Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2990/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 60048 (altmış min qırx səkkiz) manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 85500 (səksən beş min beş yüz) manat və 10000 (bir on min) ABŞ dolları pulun ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi dolların manata olan məzənnəsinə uyğun olaraq tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təxminən 7 il "xxxx" MTK-də mühəndis işləmiş və MTK-nın tərkibində fəaliyyət göstərən beton zavoda özü nəzarət etmişdir. Cavabdeh tanışı Nəsimi Baxışovun vasitəsi ilə tanımışdır. Tanış olduqları vaxt cavabdeh özünü ciddi iş adamı kimi təqdim etdiyindən, həmçinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində tikinti işləri ilə məşğul olduğuna şəxsən özü şahid olduğundan ona qarşı inam yaranmışdır. Bundan sonra cavabdeh işlərinin qaydasında getmədiyini, ona 10000 ABŞ dolları və 5500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Həmçinin işlərini yoluna qoyduqdan sonra onun nəzarətində olan beton zavodla bağlı iş görəcəklərini vəd etmişdir. O, ona inanaraq 2015-ci ilin iyul ayında tanışı N.Baxışovun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “ŞA” İnşaat yaşayış kompleksinin içərisində olan ofisində 10000 ABŞ dolları və 5500 manat məbləğində pulu Mehmana çatdırması üçün vermişdir. Sonradan Mehman həmin pulun ona çatdığını bildirmişdir. Təxminən 1 ay sonra cavabdeh həqiqətən onu ofisinə gələrək beton işləri ilə maraqlanmış və ondan müxtəlif tikinti materialları almışdır. Lakin həmin malların pulunu qaytarmamışdır. Həmin mallar "xxxx" MTK-nın balansında olduğundan həmin 80000 manat məbləğində pulu özü ödəmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh 80000 manat tikinti materiallarının əvəzi,10000 ABŞ dolları və 5500 manat məbləğində borc pul tutularaq cavabdehdən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəfindən çəkişmə tələblərini pozmuşdur. İşə onun iştirakı olmadan baxmışdır. Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "xxxx" MMC-yə məxsus Aqrar kompleksdə aparılan tikintidə istifadə olunması üçün iddiaçının rəhbəri oldugu beton zavodundan tərəfindən beton məmulatı alınmışdır. İddiaçı ilə əldə etdiyi razılaşmaya əsasən tikintidə istifadə olunması üçün zavod tərəfindən onlara betonun 350 və 400 markalı sement təşkil etməli idi. Əks təqdirdə, rəhbəri olduğu baş podratçı "xxxx" MMC-nin sifarişçi "xxxx" MMC qarşısında olan öhdəliklərini lazımi keyfiyyətdə yerinə yetirmək mümkün olmazdı. İddiaçının onlara verdiyi beton məmulatı standartlara uygun deyil. Yoxlama aparılan tarixdə, yəni 04 iyul 2016-cı il tarixdə yoxlamada iştirak edən şəxslərin imzaları ilə təstiq edilmiş akt tərtib olunmuşdur. Aparılmış yoxlamaya dair tərtib olunmuş 04 iyul 2016-cı il tarixli akt və onun nəticələri barədə 11 iyul 2016-cı il tarixdə sifarişçi "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmiş və tədbirlər görülməsi diqqətinə çatdırılmış, habelə betonun sərtliyi ilə bağlı aparılmış yoxlamanın nəticələrinə dair sənədlər təqdim olunmuşdur. İddiaçının onlara verdiyi betonun tərkibinin daha aşagı markalı sement təşkil etməsinə dair tərəflərindən 18 iyul 2016-cı il tarixli 1816 saylı akt tərtib olunmuş, iddiaçı həmin aktın bütün səhifələrini imzalamış və qəbul etmişdir ki, beton zavodu tərəfindən onların tikintiyə verilmiş beton standartlara uygun deyil. Adıçəkilən aktdan görünür ki, iddiaçının rəhbəri oldugu beton zavod onlara satdıgı beton məlumatlarının tərkibi 100, 200 və 300 markalı sement təşkil edir. Həmin dövrdə standarta uygun olmayan beton məmulatının acagı keyfiyyətdə olmasını qəbul edən və qüsurların aradan qaldırılması ilə bağlı xərclərini razılaşan iddiaçı bərpa işləri qurtardıqdan sonra aralarında haq-hesab aparılacagı barədə tələblərini qəbul etsə də, sonradan bu razılaşmadan imtina etmiş, ona və rəhbəri oldugu şirkətə qarşı əsassız tələblər irəli sürməyə bağlamışdır. 2019-cu ildə iddiaçı əsassız olaraq polis orqanlarına şikayət etmiş, Qaradağ RPİ-də onların arasında yaranmış mübahisə üzrə müvafiq araşdırma aparılmışdır. İş üzrə ekspertiza təyin edilmişdir. Dəmir-beton işlərində ciddi qüsurlar aşkarlanandan sonra tərəflərindən bərpa işlər aparılmış və həmin məqsədlə 107.000 manat vəsait xərclənmişdir. Eyni zamanda bu barədə müvafiq smeta tərtib olunmuşdur. Onun iştirakı olmadan baxıldıgı üçün məhkəmə düzgün qərara gəlməmişdir. Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borclu olmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elnur İsmayılovun 27.02.2020-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan toplanmış materiallarda olan Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2020-ci il tarixli 2582 saylı ekspert rəyindən görünür ki, Cavabdeh almış olduğu betonun M-350-M-400 marka olduğu, mütəxxəssis aktında qeyd olunanlara əsasən, tədqiq olunan obyektdən götürülmüş nümunələrin sıxlığının normal, ağır betonlar sinifi B35-B45-ə uyğun olduğu, həmçinin Azərbaycan Respublikasının Standartlaşma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" MTKnə İSS № 000875 və İSS № 03985 saylı uyğunluq sertifikatları verildiyini nəzərə alaraq Cavabdeh almış olduğu beton keyfiyyətinin normativ tələblərə və dövlət standartlarına cavab verdiyi, baxış zamanı dəmir-beton döşəmə tavası üzərinə sment əsaslı üzləyici qat çəkilərək hamarlandığı müəyyən edilmiş, lakin yerinə yetirilmiş işlərə dair layihə sənədləri təqdim edilmədiyindən B25 sinifi betonun üzərinə üzləyici qatın nə vaxt çəkilməsini və təmir işi olub olmamasını müəyyən etmək mümkün olmamış, tədqiq olunan obyektdə inşa edilmiş dəmir beton döşəmə tavasının 2016-cı il tarixdən istifadə edildiyini və baxış zamanı döşəmə üzrə ciddi qüsur aşkar olunmadığını nəzərə alaraq Cavabdeh almış olduğu betonun istifadəyə yararlı olduğu müəyyən edilmişdir. İşə əlavə olan Cavabdeh Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elnur İsmayılov tərəfindən alınmış 04.02.2019-cu il tarixli və 16.08.2019-cu il tarixli izahatından görünür ki, onun almış olduğu beton keyfiyyətsiz olduğu üçün İddiaçı ilə aralarında narazılıqlar olduğunu, əgər Rəfdar verdiyi betonun keyfiyyətini sonradan düzəltmiş olsaydı onun Rəfdara 60.048 manat pul ödəməli olduğunu bildirmişdir. Daha sonra ona verilən suallara cavabda onun Rəfdara əgər betonda problem olmasaydı, betonun təmirinə köməklik göstərsəydi Rəfdara 48.048 manat, 11028 ton armatur və 77924 ton katinka verməli olacağını bildirmişdir. Məhkəmə onun izahatlarına hüquqi qiymət verərkən cavabdehein iddiaçıya beton və s. mallara görə ümumi borcunun 60048 manat hissəsində sübut olunmuş hesab edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırkı halda iş materiallarından görünür ki, iddiaçı və cavabdeh hüquqi şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən onun əsil niyyəti ilə bağlı mübahisənin həlli üçün Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Buna baxmayaraq, Şuşa Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(077)-67/2021 saylı qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin bu iş üzrə 27 may 2021-ci il tarixli 2(077)-67/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2990/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2990/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver