm də bütün əsaslı mənafeləri üçün cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdeh barəsində 2000 manat məbləğində hesablanan cərimənin məbləğinin azaldılaraq, iddiaçının tələb etdiyi məbləğdə deyil, 346 manat məbləğində müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 3465 (üç min dörd yüz altmış beş) manat 67 (altmış yeddi) qəpik əsas borc, 1156 (min yüz əlli altı) manat 03 (üç) qəpik məbləğində faiz borcu, 346 (üç yüz qırx altı) manat cərimə borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunan hissəsi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 3465 (üç min dörd yüz altmış beş) manat 67 (altmış yeddi) qəpik əsas borc, 1156 (min yüz əlli altı) manat 03 (üç) qəpik məbləğində faiz borcu, 346 (üç yüz qırx altı) manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-299/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-299/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver