Məhkəmə qərarları › İş №2(105)-303/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-303/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-303/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2218/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİİ seriyalı 351842 №-li və AZ-İİİ 755524 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 03 aprel 2014-cü il təvəllüdlü X4 və 23 fevral 2016-cı il təvəllüdlü X5 doğulmuşlar.

2. Quba Rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı aliment məbləginin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(027)- 1219/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahlarından olan 03 aprel 2014-cü il təvəllüdlü X4 və 23 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş ) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınıb ona verilməsi barədə qətnamə çıxaralımasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə el adəti üzrə ailə qurmuşdur. Aralarında olan nikahı 20 avqust 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 aprel 2014-cü il təvəllüdlü X4 və 23 fevral 2016-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Uzun illərdir ki, cavabdeh ilə yaşamaq mümkün olmadığından o, azyaşlı övladları ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Hətta aralarında olan nikah pozulmadan cavabdeh uşaqlarına baxmadığı üçün o, iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(027)-3298/2016 saylı, 01 sentyabr 2016cı il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana kimi saxlanması üçün 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. 2022-ci ildə cavabdeh aralarında olan nikahın pozulması və digər tələblərə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və aralarında olan nikah pozulmuşdur. Sonuncu dəfə Quba Rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşaqları məktəblidir, ehtiyacları günü-gündən artır. Qət edilmiş aliment miqdarı isə hal-hazırda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumundan azdır. Qeyd edilən aliment miqdarı ilə uşaqların saxlanılması çətin olduğu üçün o, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Uşaqların təhsili, geyimi, sağlamlığı, istirahəti və s. ilə bağlı xərcləri hər gün artır. O, bir ana kimi təkbaşına bu xərcləri qarşılamaqda çətinlik çəkir. Onun kimi övladlarına baxmaq cavabdehin də vəzifəsidir. O, ilkin olaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılığa gələ bilmədikləri üçün ona ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 19 iyul 2024-cü il tarixli, MSQ-MT-027-2024-00932 nömrəli arayış verilmişdir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, “FAB” inşaatda fəhlə olaraq işləyir və 345 manat məbləğində maaş alır. Alimenti vaxtlı-vaxtında ödəyir. Aliment borcu yoxdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, həyat yoldaşı ilə münasibətlərində anlaşılmazlıq yaranmağına baxmayaraq bunu azyaşlı uşaqlarının bilməsinə heç vaxt yol verməmişdir. Həmişə övladlarının qayğısına qalmış, onların təhsil və digər mənəvi, maddi-sosial ehtiyaclarını qarşılamışdır (bu dediklərimnn baris nümunəsi alimentlərini belə vaxtı-vaxtında köçürməyidir). Aralarında olan nikahın pozulmasından bu günə qədər övladlarının yetkinlik yaşına çatması və onların saxlanılması üçün ona təyin edilən alimenti vaxtı-vaxtında köçürmüşdür. Hətta fəhlə işləməyinə və az məvacib almağına baxmayaraq dəfələrlə övladlarının təlim-tərbiyə və digər maddi-sosial ehtiyaclarını bir ata kimi qarşılamaq məqsədi ilə addım atmışdır. Onun ailə vəziyyəti ilə əlaqədar maddi çətinliyinin nəzərə alınmasını xahiş etmişdir. İnşaat mağazalarının birində satıcı və boş vaxtlarında da orada fəhləlik edir. Aylıq gəlirim 345,00 (üç yüz qırx beş) manat təşkil edir. Yaşlı atası və yaşlı anası ilə yaşayır. Anası xəstədir, bir övlad kimi onun qayğısına qalmaq və dərmanlarının alınmasında kömək etmək onunda borcudur. Lakin maddi sıxıtılarından bunları çox da edə bilmir. Buna və övladlarına görədə sıxıtı keçirir. Kasıb ailədir, ailədə bir işləyən odur. Adında heçbir torpaq, ev yoxdur. İllərdir aliment ödəməsinə baxmayaraq uşaqlarının anası və babası övladlarını onunla görüşməyə mane olurlar. Buna baxmayaraq uşaqlarının anası X6 onu bu hüquqlardan məhrum edir, illərdir o, övladlarını görmək istəsə də görə bilmir, buna baxmayaraq aliment artırılmasını tələb edir.

7. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2218/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi qismən təmin edilərək, 03 aprel 2014-cü il təvəllüdlü X4 və 23 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Cavabdeh hər uşağa ayda 200 (iki yüz) manat olmaqla, iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mediasiya xərci 25 manatın Cavabdeh tutularaq, İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 03 aprel 2014-cü il təvəllüdlü X4 və 23 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba rayon Məhkəməsinin 2(027)-1219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 200 (iki yüz) manat olmaqla, iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 112.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil. Hesab edir ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Belə ki, onun qeyd edilən miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Özü mağazada satıcı işləyir. 345 manat maaş alır. İddiaçı isə "xxxx" MMC şirkətində işləyərək yüksək məbləğdə maaş alır. Maaşı ondan kifayət qədər yüksəkdir. Belə olduğu halda iddiaçının ondan 400 manat məbləğində aliment tələb etməsi əsassızdır. Uşaqlara maddi və mənəvi ehtiyaclarını ödəmək hər iki valideynin vəzifəsidir. Onun maaşı 345 manatdır və tutulmalardan sonra əlimə çatan məbləğ 315 manatdır. 315 manat qazancı ilə tələb olunan məbləğdə alimenti ödəmək iqtidarında deyil. O əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş iki uşağa görə 340 manat məbləğində aliment borcunu belə çətinliklə ödəyir. Maddi imkanı çox aşağıdır. Ona görə də hesab edir ki, Quba Rayon Məhkəməsinin 02 iyul 2024cü il tarixli 2(027)-1440/2024 saylı qətnaməsi əsassızdır və ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

15. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

16. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

18. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

19. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

27. Qərarda (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

28. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

29. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olduğu görünür.

30. Məhkəmə kollegiyasının araşdırması zamanı “Elektron məhkəmə” informasiya sisteminə edilmiş sorğunun nəticəsinə əsasən cavabdehin gəlir məlumatlarından görünür ki, Cavabdeh mağazada satıcı işləyir işləyir, əmək haqqı 400 manatdır.

31. Birinci instaniya məhkəməsi 03 aprel 2014-cü il təvəllüdlü X4 və 23 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşağa ayda 200 (iki yüz) manat olmaqla, iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmasını müəyyən etmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, aliment institutu, azyaşlı uşağı özündən ayrı yaşayan valideyindən onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin edilməsindən ibarətdir. Cavabdehin qeyd etdiyi dəlillər onu uşaqları saxlamaq, ondan ayrılıqda yaşayan uşaqların minimum dolanacaq xərcləri həddində maddi təminatını ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2218/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2218/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar