Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2996/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin vəkili: Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 3067,93 ABŞ dolları əsas, 3361,95 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 6629 (altı min altı yüz iyirmi doqquz) ABŞ dolları 88 (səksən səkkiz) sent ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,70 (on yeddi manat yetmiş qəpik) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı ASC-dən 82 (səksən iki) manat, Cavabdeh2 118 (bir yüz on səkkiz) manatın tutuluraq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 3120,96 ABŞ dolları əsas, 5323,23 ABŞ dolları faiz borcu, 2715,27 ABŞ dolları cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23.04.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 30 ay müddətinə illik 24 faizlə 15251 ABŞ dolları kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Zamin Cavabdeh1 həmin sazişə əsasən bank qarşısında öz üzərinə öhdəlik götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borcluya aid bütün öhdəlikləri icra etməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi M.M.Mürsəlov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə zamin Cavabdeh1 qarşı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh1 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Məhkəmə tərəfindən maddi hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. İddiaçı ASC borclular arasında bağlanmış 23 aprel 2015-ci il tarixli kredit müqaviləsinin müddəti 30 ay müddətinə müəyyən olunsa da, həmin müqavilə tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olduğundan kreditorun həmin müqavilə üzrə öhdəliyin icrası üzrə zaminə qarşı iddia irəli sürmək üçün onunla müəyyən edilmiş hüququ mövcud olmuş və həmin hüquqdan istifadə edilməsi üçün müəyyən edilmiş müddət ötürülmədən zaminə qarşı tələb irəli sürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(060)-212/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin digər Cavabdeh1 aid hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla İddiaçı ASC arasında bağlanmış 23.04.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank ona 30 ay müddətinə illik 24 faizlə 30 may müddətinə 15251 ABŞ dolları kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Öhdəlik icra edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə tərəfindən qanunun tələblərinə düzgün qiymət verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(060)-212/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayətləri təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.04.2015-ci il tarixli Kredit Sazişindən görünür ki, kreditor borcalana 30 ay müddətinə illik 24 faiz ödənilməsi şərti ilə 15.251 ABŞ dolları kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 23 aprel 2015-ci il tarixli Kassa Məxaric orderindən görünür ki, Cavabdeh2 15.251 ABŞ dolları məbləğində pulu nağd şəkildə bankın kassasından qəbul etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 31 may 2020-ci il tarixə 23.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3120,96 ABŞ dolları əsas, 5323,23 ABŞ dolları faiz, 2715,27 ABŞ dolları cərimə borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə mühasibatlıq ekspertizasının 15 fevral 2021-ci il tarixli 9/5950 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə əsasən, 23.04.2015-ci il tarixli kredit sazişi üzrə saazişin şərtləri əsas götürülməklə və borclu tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla borclunun 31.05.2018-ci il tarixə olan borcu 8.601,76 (3.308,64 ABŞ dolları əsas borc, 5.293,12 ABŞ dolları faiz borcu olmaqla) ABŞ dolları məbləğində təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının 27 aprel 2021-ci il tarixli 9/1873 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə əsasən, 23.04.2015-ci il tarixli kredit sazişi üzrə saazişin şərtləri əsas götürülməklə və borclu tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla borclunun müqavilə müddətinin bitdiyi 23.10.2017-ci il tarixə olan borcu 6.429,88 (3.067,93 ABŞ dolları əsas borc, 3.361,95 ABŞ dolları faiz borcu olmaqla) ABŞ dolları məbləğində təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq 27 aprel 2021-ci il tarixli 9/1873 saylı ekspert rəyini sübut növü kimi nəzərə alaraq hesab edir ki, Cavabdeh2 kredit sazişi üzə iddiaçıya yaranmış borcu kredit müqaviləsinin bitdiyi 23.10.2017-ci il tarixə qədər olan borc - 3.067,93 ABŞ dolları əsas borc, 3.361,95 ABŞ dolları faiz borcu olmaqla müəyyən edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, «Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və onaxitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata kesirilmə müddəti vaxt sərsivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həmçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üsün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin kesməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin kesməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 23.04.2015-ci il tarixli kredit müqaviləsinin müddəti 30 ay olmaqla, 23.10.2017-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Odur ki, cavabdehə qarşı 23.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz və cərimə borcu hissəsində təmin edilməlidir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmçinin hesab edir ki, 2.715,27 ABŞ dolları cərimə azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinin zamin Cavabdeh1 barəsində düzgün qərar qəbul edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. İş materiallarında olan Bankla Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 23 aprel 2015-ci il tarixli sazişdən həmçinin görünür ki, zamin Cavabdeh1 bu sazişdən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh1 qarşı yönəlmiş tələbinin əsassız və təmin edilə bilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 08 iyun 2021-ci il tarixli 2(060)-212/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2996/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2996/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver