Məhkəmə qərarları › İş №2(105)-3069/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3069/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3069/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-135/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-135/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 3615 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 36, mənzil 26-dan ona məxsus Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 36, mənzil 21-ə su sızması nəticəsində dəymiş 4900 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, 36-cı blok, 21 saylı mənzil 3398 saylı, 23.05.2007-ci il tarixli müqavilə əsasında ona məxsusdur. 15 iyul 2019-cu il tarixdə ona məxsus Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 36, mənzil 21-ə Cavabdeh məxsus Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 36, mənzil 26-dan su sızmışdır. Bu barədə 19 iyul 2019cu il tarixli akt da tərtib olunmuşdur. Bu hal 2016-cı ildən başlayaraq dəfələrlə baş vermişdir. Lakin qonşu olduğunu nəzərə alıb bu barədə heç bir yerə şikayət etməmişdir. Hazırda isə məcbur olub məhkəməyə müraciət edir. Çünki cavabdehin mənzilindən su sızması nəticəsində onun mənzilinə 4900 manat məbləğində ziyan dəymişdir. Dəfələrlə mənzilin sahibinə müraciət edərək, dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmədə onun tərəfindən verilən izahat araşdırılmamış və müvafiq münasibət bildirilməmişdir. İddiaçı iddia edir ki, mənzilinə su məhz ona məxsus olan mənzildən sızmışdır. Məhkəmə onun mənzilində baş vermiş xəta nəticəsində suyun sızması faktını müəyyən etməmişdir. İşdə ola ekspert rəyində də qeyd edilir ki, iddiaçının mənzilinə su sızması onun mənzilindən baş vermişdir, lakin həmin su sızmasının hansı səbəbdən baş verməsi faktı müəyyən edilməmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, onun mənzilində olan su xətlərində nasazlıq mövcud deyildir. Onun təqsiri iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı və o, hündürmərtəbəli binada yaşayırlar. Məhkəmədə verdiyi izahatında da qeyd etmişdir ki, aşağı mərtəbəyə axan su onun mənzilinə də yuxarı mərtəbədən axır. Onun mənzilində olan bütün xətlər saz vəziyyətdədir, bunu keçirilən ekspertizanın rəyi də təsdiq edir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 23.05.2007-ci il tarixli, 3398 saylı müqavilənin surətindən görünür ki, satıcı “X6” MMC Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 36-cı blok, 5-ci mərtəbədə, 17 saylı mənzili alıcı İddiaçı satmışdır. İş materiallarında olan 27 dekabr 2019-cu il tarixli, 1127/C saylı arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km. ünvanda yerləşən “ünvan 2 (köhnə 17) qeydiyyatsız yaşayır. İş materiallarında olan Abşeron Gənclər Şəhərciyinin komendantı, sahə nəzarətçisi və santexnikinin iştirakı ilə tərtib edilmiş 19 iyul 2019-cu il tarixli aktdan görünür ki, İddiaçı müraciəti əsasında Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi blok 36, mənzil 21-ə baxış keçirilmiş və mütəxəssis tərəfindən blok 36, mənzil 21 ünvanına yuxarı mərtəbədə yaşayan Cavabdeh məxsus blok 36, 26 nömrəli mənzildən su axıdılaraq ziyan vurulduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 24 avqust 2020-ci il tarixli, 10/738 saylı rəyindən görünür ki, Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi, 36 saylı blok 21 saylı mənzilin tavanında, döşəməsində və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan Continental Construction and İndustrial Co LTD MMC-nin AGŞ əməkdaşları tərəfindən tərtib olunmuş 19.07.2019-cu il tarixli aktın məlumatlarına əsasən Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi, 36 saylı blok 21 saylı mənzilinə yuxarı mərtəbədəki 26 saylı mənzildən suyun sızması müəyyən olunur. Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi, 36 saylı blok 21 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 4095 manat məbləğində olduğu müəyyən edilir. İş üzrə keçirilmiş ekspertizanın 16 may 2021-ci il tarixli, 10/361 saylı rəyindən görünür ki, Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi, 36 saylı blok 21 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 26 nömrəli mənzildən suyun sızması müəyyən olunur. Lakin 26 saylı mənzilin sanitar qovşağında su və kanalizasiya xəttləri gizli şəkildə olduğundan, su və kanalizasiya xəttlərinin görünən yerlərində hər hansı nasazlıq olmadığından və faktiki olaraq su sızma mövcud olmadığından su sızmanın konkret olaraq hansı texniki səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə Cavabdeh məxsus Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksi, blok 36, mənzil 26-dan su sızmış, bu barədə 19 iyul 2019-cu il tarixdə akt tərtib olunmuşdur. İş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə də Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi, 36 saylı blok 21 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 26 nömrəli mənzildən suyun sızması, mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 4095 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin işdən görünür ki, dəymiş ziyanın aradan qaldırılması üçün cavabdeh tərəfindən iddiaçıya 480 manat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, Cavabdeh qətnaməni mübahisələndirdiyi hissəsində iddianın qiyməti 3615 manat təşkil edir, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(012)-135/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar