Məhkəmə qərarları › İş №2(105)-3049/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3049/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3049/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh qarşı evə köçürülmə, yaşayış sahəsindən istifadə hüqununun tanınması və bu hüquqa maneələrin yaradılmasının cavabdehə qadağan olunması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh sahibliyində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən torpaq sahəsi üzərində tikilmiş, lakin mülkiyyət sənədi olmayan fərdi yaşayış evinə köçürülmələri, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 qeyd edilən həmin mənzildə yaşamasına yaratdığı maneələrin aradan qaldırılması qət edilmişdir. (hakim R.Həsənov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində anaları ilə birgə yaşamaq hüququnun tanınması, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onların istifadə hüquqlarına yaradılmış maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 03 mart 2003cü il tarixli, 2-6 /2003 saylı qətnaməsi ilə anaları Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların – yəni 23 iyul 1996-cı il tarixdə doğulmuş İddiaçı1 və 17 avqust 1998-ci il tarixdə doğulmuş İddiaçı2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 sentyabr 2003-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızına verilməsi qət edilmişdir. Hazırki iş üzrə cavabdeh, Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli, 2-6 2003 saylı qətnaməsini alimetin tutulması hissəsində icra etməmiş, bununla da onları əlverişsiz sosial şəraitə düçar etmişdir. Digər tərəfdən, valideynləri arasında nikah pozulduqdan dərhal sonra, cavabdeh analarını və onları onların doğulduğu və yaşayış yerləri olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evdən qovmuşdur. Həmin evdə yaşamalarını dəfələrlə bərpa etsələr də cavabdeh buna maneçiliklər törətmiş, müxtəlif üsullarla, o cümlədən fiziki zor tətbiq edərək onları həmin evdən qovmuşdur. Onlar anaları ilə birgə, Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüququna malikdirlər. Buna görə də iddia təmin edilməlidir. X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehə məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində yaşamaq hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə onun da cəlb edilməsini, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsində yaşamaq hüququnun tanınması və Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onların istifadə hüquqlarına maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tələbini bununla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində yaşamaq hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə iddia tələbindən göründüyü kimi o, iddiaçıların anası və cavabdehin keçmiş həyat yoldaşıdır. İş üzrə mövcud hüquqi münasibətlərdən və həmin hüquqi müasibətlərin yarandığı dövrün qüvvədə olan qanunlarından göründüyü kimi onun da mübahisəli yaşayış sahəsində yaşamaq hüququ vardır. Buna görə də tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara doğru qiymət verməmiş, düzgün maddi hüquq normalarına istinad etməmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Belə ki, bu ev ona məxsus deyildir və o, bu evdə müvəqqəti olaraq yaşayır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 18 il əvvəl, Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli, 2-6 2003 saylı qətnaməsi ilə nikahları pozulduqdan sonra cavabdehlərlə birlikdə bu evi könüllü olaraq tərk edib daimi yaşamaq üçün bütün əmlakını da götürüb Türkiyə Respubliksına köçmüşdür. Müstəqil tələb irəli sürən üçüncü şəxsin və uşaqlarının mübahisəli evlə heç bir əlaqələri qalmamışdır. Belə olduğu təqdirdə, nikah pozulduqdan sonra uzun müddət evi tərk etmiş və ailə quraraq Türkiyə Respublikasına köçmüş X3, həmçinin İddiaçı1 və X4 əvvəllər valideynlərinə məxsus olmuş evə köçürülməsi düzgün deyildir. X1 ilə birgə nikahda olan vaxtda Quba rayonunun İ Nügədi kəndində təsərrüfatbaşına kitabda onun atasının təsərrüfatından ayrılaraq, 0,08 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini brgə nikah dövründə satmışlar və hazırda X7 rayonunun Nügədi kəndi ilə heç bir əlaqəsi qalmamışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellaysiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. İddiaçı1 bildirdi ki, artıq dörd aydır ki, ailə quraraq, Qusar rayonuna gəlin köçmüş, hazırda orada yaşayır. Ataları Cavabdeh onların böyüməsində iştirak etməmiş, öz valideynlik borcunu yerinə yetirməmişdir. Hazırda isə o, bir övlad kimi atasından pay tələb edir. İddiaçı2 əlavə etdi ki, onlar 2003-cü ildən mübahisəli evdən getmişlər. Ataları onlara qarşı valideynlik öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Hazırda onlar bu iddia ilə atalarından pay tələb edirlər və iddiaları əsaslıdır. E.N.Ağasiyeva isə bildirdi ki, cavabdeh onun əridir və onlar 2003-cü ildən nikahları ləğv olunduqdan sonra ayrı yaşamışlar. O və iddiaçılar 2007-ci ildən Türkiyə Respublikasında yaşamışlar. Uşaqları 9-cu sinfə qədər Türkiyə Respublikasında oxumuşlar. Oradan isə 2015-ci ildə qayıtmışlar. Onların hər üçünün mübahisəli evdən istifadə hüquqları vardır və bu hüququ heç kəs məhdudlaşdıra bilməz. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada dəfələrlə bildirişlər göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli, 2-6/2003 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh Məmmədğa oğlu arasında bağlanmış nikahın pozulması, bu barədə şəhadətnamənin verilməsinin Quba rayon VVDQ şöbəsinə həvalə edilməsi, 23 iyul 1996-cı il tarixdə doğulmuş İddiaçı1 və 17 avqust 1998ci il tarixdə doğulmuş İddiaçı2 analarının yanında saxlanılması, 23 iyul 1996-cı il tarixdə doğulmuş İddiaçı1 və 17 avqust 1998-ci il tarixdə doğulmuş İddiaçı2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 sentyabr 2003-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Yenə işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından - 23 iyul 1996-cı ildə İddiaçı1 və 17 avqust 1998-ci ildə İddiaçı2 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayonu İ Nügədi kənd İƏD üzrə Nümayəndəliyinin 01.12.2020-ci il tarixli məktubundan görünür ki, İ Nügədi kənd sakini Cavabdeh həmin kənddə mərhum atasına məxsus evdə yaşayır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 sayı Xaçmaz Ərazi İdarəsinin 04.12.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Quba rayonunda fərdi yaşayış evi aşkar edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən ona əsaslanmışdır ki, mübahisəli fərdi yaşayış evi iddiaçıların vaxtilə yaşadığı ev olmaqla, hal-hazırda cavabdehin faktiki sahibliyindədir. Evə dair mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyət hüquqları həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur. Baxılan iş üzrə iddiaçıların köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamağa mane olma) qanunsuzdur. Buna görə də iddia qismən təmin edilməli, iddiaçılar anaları ilə birlikdə oraya köçürülməli, onların qeyd edilən həmin mənzildə yaşamasına cavabdehin yaratdığı maneələr aradan qaldırılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə X5 03 noyabr 1994-cü ildə nikaha girmişlər. Onların bu nikahından 23 iyul 1996-cı ildə Lalə, 17 avqust 1998-ci ildə isə Elnur adlı uşaqları olmuşdur. Tərəflər məhkəmə qaydasında 03 mart 2003-cü il tarixdə boşanmışlar və hər iki uşaq X3 himayəsində qalmışdır. Tərəflərin izahatları ilə müəyyən edildi ki, onlar 2007-ci ildən Türkiyə Respublikasına köçmüş və 2015-ci ilədək orada yaşamışlar. Hazırda İddiaçı1, İddiaçı2 və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində anaları ilə birgə yaşamaq hüququnun tanınması, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onların istifadə hüquqlarına yaradılmış maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli yaşayış evi cavabdehin mülkiyyətində deyildir. Həmin evin cavabdehin mərhum atasına məxsus olması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibətləri 2000-ci ilədək yarandığından (nikaha girmə tarixi-1994-cü il, iddiaçılardan Lalənin doğum tarixi-1996-cı il, Elnurun doğum tarixi isə 1998-ci ildir) tərəflər arasındakı mübahisə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü bəndi ilə müəyyən edilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 12 mart 1999-cu tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdükdə, bu hal həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Hazırkı işdən görünür ki, E.N.Ağasiyeva cavabdehlə boşandıqdan sonra, yəni 2003-cü ildən uşaqları ilə birlikdə əvvəlcə valideynlərinə məxsus evdə, 2007-ci ildən 2015-ci ilədək Türkiyə Respublikasında, 2015-ci ildən isə yenə də valideynlərinə məxsus evdə yaşamışdır. Başqa sözlə, o, mübahisəli evi boşandıqdan sonra tərk etmiş, daimi yaşamaq üçün başqa ünvana getmiş, yəni o, könüllü olaraq mənzildən çıxmış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən bu günədək mübahisəli mənzildə yaşamamışdır. İşdən həmçinin görünür ki, İddiaçı1 da artıq 4 aydır ki, nikaha girərək Qusar rayonuna gəlin köçmüş və orada yeni ailəsinə məxsus evdə yaşayır. Məhkəmə iclasında iddiaçılar və üçüncü şəxs həmin müddətdən hazırkı tarixədək bir neçə dəfə mübahisəli evdə yaşamalarını bildirsələr də, lakin göstərilən hal işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, işin tədqiq olunan faktiki hallarına görə onlar uzun müddət ölkə hüdudlarından kənarda yaşamışlar. Beləliklə də, E.N.Ağasiyevanın mübahisəli evi cavabdehlə boşandıqdan sonra, yəni 2003-cü ildə boşanması səbəbindən könüllü, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə bağlı tərk etməsi, həmin tarixdən bu günədək mübahisəli mənzildə yaşamaması, hazırda başqa yaşayış yeri olmaqla mübahisəli mənzili daimi əsaslarla tərk etməsi barədə nəticəyə gəlməyə, bununla da həmin yaşayış yeri üzərində artıq onun istifadə hüququnu itirməsi qənaətinə gəlməyə əsas verir. E.N.Ağasiyevanın hazırda göstərilən evdən istifadə hüququnun mövcud olması müəyyən edilmədiydən, onun həmin evə köçürülməsi barədə tələbi də əsassızdır və təmin edilə bilməz. Eləcə də, onun uşaqları, yəni iddiaçılar İddiaçı2 və İddiaçı1 da mübahisəli yaşayış sahəsi ilə bağlı artıq heç bir hüquqları mövcud olmadığından onların bu evə köçürülməsu üçün hüquqi əsas qalmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı bu qaydada təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçıların Cavabdeh övladları olması, E.Ağasiyevanın isə onun keçmiş arvadı olması faktından, yəni hüquqdan suiistifadə etmələri qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddialar təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılardan alınaraq ona verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh qarşı evə köçürülmə, yaşayış sahəsindən istifadə hüqununun tanınması və bu hüquqa maneələrin yaradılmasının cavabdehə qadağan olunması tələbinə iddiaları təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 müştərək qaydada alınaraq ona verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar