Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3025/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: Kamran Məmmədmövsüm oğlu Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran Rayon Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli 2(031)-850/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayda 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq birgə nikahdan doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatnadək saxlanılmasından ötrü cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx xxxx 2012-ci il tarixdə Fatimə adlı bir qızları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri uyğun gəlmədiyindən məhkəmədə boşanmışlar. Uşaq onun himayəsində qalmışdır. xx xxxxxx 2012-ci il tarixdə Şabran Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh bir nəfər uşağın saxlanılması üçün hər ayda 50 manat sabit pul məbləğində aliment kəsilmişdir. 2016-cı ilin fevral ayının 16-da aliment artırılaraq 100 manat olmuşdur. Lakin sonradan barışdıqları üçün aliment işi üzrə icraata xitam verilmişdir. Cavabdehlə yenidən ailə münasibətləri pozulmuş, ayrılmışlar. Uşaq onun himayəsində qalmışdır. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi və mənəvi köməklik etmədiyindən, alimentin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 120 manat olmuşdur. Övladı xəstədir, mütəmadi olaraq müayinə və müalicələrə ehtiyacı var. Cavabdehin ayda ödədiyi 120 manat uşağın dərmanlarına belə bəs etmir. O, uşağı saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də məcbur olaraq alimentin artırılması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, birgə nikahdan doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatnadək saxlanılmasından ötrü cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılsın. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı bir neçə dəfə mütəmadi olaraq alimentin məbləğinin artırılmasına nail olmuşdur. Baxmayaraq ki, onun maddi vəziyyətində heç bir irəliləyiş, artım olmamışdır. O, heç yerdə işləmir, yəni stabil işi yoxdur, təsadüfü qazancla dolanır. Məhkəmə uşaqların yetkinlik yaşına çatana kimi əvvəlki təminatlarının mümkün qədər maksimal saxlanmasını əsas tutduğunu qeyd edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna istinad edir, uşaqlar üçün minimum yaşayış həddinin 170 manat müəyyən edildiyi göstərir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili K.M.Məmmədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər xx xxxxxx 2011-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə Ruslan adlı uşaqları anadan olmuşdur, nikahları xx xxxxxx 2012-ci il tarixdə pozulmuşdur. Belə ki, işə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(031)-850/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Madera Hospital MMC tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli rentgenoloji müayinə protokolundan görünür ki, F.Cavabdeha «iki tərəfli bronxit əlamətləri» diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının hazırki aliment hüquq münasibətlərinə tətbiq edib alimentin miqdarının bir uşaq üçün ayda 200 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli sayıla bilməz, bu cavabdehin maddi və ailə vəziyyətinə uyğun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(031)- 657/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-3025/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3025/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver