Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-304/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Pərvaz oğluna qarşı notariusun icra qeydinin ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə (Açar sözlər: notariusun icra qeydinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borc) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Pərvaz oğluna qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5012/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 02 aprel 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Pərvaz oğlu İddiaçı 4500 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə İddiaçı 4500 manat pulu 18 ay müddətinə hər ay 250 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. **********758 saylı Ərizənin məzmunundan görünür ki, Cavabdeh2 Pərvaz oğlu 28 yanvar 2021-ci il tarixdə Cavabdeh1nə ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı 4500 manat məbləğində borc pul verdiyini, müqavilə üzrə öhdəliklərin icra vaxtının xx.xx.2017-cı il tarixdə başa çatsa da, onların vasitəsilə ona yazılı bildiriş göndərilsə də, borcu ona qaytarmamış, odur ki, xx.xx.2016-cı il tarixli 3M-221 reyestr nömrəli Kredit Müqaviləsi üzrə icra qeydininaparılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 Pərvaz oğlunun xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulması qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Cavabdeh2 Pərvaz oğlunun xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulmalı, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair çıxarılmış icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Beyləqan rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında icra məmurunun İddiaçı ünvanladığı bildirişinin surətindən görünür ki, Cavabdeh2 Pərvaz oğlunun xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulmalı, ondan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-759 saylı, 28 yanvar 2021-ci il tarixli icra qeydini təmin edilməsi üçün 10 gün müddətinə könüllü vaxt verilmişdir. 23 iyul 2018-cı il tarixli 834 №li Sumqayıt Şəhərinin Xüsusi Notariusunun İddiaçı ünvanladığı xəbərdarlıq (bildiriş) məktubunun məzmunundan görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh2 18 ay müddətinə borc olaraq aldığı 4500 manat pul məbləğinin ödənilməsi tələb edilmiş, əks halda barəsində icra qeydinin tərti edilib, icraya yönəldilməsi barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Pərvaz oğluna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 xüsusi notariusu X4 tərəfindən 28 yanvar 2021-ci il tarixdə aparılmış və reyestrdə “8İ-759” nömrə ilə qeyd edilmiş ondan Cavabdeh2 Pərvaz oğlunun xeyrinə 4520 manat pulun tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Novruzov X7 ilə aralarında bağlanmış 02 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən guya onun tərəfindən ona 4500 manat kredit verilmişdir. Sözügedən müqavilə aralarında bağlansa da həqiqətdə ona kredit müqaviləsi bağlanmamış, kredit münasibətləri yaranmamış, ona hər hansı bir məbləğdə kredit verilməmiş, belə bir niyyətləri də olmamışdır. Başqa bir məsələ ilə əlaqədar olaraq görünüş üçün müqavilə bağlanılmış, kredit verilməsi ilə bağlı həqiqi niyyətləri olmamışdır. Buna baxmayaraq notariat orqanına müarciət edərək kredit müqaviləsi üzrə icra qeydi verilməsini xahiş etmiş və notarius tərəfindən də 28 yanvar 2021-ci il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydi icra edilməsi üçün Beyləqan rayon icra şöbəsinə göndərilmişdir. İcra sənədindən görünür ki, guya onun "İddiaçı 4520 məbləğində borcu vardır və tutulmalıdır. Bu tamamilə əsassız və qanunsuz bir qeyddir ki, notarius tərəfindən verilmişdir. Hazırda kredit müqaviləsinin yalan əqd olması, o cümlədən, həmin məbləğin ona ödənilib-ödənilməməsi ilə bağlı mübahisə olduğundan bu mübahisənin icra qeydi ilə həll edilməsi qanunverciliyin tələbinə ziddir. İndiki halda notariat orqanı öz qanunsuz hərəkəti ilə icra qeydi tərtib etmişdir. Çünki, qanunun tələbindən göründüyü kimi icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdikdə verilə bilər. İndiki halda borc müqaviləsi və borc məbləğinin verilməsi ilə bağlı mübahisə vardır. Müqavilə 02 aprel 2016-cı ildə bağlanılmış, kreditin son qaytarılma tarixi xx.xx.2017-ci il müəyyən edilmiş, kredit məbləğinin 18 ay müddətinə hər ay 250 manat qaytarılması qeyd olunmuşdur. Tərəfindən Cavabdeh2 Pərvaz oğlundan heç bir məbləğ alınmamış, tərəfindən ona hər hansı bir məbləğ qaytarılmamışdır. Müqavilənin həqiqi müqavilə olduğunu düşünsələr belə Cavabdeh2 Pərvaz oğlunun tələb etmək hüququ həm növbəti aylar üzrə məbləği qaytarmadığı, yəni müqavilənin şərtini pozduğu andan, həm də öhdəliyin son icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən yaranmış olardı. Hər iki halda qanunla icra qeydi verilməsi üçün müəyyən edilmiş 3 illik müddət ötmüşdür. Nəticədə notariat orqanı qeyriqanuni olaraq icra qeydi vermişdir. Bütün bunlar mübahisə doğurduğundan məhkəmə müstəvisində həll edilməli məsələlərdir və Cavabdeh2 Pərvaz oğlununun məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5012/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmədə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.2 və 407.2-ci maddələrinə, “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndinə, 76, 78 və 79-cu maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, notariat ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borclu olaraq ona çatdırıldığını təsdiq edən sənəd, borclu olaraq mənim cavab məktubum (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlıməlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra- Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. İddiaçı və onun vəkili məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Pərvaz oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təstiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təstiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər”in Siyahısı İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması... Bənd 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğv edilməsinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh notarius tərəfindən müvafiq icra qeydi aparılan zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təstiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161 və 162-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təstiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər”in Siyahısının İİ hissəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, qeyd olunan pozuntulara diqqət yetirilməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə tələbə dair müvafiq notariat orqanı tərəfindən xx.xx.2021-ci il tarixli icra qeydi aparılmışdır. Həmçinin, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə barəsində icra qeydi verilmiş kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanılmış, borcun qaytarılmalı olduğu son müddət xx.xx.2017-ci il tarix kimi qeyd edilmişdir.İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İndiki halda isə qeyd olunan kredit müqaviləsi üzrə tələb hüququ barəsində mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin keçib-keçməməsi halının mübahisəsiz olduğu görünmür. Halbuki qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən icra qeydi müvafiq iddia müddətləri keçməmiş tələb hüququ barəsində aparılır və bu hal imperativ norma kimi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, müvafiq qanunvericilik normalarında borc barəsində icra qeydinin aparılması zamanı tələbkarın mənafeyinin təmin edilməsi ilə yanaşı, borclunun hüquqlarının qorunmasına xidmət edən tələblər də əks olunmuşdur. Belə ki, icra qeydi yalnız təqdim edilmiş sənədlər borcun mübaahisəsiz olduğunu təsdiq edərsə, aparılır, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranmış öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapmalıdır. İndiki halda isə cavabdeh notarius tərəfindən borclu şəxsə bu barədə hər hansı bildiriş göndərməsi, barəsində icra qeydi aparılan borcun mübahisəsiz olub-olmaması halı aydınlaşdırılması, bununla bağlı hər hansı yoxlama və araşdırma hərəkətləri aparması halı müəyyən edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə müvafiq notarius tərəfindən icra qeydi aparılan zaman yuxarıda qeyd olunmuş müvafiq Qanunun 162-ci bəndinin tələbi (borcun mübahisəsiz olması və tələb hüququ barəsində iddia müddətinin keçməməsi) pozulmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, müvafiq qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydininin aparılması üçün notariusa müraciət etmədən öncə bu barədə borclu şəxsə bildiriş göndərməli,bu bildiriş sifarişli poçt məktubu vaistəsilə gödnərilməli, bildiriş poçta təqdim edildiyi andan 5 gün keçdikdən sonra borclu şəxsə təqdim edilmiş sayılır. İndiki halda, hazırki mülki iş üzrə müvafiq icra qeydinin aparılması ilə bağlı tələbkar tərəfindən qeyd olunan tələbə əməl edilməsi halı müəyyən edilməmişdir. Bununla bağlı müvafiq bildiriş mövcud olsa da, həmin bildirişin sifarişli poçt məktubu vasitəsilə cavabdehə göndərilməsi halı müəyyən edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə cavabdeh notarius tərəfindən müvafiq icra qeydi eyni zamanda yuxarıda qeyd olunan qanunvericiliyin 76-cı maddəsinin (müvafiq bildirişin borclu şəxsə çatdırılması) tələbləri pozulmaqla aparılmışdır. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə cavabdeh notarius tərəfindən notariat hərəkətlərinin aparılmasına dair qanunvericliyin qeyd olunan tələbləri pozulmaqla, müvafiq kredit müqaviləsi üzrə əsassız icra qeydi aparılmışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə işin bütün halları tam aydınlaşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da gəldiyi nəticə işin hallarına uyğun olmamış, iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunduğundan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 Pərvaz oğlundan tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdeh tərəfə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5012/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Pərvaz oğluna qarşı notariusun icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilsin. Cavabdeh1 Xüsusi Notariusu tərəfindən 28 yanvar 2021-ci il tarixdə aparılmış və reyestrdə “8İ-759” nömrə ilə qeyd edilmiş İddiaçı Cavabdeh2 Pərvaz oğlunun xeyrinə cəmi 4520 manat pulun tutulmasına dair icra qeydi ləğv edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 Pərvaz oğlundan tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh tərəfə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-304/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-304/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver