Məhkəmə qərarları › İş №2(105)-3040/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3040/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3040/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh3 iştirakı ilə açıq məhkəmə iclasında Qubadlı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinovun) iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(105)-3040/2021 saylı qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Qubadlı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(105)-3040/2021 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Cavabdeh1 iş üzrə məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətini nümayəndə kimi X3 imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Cavabdeh1 tərəfindən X2 verilmiş 08.01.2021-ci il tarixli etibarnamədə onun məhkəmə aktından şikayət vermək səlahiyyəti xüsusi göstərilməmişdir. Göründüyü kimi, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən imzalanmasına əhəmiyyət verməmiş, apellyasiya şikayətlərini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası MPMnin tələblərinə zidd olaraq icraata qəbul olunduğuna, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(105)- 3040/2021 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.2.5-ci maddəsinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(105)-3040/2021 saylı qərardadı ləğv edilsin. Qubadlı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılaraq Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar