Məhkəmə qərarları › İş №2(105)-303/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-303/2024

29.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-303/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Adı̇ lova Aı̇ də Baloğlan qızının cavabdeh İ̇smayilov Rəfael Zamı̇ l oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Adı̇ lova Aı̇ də Baloğlan qızının cavabdeh İ̇smayilov Rəfael Zamı̇ l oğluna qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(060)-5600/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X8 vardır. Sumqayıt şəhər məhkəməsinin 2(060)-1149/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012ci il təvəllüdlü X2 onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi iki uşağa görə 240 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, 240 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günügündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1149/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona verilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-l 149/2023 saylı Qətnaməsinə əsasən birgə nikandan olan xx.xx.2009-cu il təvəllüdlü X7m və xx.xx.2012-ci il təvəllüdlü X4m yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 240 manat alimentin tutulması qət edilmiş, cavabdeh tərəfindən aliment ödənilsə də, uşaqları saxlanmaqda çətinlik çəkir, cavabdeh tərəfindən əlavə olaraq ona heç bir köməklik edilmir. İddiaçının bu mülahizəsi ilə razı deyil, bu əsaslara istinad etməklə alimentin artırılması tələbi əsassız hesab edilməlidir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(060)- 1149/2023 saylı Qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, iddiaçının iddia tələbi uşaqların saxlanmaları üçün 273 manat 20 qəpik məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə olsa da, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmış, cavabdehin gəliri (maaşı) və digər iş üçün əhəmiyyətli hallar nəzərə alınmaqla məhkəmə tərəfindən cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, iddianın qismən təmin edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı həmin qətnamədən narazı olduğu halda onu apellyasiya qaydasında mübasiləndirə bilərdi. Lakin işin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan qətnamə mübahisələndirlməmiş, bununla da iddiaçı hər uşağa görə 120 manat, cəmi 240 manat aliment almağa başlamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən aliment vaxtlı- vaxtında ödənilsə də, iddiaçı tərəfindən uşaqların atası olan cavabdehin uşaqları ilə görüşməsi, ünsiyyətdə olması, onların təlim-tərbiyyəsində iştirak etməsinə mütəmadi olaraq maneçilik törədir. Cavabdeh dəfələrlə bununla bağlı iddiaçıya müraciət etsə də, sonuncu tərəfindən uşaqların atasının onların həyatında, tərbiyyəsində və təhsilində bilavasitə iştirak etməsinə razılıq verilməmiş, bundan əlavə iddiaçı uşaqlarda atalarına (cavabdehə) qarşı mənfi fıkir yaratmağa çalışmaqla onlarda qeyri-sağlam psixoloji halların yaranmasına nail olmağa çalışmışdır. Cavabdeh tərəfindən dəfələrlə mediasiya vasitəsi ilə mübahisənin həlli təklif edilsə də (sonuncu dəfə bu bərədə təklif iddiaçıya poçt vasitəsi ilə 26 aprel 2023-cü il tarixdə çatdırılmışdır), iddiaçı tərəfindən mediasiya prosesində iştirak etməsi barədə cavabdehin göndərdiyi təklifə cavab verilməmiş, mübahisənin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün səy göstərilməmişdir. Buna görə cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, hazırda qeyd olunan mübahisə mediasiya prosesi mərhələsindədir. İddiaçı razılıq vermədiyi təqdirdə cavabdeh məhkəmə qaydasında valideyn hüquqlarının təmin edilməsini tələb edəcək (mediasiya prosesinin tətbiqi barədə təklifin çatdırılması barədə poçt qəbzin surəti ərizəyə əlavə edilir). İddiaçının Azərbaycan Respublikası müvafıq qanunvericiliyin tələblərinə zidd davranışı barədə yuxarıda qeyd olunan faktiki halların hazırda baxılan, icraatda olan işə aidiyyətinin olmaması barədə təsvir yaranmış olsa da, bunları məhkəmənin diqqətinə çatdırmaqda məqsədləri odur ki, iddiaçının ərizəsində qeyd etdiyi “cavabdeh heç bir kömək etmir” sözlərinin əsassız oldugunu məhkəməyə göstərmiş olacaq. Çünki, iddiaçının uşaqların atası olan cavabdehlə onların ümumiyyətlə ünsiyyətdə olmalarına qadağa qoyması nəticəsində cavabdeh uşaqların hansı şəraitdə yaşamaları, inkişaf etmələri, tərbiyə və təhsil almaları barədə məlumatı əldə etmək imkanından faktiki olaraq məhrum edilmiş, bu səbəbdən uşaqlarına hər ay stabil olaraq ödədiyi alimentin, eyni zamanda analarının da Sumqayıt Dövlət Universitetində işləməsi və maaş alması nəzərə alınsa, hər iki uşaq «Azərbaycan Respublikasmda 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununda 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu kimi nəzərdə tutulmuş 220 manat məbləğində təminat alırlar. Nəzərə almaq lazımdır ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfın ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Bununla bağlı bildirilir ki, Cavabdeh İddiaçı ilə birgə nikada olan dövrdə, indi də eyni vəzifədə işləyir, yəni istər birgə nikah dövründə, istərsə də, nikah pozulduqdan sonraki dövrdə cavabdehin maddi vəziyyətində hər hansı əhəmiyyətli bir dəyişiklik olmamış, qazancın yüksəlməsi halı baş verməmişdir. Hətta əksinə, cavabdehin səhhətində yaranmış problemlərə görə onun maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir. Bu fakt Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Milli X6 Materialları İnstitutundan təqdim edilmiş və iddia ərizəsinə əlavə etdikləri 18 aprel 2023-cü il tarixli 14 nömrəli arayışla təsdiq edilir. Belə ki, həmin arayışın məzmununa əsasən Cavabdeh 08 sentyabr 2009-cu ildən indiyədək həmin İnstitutda Mülki Müdafıə Qərargah rəisi vəzifəsində işləyir və maaşı 584 manat məbləğindədir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, nikahın pozulmasından sonrakı dövrdə Cavabdeh “parkinson” xəstəliyindən əziyyət çəkir. Bu fakt iddia ərizəsinə əlavə edilən Sumqayıt şəhəri “Unikal Klinika MMC”- nin baş həkimi tərəfindən təqdim edilən 59B nömrəli, 30 may 2023-cü il tarixli arayışla təsdiq edilir. Belə ki, həmin arayışda göstərilmişdir ki, Cavabdeh qeyd olunan klinikada mütəmadi olaraq müayinə edilir, o, 26 avqust 2021-ci ildə, 18 sentyabr 2021-ci ildə və 27 may 2023-cü il tarixlərdə klinikanın həkim-nevropatoloqun qəbulunda olmuş, müayinə zamanı pasientdə “parkinson xəstəliyi” diaqnozu qoyulmuş, pasientin bu diaqnozla müalicə alması və daim parkinson əleyhinə (madopar, azilekt) dərmanları qəbul etməyə məcburdur. Qeyd olunan dərmanlar, yaxud eyni tərkibdə (madoparm əsas tərkib hissəsi “levodopa” və azilektin əsas tərkib hisssəsi “razagilin”) Azərbaycan Respublikasında qeydiyyata alınmış dərman vasitələrinə aiddir və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müyyən etdiyi qiymət (istehsalçıdan asılı olaraq), orta hesabla 30-40 manat arasındadır. Nəzərə alınsa ki, dərman həkim tərəfindən tərtib edilmiş müvafıq reseptə əsasən gündə 3 dəfə qəbul edilir, Cavabdeh hər ay xəstəliyin simptomlarını qismən aradan qaldırmaq üçün, o cümlədən hərəkətin pozulmasının aradan qaldırılması üçün ayda orta hesabla 120-150 manat pul sərf edir. Həmçinin «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununda 2023-cü ildə ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat müəyyən edilmişdir və Cavabdeh aylıq maaşı 584 manat təşkil edir ki, onun aylıq gəlirindən yaşayış minimumu üçün məbləğ (261 manat) və hazırki aliment öhdəliyi üzrə (240 manat) məbləğ çıxıldıqda qalan məbləğ xəstəliyi ilə əlaqədar qeyd olunan dərmanları əldə etmək üçün yetərli deyildir. Bu isə o deməkdir ki, həkim-nevropatoloq tərəfindən ona təyin edilmiş dərmanları qəbul etmədiyində ona aşkar edilmiş xəstəlik daha sürətli inkişaf edəcək, bu da onun əmək qabiliyyətinin itirilməsinə (əlilliyinin dərəcəsinin artmasına), nəhayət həyatına təhlükə yaradacaq. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarmın 6.6.1.1- 6.6.1.3-cü maddələrdə göstərilmişdir ki, ümumi hərəkətin mülayim pozulması 40-60 faiz olmaqla 2 il, hərəkətin təzahür edilən pozuntusu isə 65-80 faiz orqanizmin funksiyalarnın pozulması kimi qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması müddəti müddətsiz müəyyən edilir. Cavabdeh onda müəyyən edilmiş “parkinson” xəstəliyi ilə əlaqədar yuxarıda istinad etdiyi Qərarın tələblərinə uyğun əlilliyin müəyyən edilməsi üçün qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş, xəstəliyi ilə əlaqədar müayinə olunma mərhələsindədir. Eyni zamanda, bildirmək istəyir ki, Cavabdeh aliment ödəməkdən boyun qaçırmır, belə bir fakt onda müəyyən edilməmiş, həmçinin o, işlədiyi yer üzrə rəhbərlik tərəfindən müsbət xasiyyətləndirlir. Bu isə bir daha onu sübut edir ki, Cavabdeh valideyn olaraq borcunu yerinə yetirir. Yuxarıda göstərdikləri səbəblərə və əsaslara görə hesab edir ki, iddiaçı tərəfindən “aliment miqdarının artırılması” tələbinə dair iddia təmin edilməməlidir.

4. AZ-İİ 369464 saylı və AZ-İİ 903012 saylı doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, X10 xx.xx.2009-cu ildə və X8 xx.xx.2012-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın ləğvi və aliment tələbinə dair» iddiası qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 486 nömrə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsində qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması və xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.

7. 5913 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2021, xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərdə həkim-nevropatoloqun qəbulunda olmuşdur. Müayinə zamanı pasientə “Parkinson xəstəliyi” diaqnozu qoyulmuşdur. Pasient bu diaqnoz ilə müalicə alır və daim parkinson əleyhinə (madopar,azilekt) dərmanları qəbul etməyə məcburdur.

8. 31 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdən bugunədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Mülki Müdafiə Qərargahı rəisi vəifəsində işləyir, 584 manat əmək haqqı alır. Əmək haqqından müvafiq tutulmalar və aliment tutulmasından sonrakı alınacaq məbləğ 249.36 manat təşkil edir.

9. 18.09.2023-cü il tarixli, 02-25/4 saylı arayışdan görünür, İddiaçı xx.xx.1996-cı il tarixdən SDU-nin İnformasiya Texnologiyalar Mərkəzində operator işləyir və 500 manat əmək haqqı alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(060)- 5600/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

12. Cavabdeh X12 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(060)-5600/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etirazın əsasları ilə eyni olmaqla, apellyator həmin əsaslara görə məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğunu, qətnamənin maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini, həmçinin 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyini göstərmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

18. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alimentin miqdarının müəyyən edilməsi hissədə dəyişdirilməlidir.

25. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.

26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının hazırda uşaqların saxlanılması üçün kifayət etmədiyini, uşaqların böyüməsi ilə əlaqədar onların tələbatlarının günü-gündən artdığını iddia edərək alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb etmişdir.

27. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

29. Apellyator şikayətin dəlillərini İddiaçı ilə birgə nikada olan dövrdə də, indi də eyni vəzifədə işləməsi, yəni istər birgə nikah dövründə, istərsə də, nikah pozulduqdan sonrakı dövrdə onun maddi vəziyyətində hər hansı əhəmiyyətli bir dəyişiklik olmaması, qazancının yüksəlməsi halının baş verməməsi, səhhətində yaranmış problemlərə görə onun maddi vəziyyətinin kəskin şəkildə pisləşməsi, aylıq maaşının 584 manat təşkil etməsi, “parkinson” xəstəliyindən əziyyət çəkməsi ilə əsaslandırmışdır.

30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

34. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır. Bununla yanaşı həmçinin, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

35. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

36. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valdeynlər birgə məsuliyyət daşıyırlar.

37. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur.

38. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

39. Məhkəmə kollegiyası hər uşağa görə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsasllı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə bu hissədə tərəflərin qarşılıqlı münasibətləri üzrə, işin faktiki hllarına uyğun qətnamə qəbul edilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh “parkinson” xəstəliyindən əziyyət çəkir, davamlı müalicələr alır və Azərbaycan Respublikasında qeydiyyata alınmış dərman vasitələrindən istifadə edir.

40. Ümumi məlum olan haldır ki, parkinson xəstəliyi beyin xəstəliyi olmaqla, hərəkət pozğunluğu ilə müşahidə olunur və bu xəstəliyin qəti müalicəsi yoxdur, bundan əziyyət çəkən xəstələr daima müalicə qəbul etmək məcburiyyətindədirlər.

41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası, azyaşlı uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu, cavabdehin maddi vəziyyətini, hərəkət pozğunluğu ilə müşahidə olunan parkinson xəstəliyindən əziyyət çəkdiyini, aldığı əmək haqqından (584manat) başqa digər gəlirlərinin olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini və işin digər diqqətəlayiq hallarını, eləcə də uşaqların ümdə maraqlarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarı hissədə dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X10 və 1.06.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində müəyyənləşdirilməsini hazırkı mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir.

42. X19 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(060)-5600/2023 nömrəli qətnaməsi - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin - hissədə dəyişdirilsin və həmin alimentin məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar