Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3028/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1857/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1857/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin məhkəmənin 2(067)-492/2014 saylı, 11 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 10 noyabr 2007-ci il təvəllüdlü Abdulxalıqova (Rəhimova) Nuray Fəxrəddin qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edılmişdir. (hakim A.Sadıqov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1857/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat miqdarında alimentin miqdarının artırılmasını, Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 11.04.2014-cü il tarixli qətnaməsinə əsasən birgə nikahlarından 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün cavabdehdən onun xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Hazırda 100 manat pulla uşağın saxlanması qeyri-mümkündür. Bir ana olaraq uşağını bacardığı qədər yaxşı dolandırır. Heç yerdə işləməsə də, xırda ticarətlə məşğuldur. Cavabdeh isə bir ata kimi alimenti vaxtlı vaxtında ödəmir. Cavabdeh hazırda usta işləyir və yaxşı qazanc əldə edir. Buna görə də aliment artırılmalı, aylıq tutulamlı aliment 175 manat müəyyən olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Xəstəliyi ilə bağlı fiziki işlərdə işləyə bilmir, İİ qrup əlildir. Başqa qazancı və iş yeri yoxdur və himayəsində azyaşlı uşağı- 23.09.2018-ci ildə doğulmuş Yusif adlı uşaq vardır. Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yeni ailəsilə-17.12.2016-cı ildə nikaha girdiyi X8 birlikdə yaşayır. O, xəstədir və X3 qeydiyyatdadır. Qət olunan aliment məbləğini ödəməsi isə qeyrimümkündür. Buna görə də qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan AZE 12712800 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 10.11.2007-ci ildə Nuray adlı uşaq doğulmuşdur. Yenə işdə olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-492/2014 saylı, 11 aprel 2014-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 10 noyabr 2007-ci ildə anadan olmuş X2 atası olması faktı müəyyən edilmiş, 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün 10 fevral 2014-cü ildən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Yenə də işdə olan 67 20 981891 saylı pasportun surətindən görünür ki, Cavabdeh RF vətəndaşıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 17.12.2016-cı ildə X8 ilə nikaha girmişdir. Yenə iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 nikahından 25.09.2018-ci ildə Yusif adlı uşaq doğulmuşdur. Yenə də iş materiallarında olan DTSER Xidmətinin 14 yanvar 2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh İİ dərəcəli əlildir. Ağır fiziki işlər əks göstərişlidir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1857/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, alimentin miqdarı hər ay 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 03.09.2006-cı il tarixdə faktiki nikaha daxil olmuş və bu nikahdan onların10 noyabr 2007-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-492/2014 saylı, 11 aprel 2014-cü il tarixli qətnaməsilə Cavabdeh 10 noyabr 2007-ci ildə anadan olmuş X2 atası olması faktı müəyyən edilmiş, 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün 10 fevral 2014-cü ildən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq 10 noyabr 2007-ci ildə anadan olmuş X1 üçün Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat miqdarında alimentin miqdarının artırılmasını, Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiası təmin olunmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəf isə maddi vəziyyətinin daha da pisləşməsi, xəstəliyi, əlilliyi və ağır fiziki işlərlə məşğul ola bilməməklə bağlı kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası azyaşlı Nurayın mənafeyinin nəzərə alınmasını da zəruri hesab edir. Bu hallara məcmu halda qiymət verən məhkəmə kollegiyası, tərəflərin maddi vəziyyətini və azyaşlı Nurayın həyati tələbatlarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının hər ay 150 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş alimentin məbləğinin artırılması nəticəsinə gəlsə də, balanslaşdırılmış nəticəyə gəlməmiş, tərəflərin maddi imkanlarına uyğun ədalətli qətnamə qəbul etməmişdir. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində hər ay müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək 150 manat məbləğində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı Nurayın saxlanılması üçün artırılmış alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1857/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. Həmin məhkəmənin 2(067)-492/2014 saylı, 11 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 10 noyabr 2007-ci il təvəllüdlü Abdulxalıqova (Rəhimova) Nuray Fəxrəddin qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 150 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Yeni məbləğdə aliment tutulmasının əvvəli qətnamə qnuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3028/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3028/2021
24.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver