Məhkəmə qərarları › İş №2(105)-3029/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3029/2021

11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3029/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(067)-1719/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(067)-1719/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, Quba Rayon Məhkəməsinin 19.02.2010-cu il tarixli, 2(027)-200/2010 saylı qətnaməsinə əsasən Cavabdeh 12.04.2008-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 12.04.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 19.02.2010-cu il tarixli, 2(027)-200/2010 saylı qətnaməsinə əsasən Cavabdeh 12.04.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş 50 manat alimentin məbləğinin artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı ildə faktiki nikaha daxil olaraq evlənmiş, nikahları 14 fevral 2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 12 aprel 2008-ci il tarixdə X11 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2009-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Quba Rayon Məhkəməsinin 19 fevral 2010-cu il tarixli qətnaməsinə əsasən 12.04.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehə qarşı alimentin məbləğinin artırılması ilə bağlı hazırki vaxta qədər iddia qaldırmamışdır. Lakin 50 manat məbləğində alimentlə uşağın saxlanılması müəyyən maddi çətinliklərlə bağlı olaraq mümkün deyildir. Ona görə də alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır. Belə ki, uşaqların saxlanılması hər iki valideynin borcudur. Uşaqların saxlanması üçün lazım olan xərclərin yalnız bir valideynin üzərinə qoyulması düzgün deyildir. Alimentin müəyyən edildiyi vaxtdan onun maddi vəziyyəti yaxşılaşmamış, əksinə yenidən ailə qurmuş və hazırki nikahından 24 fevral 2020-ci il tarixində bir qız övladı - X14 anadan olmuşdur. Onun qazancı artmamış, əksinə azalmışdır və ölkədəki infilyasiya ona da təsir etmişdir. Quba Rayon Məhkəməsinin 19 fevral 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimenti çətinliklə ödəyir, ailəsini güclə dolandırır. Həmçinin iddiaçı özü də əmək qabiliyyətlidir və övladı hazırda ana babasının qeyri-rəsmi himayəsindədir. Bundan başqa, onun sabit qazanc yeri yoxdur və ailəsini çətinliklə dolandırır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh işləmir. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahından 12.04.2008-ci il tarixdə X11 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikahın ləğv edilməsi 27.05.2009-cu il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində 60 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 19.02.2010-cu il tarixli, 2(027)- 200/2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Əfəndiyeva (Bədəlova) Gülbəniz Əmirulla qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 12 aprel 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 yanvar 2010-cu il tarixdən başlayaraq alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh hər ay 50 manat alimentin alınaraq Əfəndiyeva (Bədəlova) Gülbəniz Əmirulla qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əfəndiyeva (Məmmədova) Aygün Alxas qızının arasında olan nikah 13.02.2019-cu il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanılaraq 12 sayla qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 nikahından 24.02.2020-ci il tarixdə X14 anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN-nin X3 Sistemi Məşğulluq haqqında 21.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Dövlət Məşğulluq Xidmətində iş axtaran kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, tərəflər 14 fevral 2007-ci il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından 12.04.2008-ci il tarixdə X11 anadan olmuşdur, tərəflər arasında bağlanmış nikahın pozulması 27.05.2009-cu il tarixdə qeydə alınmış, Quba Rayon Məhkəməsinin 19.02.2010-cu il tarixli, 2(027)-200/2010-cu il tarixli qətnaməsi ilə 12.04.2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.01.2010-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 50 manat aliment alınaraq Əfəndiyeva (Bədəlova) Gülbəniz Əmirulla qızına verilməsi qət edilmişdir. İddiaçı Quba Rayon Məhkəməsinin 19.02.2010-cu il tarixli, 2(027)-200/2010-cu il tarixli qətnaməsi qəbul edildikdən 11 ildən artıq müddət keçdikdən sonra, yəni 03.06.2021ci il tarixdə məhkəməyə müraciət edərək alimentin məbləğinin artırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o vaxt dəyişə, başqa sözlə, artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2010-cu ildə yaşayış minimumu uşaqlar üçün 72 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh rəsmi olaraq işləmir, onun hər hansı digər gəlirə malik olmasını təsdiq edən sənəd də iş materiallarında yoxdur. Bundan başqa, cavabdeh yeni ailə qurmuş, həmin nikahdan bir uşağı vardır. Məhkəmə kollegiyası Cavabdeh maddi vəziyyətini, uşağın saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq Cavabdeh 12.04.2008-ci il təvəllüdlü X2 üçün hər ay tutulacaq alimentin məbləğinin artırılaraq 150 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası alimentin məbləğini hər ay uşaq üçün 150 manat müəyyən edərkən onu da qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə alimentin məbləğini qanunla müəyyən edilmiş minimumdan aşağı həddə müəyyən edərkən, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini əsas tutur. Belə ki, həmin maddələrə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, məhkəmə kollegiyası hesab edir ki, yaşayış minimumu üzrə məbləğin çatmayan hissəsini iddiaçı özü də təmin etməlidir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə uşağın lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericilik hər iki valideynin hüquqları ilə yanaşı, vəzifələrinin də bərabər olmasını müəyyən etmişdir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə aldığı alimentin illik məbləği 600 (50 manat x 12 ay) manat olmuşdur. Hazırki iddia tələbində isə iddiaçı alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 175 manat, başqa sözlə, illik 2100 (175 manat x 12 ay) manat müəyyən edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının artırılmasını tələb etdiyi alimentin illik məbləği 1500 (2100 manat-600 manat) manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(067)-1719/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 12.04.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Quba Rayon Məhkəməsinin 19.02.2010-cu il tarixli, 2(027)-200/2010-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar