Məhkəmə qərarları › İş №2(105)-301/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-301/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-301/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(012)-4449/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 16 ay müddətinə illik 25 faiz ödənilmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3278,02 manat əsas borc, 871,84 manat faiz borcu, 1054,92 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun, 3073,41 manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 8278,19 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumuna görə pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaşayış evinin tikintisi məqsədi ilə ona 16 ay müddətinə illik faiz dərəcəsi 25% ödənilmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən müqavilədə nəzərdə tutulan pul məbləği cavabdehə verilmiş, lakin Cavabdeh1 müqavilənin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. 08 yanvar 2018-ci il tarixə borclular Cavabdeh1 və Cavabdeh2 19 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3278,02 manat əsas borc, 871,84 manat faiz borcu, 1054,92 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun, 3073,41 manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 8278,19 manat borcu yaranmışdır.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 2(012)-4449/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 19 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3278,02 manat əsas borc, 373.60 manat faiz borcu, 300 manat cərimə borcu, 600,96 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə hesablanmış faiz borcu, 20 manat rüsuma görə, cəmi 4572,56 manat pulun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə istinad etməklə hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbini cavabdeh-zamin Cavabdeh2 münasibətdə qanunsuz və əsassız hesab etmişdir. Belə ki, 19 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, 16 ay müddətinə kredit verilmiş cavabdehin zaminlə bağlanmış eyni tarixli zaminlik müqavilələrinin də müddəti 16 aydır, müqavilənin müddəti 19 noyabr 2014-cü il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 26 iyul 2018-ci il tarixdə müraciət etmişdir

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.7, 448.1, 465.2, 449.1, 467, 477.0.4, Mülki Prosessual Məcəllənin 13.7-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır. Onunla iddiaçı arasında heç bir müqavilə olmayıb, həmin müqavilənin tərtibatı, mövcudluğundan heç bir xəbəri yoxdur. Kredit müqaviləsindəki imzalar onun tərəfindən icra edilməmişdir. Onun tərəfindən bankdan pul vəsaiti əldə edilməmiş və xəzinə məxaric orderi imzalanmamışdır. Həmçinin zamin Cavabdeh2 ümumiyyətlə tanımır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

17. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə iddia tələblərinə baxılarkən məhkəmələrin iddia tələbinin və etirazın dəlillərindən asılı olmayaraq mütləq qaydada araşdırmalı olduğu hallar vardır: kredit müqaviləsinin bağlanıb-bağlanmaması, həmin müqavilənin etibarlı olub-olmaması, kredit müqaviləsi üzrə razılaşdırılmış məbləğin həqiqətən verilib-verilməməsi.

19. Apellyasiya şikayətinin də dəlili məhz bundan ibarətdir ki, cavabdeh tərəfindən bankdan pul vəsaiti əldə edilməmiş və xəzinə məxaric orderi imzalanmamışdır.

20. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı birinci instansiya məhkəməsində cavabdeh etiraz irəli sürməsə də (cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir), mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsindən əmələ gəldiyindən məhkəmə cavabdehin buna dair etirazının dəlillərindən asılı olmadan həmin halın mövcud olub-olmamasını araşdırmalı idi.

21. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında, o cümlədən, iddia ərizəsinə qoşma edilmiş sənədlərin siyahısında kassa məxaric orderi müəyyən edilmir.

22. Belə ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin yaranması anı qeyd edilən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş pul məbləğinin cavabdehə verilməsi ilə yaranır və iddiaçı hüquqi şəxs olduğundan bu hal müvafiq kassa məxaric orderi ilə və yaxud pulun hesabdan-hesaba keçirilməsi barədə sənədlərlə sübut edilməlidir.

23. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilib-edilməməsinə ətraflı araşdırma aparmadan hüquqi qiymət vermişdir.

24. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinə kassa məxaric orderinin məhkəməyə təqdim edilməli olması əsası ilə məhkəmə baxışı bir neçə dəfə təxirə salınmışdır. Buna baxmayaraq məhkəməyə həmin sənəd təqdim olunmamışdır. İddiaçının nümayəndəsi Əliyev Xanlar məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, müvafiq qəbzlər, məxaric orderləri tapılmamış, məhv edilmişdir.

25. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır.

26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

27. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

29. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

30. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 31 Kollegiya qeyd edir ki, işin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4449/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 124 manat pul iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********), Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən kassasiya verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar