Məhkəmə qərarları › İş №2(105)-300/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-300/2022

06.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-300/2022 06.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-5207/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-5207/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı, 02.07.2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutulub 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulmuş, birgə nikahlarından olan 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda 70 manat uşağın saxlanılması üçün çox az məbləğdir, maddi vəziyyəti çətinləşmişdir. Cavabdehin gəliri yüksəkdir, lakin uşağın saxlanılmasına əlavə maddi yardım göstərməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı qətnaməsi ilə ondan 70 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. O, 2012-ci ildən 1-ci qrup əlildir, buna görə 250 manat pensiya alır və işləmir. Əgər 160 manat aliment ödəsə, aylıq gəliri 90 manat təşkil edəcəkdir. Halbuki “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə pensiyaçılar üçün yaşayış minimumu 162 manatdır. Beləliklə, birinci instansiya məhkəməsi işin tam və hərtərəfli araşdırılması üçün zəruri olan yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 08.05.2008-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı, 02 iyul 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 22 may 2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 517 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər Əjdərova Samirə Qələndər qızının yanında qalması, 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 yanvar 2009-cu il il tarixdən başlayaraq hər ay Cavabdeh 70 manat sabit pul məbləğində alimentin Əjdərova Samirə Qələndər qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 109923 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 saylı Tibbi- Sosial Ekspert Komissiyasının elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh birinci dərəcəli müddətsiz əlildir, daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, tərəflər 22 may 2008-ci il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından 08.05.2008-ci il tarixdə X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı, 02 iyul 2009-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuş, 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 yanvar 2009-cu il il tarixdən başlayaraq hər ay Cavabdeh 70 manat aliment alınaraq X2 verilməsi qət edilmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı, 02 iyul 2009-cu il tarixli qətnaməsi qəbul edildikdən 12 ilə yaxın müddət keçdikdən sonra, yəni 27.05.2021ci il tarixdə məhkəməyə müraciət edərək alimentin məbləğinin artırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutulub 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi nəticəsinə gəlmişdir.. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o vaxt dəyişə, başqa sözlə, artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh işləmir, birinci dərəcəli müddətsiz əlildir, daim kənar şəxsin köməyinə ehtiyacı vardır, 250 manat pensiya alır. Məhkəmə kollegiyası Cavabdeh maddi vəziyyətini, uşağın saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq Cavabdeh 08.05.2008-ci il təvəllüdlü X1 üçün hər ay tutulacaq alimentin məbləğinin artırılaraq 100 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası alimentin məbləğini hər ay uşaq üçün 100 manat müəyyən edərkən onu da qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə alimentin məbləğini qanunla müəyyən edilmiş minimumdan aşağı həddə müəyyən edərkən, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini əsas tutur. Belə ki, həmin maddələrə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, məhkəmə kollegiyası hesab edir ki, yaşayış minimumu üzrə məbləğin çatmayan hissəsini iddiaçı özü də təmin etməlidir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə uşağın lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericilik hər iki valideynin hüquqları ilə yanaşı, vəzifələrinin də bərabər olmasını müəyyən etmişdir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə aldığı alimentin illik məbləği 840 (70 manat x 12 ay) manat olmuşdur. Hazırki iddia tələbində isə iddiaçı alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 175 manat, başqa sözlə, illik 2100 (175 manat x 12 ay) manat müəyyən edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının artırılmasını tələb etdiyi alimentin illik məbləği 1260 (2100 manat-840 manat) manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-5207/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 08.05.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-567/2009 saylı, 02 iyul 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar