Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3056/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh qarşı Qaradağ Rayon Məhkəməsinin 2(002)-808/2020 saylı, 11.03.2020-ci i tarixli qətnaməsi ilə təyin olunmuş 110 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X2, 08 aprel 2017-ci il təvəllüdlü X3 və 11 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 (bir yüz) manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı məhkəməyə apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti verərkən müvafiq mülki iş üzrə qətnamənin Abşeron rayon məhkəməsi tərəfindən qəbul edilməsinə baxmayaraq, apellyasiya şikayətində “Binəqədi rayon məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini” qeyd etmiş, birinci instansiya məhkəməsi məhkəmənin adına diqqət yetirməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilərkən məhkəmənin adının səhv yazılmasını nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan apellyasiya şikayətini apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində məhkəmənin adı səhv yazıldığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3056/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3056/2021
01.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver