Məhkəmə qərarları › İş №2(105)-3034/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3034/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3034/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4518/2021 saylı qətnaməsindən İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4518/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyev) İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 1988,55 manat məbləğində əldən çıxmış faydanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq təşkilatın xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə İddiaçı1 qapalı səhmdar cəmiyyəti arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı1 qapalı səhmdar cəmiyyətinə keçmişdir. İddiaçı1 qapalı səhmdar cəmiyyətinin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı1 qapalı səhmdar cəmiyyəti tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-572 saylı, 17.10.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı1 qapalı səhmdar cəmiyyətinə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında 24.06.2014-cü il tarixli, 8553 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 10% tətbiq edilməklə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 24.06.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdeh ayrılmış kreditdən istifadə etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(105)-65/2020 saylı qətnaməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.07.2020-ci il tarixli, 9/838 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə kredit müqaviləsi başa çatanadək 5535,71 manat əsas məbləğdə pulun tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 30.03.2021-ci il tarixədək əsas məbləğ 5535,71 manata 1988,55 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini 30.03.2021-ci il tarixədək icra etməmişdir. Həmçinin qeyd edilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında 24.06.2014-cü il tarixli, 8553 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 10% tətbiq edilməklə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 24.06.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdeh ayrılmış kreditdən istifadə etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(105)-65/2020 saylı qətnaməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.07.2020-ci il tarixli, 9/838 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə kredit müqaviləsi başa çatanadək 5535,71 manat əsas məbləğdə pulun tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 30.03.2021-ci il tarixədək əsas məbləğ 5535,71 manata 1988,55 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Məhkəmə qətnaməsində mülki iş üzrə cavabdehin iddiaçı qarşısında yaranmış borc öhdəliyinin (əsas, faiz və cərimə borcu) müəyyən edilməsinə və hazırki mülki iş üzrə sübutetmə yükünün bilavasitə iddiaçı tərəfin üzərinə düşməsinə, iddiaçı tərəfin cavabdeh tərəfindən müvafiq borc öhdəliyinin icrasını gecikdirməsini, bu gecikmənin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi halını və məhz cavabdehin həmin hərəkətləri nəticəsində ona faiz məbləğində əldən çıxmış fayda qismində ziyanın vurulması halını sübut etməli olmasına istinad etmişdir. 24.06.2014-cü il tarixli, 8553 saylı kredit müqaviləsinin müddətinin bitmə tarixinə, yəni 24.06.2017-ci il tarixindən 19.03.2021ci il tarixədək Cavabdeh Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 1988,55 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. İş materiallarında 30.03.2021-ci il tarixli maliyyə arayışında əsas məbləğ 5535,71 manata 1988,55 manat məbləğində əldən çıxmış fayda hesablandığı açıq şəkildə göstərilsə də, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi onu sübut edir ki, borc öhdəliyi cavabdehin üzərindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh öhdəliklərini icra edərək, borcun bağlanmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh ipoteka predmeti olan avtomobili özündə saxlayaraq, 27.07.2018-ci il tarixli, 2(060)-5944/2018 saylı qətnamənin icrasını gecikdirmiş, bu da bilavasitə cavabdehin öhdəliklərini icra etmədiyinə dəlalət edir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.09.2020-ci il tarixli, 2(105)-65/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(060)-5944/2018 saylı qətnaməsi qismən, əsas borcun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh iddiaçı “X4 Edilməsi Agentliyi” MMC-nin xeyrinə tutulması qət edilən əsas borcun məbləği 5535,71 manat həddində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının 30.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.06.2017-ci il tarixdən 19.03.2021-ci il tarixədək Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq ümumilikdə 1988,55 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının 4312 saylı, 28.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin tarixə İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına 6236,05 (5535,71 manat əsas və 700,34 manat faiz) manat borcu vardır, 17.10.2017-ci il tarixdən borclu tərəfindən heç bir ödəniş aparılmamışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.09.2020-ci il tarixli, 2(105)-65/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(060)-5944/2018 saylı qətnaməsi qismən, əsas borcun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh iddiaçı “X4 Edilməsi Agentliyi” MMC-nin xeyrinə tutulması qət edilən əsas borcun məbləği 5535,71 manat həddində müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı təşkilata əsas borcunun 5535,71 manat olması Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.09.2020-ci il tarixli, 2(105)- 65/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən halı nəzərə alaraq hesab edir ki, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin qəbul edildiyi tarixdən və həmin qətnamə ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq əldən çıxmış fayda tutulmalıdır. İş materiallarında olan İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının 30.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18.09.2020-ci il tarixdən 17.12.2020-ci il tarixədək Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsi 6,50%, hesablanmış zərər 89,96 manat, 18.12.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək isə faiz dərəcəsi 6,25%, hesablanmış zərər 87,46 manat təşkil etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə əldən çıxmış fayda olaraq 177,42 (89,96 manat + 87,46 manat) manat tutulmalıdır. Azərbaycan Respublikası 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4518/2021 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə əldən çıxmış fayda olaraq 177,42 (yüz yetmiş yeddi manat 42 qəpik) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar