Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3052/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şabran rayon Uzunboyad bələdiyyəsinə qarşı mülkiyyətinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-34/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 2(031)-34/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə Cavabdeh1 və Şabran rayon Uzunboyad bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdehlərdən mülkiyyətinə vurduqları ziyanın əvəzi olaraq maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 3000 manat, həmçinin ödənilmiş dövlət rüsumu olan 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayon Uzunboyad bələdiyyəsinin 25.10.2006-cı il tarixli, 03 saylı qərarı ilə iddiaçıya bələdiyyənin balansında olan torpaqlarından fərdi yaşayış evinin tikilməsi üçün Uzunboyad kəndi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında iddiaçının, Uzunboyad bələdiyyəsinin və Dəvəçi rayon torpaq şöbəsinin iştirakı ilə 30.12.2006-cı il tarixli Torpaqların X6 tərtib olunmuşdur. Bundan sonra həmin torpaq sahəsinə Azərbaycan Respublikasının DT və XK-nin Şabran rayon şöbəsi tərəfindən 25.07.2014-cü il tarixdə iddiaçının adına A № 496792 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. 10.12.2014-cü il tarixdə DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən həmin torpaq sahəsinə iddiaçının adına qeydiyyat nömrəsi ********** olan, RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, Şabran rayonu Uzunboyad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə yuxarıda göstərilən qaydada iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. 2019-cu ildə Cavabdeh1 iddiaçını məlumatlandırmadan və əvvəlcədən iddiaçıdan razılıq almadan həmin torpaq sahəsinin üzərindən suvarma arxını çəkmişdir. Bundan xəbər tutandan sonra iddiaçı Cavabdeh1nə müraciət edərək hansı əsasla torpaq sahəsinin bir hissəsindən su arxının çəkdiklərini soruşduqda bildirmişlər ki, hazırda beton üzlüyü alınmış və üzərindəki qurğular təmir olunmuş, suvarma arxı güya ərazidə mövcud olmuş suvarma kanalının yerində görülmüşdür. Həmin İdarədən verilmiş rəsmi sənədə əsasən suvarma kanalının üstdən eni 2,4 metr təşkil edir, lakin kanalın mühafizə zolaqları barədə məlumatı yerli bələdiyyədən əldə etməlidir. 2006-cı ildə iddiaçı həmin torpaq sahəsini bələdiyyədən satın alarkən orada heç bir suvarma arxı olmamışdır. İddiaçı torpaq sahəsindən çəkilmiş suvarma kanalının mühafizə zolağlarının parametrləri barədə məlumat verilməsi üçün rəsmi ərizə ilə 06.12.2019-cu il tarixdə Şabran rayon Uzunboyad bələdiyyəsinə müraciət etsə də bu günə kimi bələdiyyədən ona heç bir cavab verilməmişdir. Ona görə də, təxmini olaraq hesab edir ki, Suvarma kanalının mühafizə zolaqları hər tərəfdən 1,5 metr təşkil edər. Suvarma kanalının torpaq sahəsində keçən hissədə uzunluğu 40 metr təşkil edir, belə olan halda ərazisindən suvarma kanalının çəkilməsi nəticəsində torpaq sahəsinin 40 x (2,4+l,5+l,5)=216 kv.metr hissəsi suvarma kanalının altına düşmüşdür, yəni iddiaçı mülkiyyətində olan torpaq sahəsinin 216 kv metr hisəsindən istifadə etmək hüququndan məhrum olunmuşdur. Ona görə də, hesab edir ki, cavabdehlər mülkiyyətinə vurduqları zərərə görə iddiaçıya əvəzini ödəməlidirlər. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətinə vuqduqları maddi ziyanı 2000 manat hesab edir. Bundan da əlavə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Bu söhbət ortaya çıxandan sonra iddiaçı əsəb gərginliyi keçirir, ona görə də onların qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanı 1000 manat qiymətləndirir. Xahiş edir, cavabdehlərdən iddiaçının mülkiyyətinə vurduqları ziyanın əvəzi olaraq maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 3000 manat, həmçinin ödənilmiş dövlət rüsumu olan 30 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılsın. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini bununla əsaslandırlmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə əsassızdır və aşağıda göstərilən səbələrə görə ləğv edilməlidir. Belə ki, məhkəmə iş üzrə qətnamə çıxararkən 05 may 2021-ci il tarixli mütəxəssis rəyinə və 16 may 2021-ci il tarixli, 10/697 saylı ekspert rəyinə əsaslanmışdır ki, həmin rəylərdə mübahisəli su arxının iddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən keçmədiyi qeyd olunur. Sonuncu məhkəmə iclasında onun nümayəndəsi və vəkili Vəkil ekspertin 16 may 2021-ci il tarixli rəyinin əsassız olduğunu bildirərək iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verimişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ekspert rəyində ekspertiza qarşısında qoyulmuş suallara tam cavab verilməmişdir, belə ki, eskpertizanın təyin edilməsi barədə Şabran Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadında ekspert qarşısında qoyulan birinci sual “İddiaçı adna verilmiş **********52 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarda göstərilmiş 0.12 ha torpaq sahəsi hazırda tam həcmdə onun faktiki istifadəsindədirmi? Əgər tam istifadəsində deyildirsə, hansı ölçüdə çatışmır?” məzmunda əks olunmuşdur. Lakin ekspertin rəyində həmin suala cavab verilməmiş, sadəcə olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələlərinin Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.11.2020-ci il tarixli, **********77 saylı mütəxəssis rəyinə əsasən, DƏDRX tərəfindən İddiaçı qızna verilmiş **********52 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha torpaq sahəsindən su arxı keçmir. Həmin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən də görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən ayrılmış torpaq sahəsi arasında qismən uyğunsuzluq mövcuddur. Göründüyü kimi ekspert əlavə heç bir araşdırma aparmadan mütəxəssis rəyini təsdiq etməklə təkrarən qeyd edir ki, iddiaçının 0, 12 ha torpaq sahəsindən su arxı keçmir və qarşısında qoyulmuş birinci suala cavab verməmişdir. Ona görə hesab edir ki, ekspertiza tərəfindən ona məxsus 0.12 ha torpaq sahəsinin bütövlükdə istifadəsində olub-olmaması məsələsinə qəti aydınlıq gətirilmədən və mübahisəli su arxın müqavafıq qaydada təsdiq edilmiş smetasxema sənədlərinə uyğun çəkilməsini yoxlanılmadan həmin natamam ekspert rəyinə əsasən məhkəmə tərəfindən qətnamənin çıxarılması tamamilə əsassızdır. Qeyd etmək lazımdır ki, mütəxəssis rəyində iddiaçıya məxsus 0,121 torpaq sahəsinin 248 kv.m hissəsindən onun tərəfindən istifadə edilməməsi göstərilsə də, ekspertin rəyində bu məsələyə ümumiyyətlə toxunulmamışdır. Lakin mütəxəssi rəyində həmin çatışmayan 248 kv.m hissəsinin mübahisəli su arxının çəkilməsi nəticəsində iddiaçının istifadə edə bilməməsi barədə aydınlıq gətirilməmişdir. Bir sözlə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçı tərəfin təkrar ekspertizanın keçirilməsi barədə əsaslı vəsatətini təmin etməmiş və nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qət etmişdir. Onuda qeyd edir ki, eskpertiza rəyi vermiş ekspert mübahisəli əraziyə heç bir ölçmə cihazı gətirməmiş, cəmi 5-7 dəqiqə əraziyə baxış keçirib çıxıb getmişdir. Mütəxəssis və ekpertin rəylərinə görə ondan 361 manat tutularaq müvafiq hesablara köçürülməsi qeyd edilmişdir, halbuki həmin rəylər qarşısına qoyulmuş suallara cavab vermir. Hesab edir ki, bu cür işə baxmaqla məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nın 9,14,88 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Apellyasiya məhkəmə baxışında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisəni tam qanunauyğun həll etmişdir. Ona görə də şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh Şabran rayon Uzunboyad bələdiyyəsinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh Şabran rayon Uzunboyad bələdiyyəsinin nümayəndəsinin olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seiyalı, ******* saylı çıxarışdan görünür ki, İddiaçı Şabran rayonu, Uzunboyad kəndi ərazisindən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ 10.12.2014cü ildə qeydə alınmışdır. İşə əlavə edilmiş Cavabdeh1 tərəfindən X3 ünvanlanmış 03 dekabr 2019-cu il tarixli, 109 saylı məktubdan görünür ki, X5 İdarəsi tərəfindən Uzunboyad kəndinin sözü gedən ərazisində yeni bir kanal tikilmişdir. Uzun illərdən bəri fəaliyyət göstərən mövcud Şabrançay-3 torpaq məcralı suvarma kanalına beton üzlük verilmişdir. Şabrançay-3 suvarma kanalı kiçik ölçülü suvarma kanalı olduğuna görə onun üstən eni 2,4 m, dibdən eni 0,6 m, dərinliyi 0,6 metrdir. Kanalın mühafizə zolaqları barədə məlumatın yerli Bələdiyyədən əldə edə bilərsiniz, çünki mühafizə zolaqları bələdiyyənin balansında yerləşir. Yenə işə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş mübahisəli torpaq sahəsinin ölçü planından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı verilmiş **********52 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha torpaq sahəsindən su arxı keçmir. Ölçü planından aydın görünür ki, Sevda Əsgərovanın torpaq sahəsində sürüşmə var, yəni faktiki istifadə etdiyi torpaq sahəsi ilə rəsmi sənəd üzrə torpaq sahəsi üst-üstə düşmür. Bununla belə sxemdən aydın görünür ki, hər iki halda su kanalı Sevda Əsgərovanın torpaq sahəsinin kənarından keçir. Yenə də işə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 05 may 2021-ci il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş mübahisəli torpaq sahəsinin ölçü planından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı verilmiş **********52 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha torpaq sahəsindən 953 kvm hissəsini istifadə edir. DƏDRX tərəfindən İddiaçı verilmiş **********52 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha torpaq sahəsinin 248 kvm hissəsindən istifadə etmir. Mübahisəli su arxının (kanal) smeta-sxem sənədləri iş materiallarına təqdim edilmədiyi üçün qərardadda qoyulmuş sualın cavablandırılması mütəxəssis tərəfindən mümkün deyildir. Ölçü planından aydın görünür ki, Sevda Əsgərovanın torpaq sahəsində sürüşmə var, yəni faktiki istifadə etdiyi torpaq sahəsi ilə rəsmi sənəd üzrə torpaq sahəsi üst-üstə düşmür. Bununla belə sxemdən aydın görünür ki, hər iki halda su kanalı Sevda Əsgərovanın torpaq sahəsinin kənarından keçir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli, 10/697 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.11.2020-ci il tarixli, **********77 saylı mütəxəssis rəyinə əsasən, DƏDRX tərəfindən İddiaçı verilmiş **********52 reestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha torpaq sahəsindən su arxı keçmir. Həmin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən də görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən ayrılmış torpaq sahəsi arasında qismən uyğunsuzluq mövcuddur. Şabrançay-3 kanalının mübahisəli ərazidən keçən hissəsində dərinliyi və dib hissəsinin eni ekspertizaya təqdim olunmuş Şabrançay – 3 kanalının tipik en kəsiyi sxeminə uyğundur. Lakin həmin sənədlərdə mübahisəli ərazidən keçən hissənin torpaq sahələri göstərilməmişdir. Şabrançay-3 kanalının ekspertizaya təqdim olunmuş Şabrançay-3 kanalının tipik en kəsiyi sxemində və faktiki vəziyyətdə dib hissəsinin eni 0,6 təşkil edir. Şabrançay-3 kanalının suburaxma qabiliyyətinin 0,5 m3 /san olmasını nəzərə alaraq, həmin kanalın su mühafizə zonalarının minimum eni 5 metr təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, habelə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Qeyd edildiyi kimi iddiaçı Cavabdeh1 və Şabran rayon Uzunboyad bələdiyyəsi tərəfindən ona ziyan vurulmasını iddia edərək həmin ziyanın əvəzi kimi maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 3000 manat pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş mütəxəssis və ekspert rəylərindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı verilmiş **********52 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha torpaq sahəsindən su arxı keçmir. Ölçü planından aydın görünür ki, Sevda Əsgərovanın torpaq sahəsində sürüşmə var, yəni faktiki istifadə etdiyi torpaq sahəsi ilə rəsmi sənəd üzrə torpaq sahəsi üst-üstə düşmür. Bununla belə sxemdən aydın görünür ki, hər iki halda su kanalı Sevda Əsgərovanın torpaq sahəsinin kənarından keçir. Göründüyü kimi İddiaçı cavabdehlər tərəfindən ona maddi və ya mənəvi zərər vurmasını iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, cavabdehlərin günahı ucbatından ona ziyan dəyməsini sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kolegiyası iş üzrə müəyyən olunmuş faktiki hallara və mövcud sübutlara qiymət verərək hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq cavadehlərin mülkiyyətində olan torpaq sahəsinə zərərin vurulması, ona maddi və mənəvi zərərin dəyməsini və həmin əsaslarla da iddia tələbinin əsaslı və təmin edilən olmasını hər hansı bir rəsmi sənədlə sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işi düzgün araşdırmaması, ekspertiza tərəfindən ona məxsus 0.12 ha torpaq sahəsinin bütövlükdə istifadəsində olub-olmaması məsələsinə qəti aydınlıq gətirilmədən və mübahisəli su arxının müvafıq qaydada təsdiq edilmiş smeta-sxema sənədlərinə uyğun çəkilməsinin yoxlanılmadan həmin natamam ekspert rəyinə əsasən məhkəmə tərəfindən qətnamənin çıxarılmasının tamamilə əsassız olması, mütəxəssis rəyində iddiaçıya məxsus 0,121 torpaq sahəsinin 248 kv.metr hissəsindən onun tərəfindən istifadə edilməməsi göstərilsə də, ekspertin rəyində bu məsələyə ümumiyyətlə toxunulmaması, həmin çatışmayan 248 kv.metr hissəsinin mübahisəli su arxının çəkilməsi nəticəsində iddiaçının istifadə edə bilməməsinə aydınlıq gətirilməməsi barədə dəlillərinə qiymət verərək, həmin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə kimi qiymətləndirir. İddiaçının bu dəlilləri keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəylərlə tam təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün qanuni əsas kimi qiymətləndirlə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 2(031)- 34/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-34/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3052/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3052/2021
01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver