Məhkəmə qərarları › İş №2(105)-307/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-307/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-307/2025 10.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh, nümayəndəsi və Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü ildə isə 30000 manat məbləğində borc pul vermiş, cavabdeh xx.xx.2023-cü ildə götürdüyü 40000 manat pulun 25500 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30000 manat pulun 9000 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30000 manat pulun 9000 manatını və xx.xx.2023-cü ildə isə götürdüyü 30000 manat məbləğində pulun 6700 manatını ödəmişdir. Hazırda cavabdehin ona 79.800 manat məbləğində borcu var. Bu barədə onun əlyazması da var. Həmçinin Whatsap tətbiqində olan yazışmaları ilə də bu öz təsdiqini tapır. Bundan əlavə şahidlər də bunu təsdiq edirlər. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bahanələr gətirərək ona olan borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəf məhkəməyə etiraz və etiraz ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək son etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ona qarşı “pul tələbi”nə dair iddia qaldıraraq, ondan 79.800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmək istəyir ki, iddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir və aşağıdakı qaydada həmin iddiaya etiraz edir. Əvvəla cavabdehlə əvvəllər yaxşı münasibətləri olduğuna görə o, iddiaçıdan ayrı-ayrı vaxtlarda borc pul alaraq vaxtlı-vaxtında qaytarıb. Belə ki, ilk dəfə o, xx.xx.2023-cü il tarixdə İddiaçı 30.000 manat borca pul istəmişdir. Mənsurə də həmin pulu 36 faizlə verə biləcəyini, yəni 9000 manat faiz alacağını, 21 günə ödəmək şərti ilə mənə 21000 manat pul verə biləcəyini demişdir. O da məcbur qalaraq böyük faizlə o pulları Mənsurədən almağa razılaşmışdır. Beləliklə, o, Mənsurə adlı xanıma 21 gün ərzində 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1300 (200+800+300) + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 2000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 olmaqla, ümumilikdə 22.300 manat pul ödəyib. Daha sonra isə faizləri Mənsurəyə qaytarıb. Yəni onun Mənsurəyə hər hansı borcu qalmamışdır. (Bu barədə cavabdehin əlində olan ödənişlərlə bağlı əlyazma etiraza əlavə olunur). Onun Mənsurəyə borcu qalmadığına görə və ona artıqlaması ilə pullar ödədiyinə görə sonuncuda inam formalaşdırmışdır. Elə bunun nəticəsidir ki, xx.xx.2023-cü il tarixdə o, yenidən İddiaçı müraciət edərək sonuncudan borca 3000 manat pul istəmiş və sonuncu da 3000 manatın qarşılığında, 10 günə qaytarmaq şərti ilə 360 manat faiz alacağını bildirmişdir. O, da bununla razılaşmışdır. Beləliklə, o, 10 gün ərzində, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər gün 300 manat, cəmi 3000 manat pulu Mənsurə adlı xanıma ödəyib. Daha sonra 360 manat pulu sonuncuya qaytarıb. (Bu barədə cavabdehin əlində olan ödənişlərlə bağlı əlyazma etiraza əlavə olunur). Daha sonra xx.xx.2023-cü il tarixdə o yenidən İddiaçı borca 40.000 manat pul istəmişdir. Mənsurə də ona 28000 pul verə biləcəyini, üzərində 12000 faizə alacağını demişdir. O, da sonuncu ilə razılaşmışdır. Bundan sonra Mənsurə xx.xx.2023-cü il tarixdə 13000+1300+2700=17000, daha sonra xx.xx.2023-cü il tarixdə 2700, cəmi 19.700 manat pul vermiş, 8300 manat pulu sonradan verməmişdir. Yəni Mənsurə ona 28.000 əvəzinə 19.700 pul vermişdir. O, da həmin pulun qarşılığında xx.xx.2023-cü ildən başlayaraq ardıcıl olaraq 15 gün ərzində 1400 manatdan olmaqla, ümumilikdə 21.000 manat pul ödəmişdir. Faiz borcunu isə ödəyə bilməmişdir. Sonradan Mənsurə ondan faizləri və yuxarıda yarımçıq verdiyi pulun tamamını istəməyə başlamışdır. Bundan sonra ona hədə-qorxu gəlməyə, ailəsi ilə, uşaqları ilə hədələməyə başladı. Bundan sonra o, məcbur olub 10 iyul 2023-cü il tarixdən etibarən 7 günə 3700 manat olmaqla, cəmi 25.900 manat ələbəl, daha sonra 10.000 manat, 4 dəfə 500+500+500+500 manat və 2 dəfə də 400+400 manat olmaqla iddiaçının kartına pul ödəmişdir. O, iddiaçıya ümumilikdə 38.700 manat pul ödəyib. Bütün bunlara baxmayaraq o, Mənsurə adlı xanıma 40.000 manatın qarşılığında faizlərlə birlikdə 38.700 manatdan çox pul ödəsə də Mənsurə yenə də ondan faizə pullar istəməyə başlamışdır. O, isə bunun belə olmadığını bildirdikdə, sonuncu ona hədə-qorxu gəlməyə başlamış, ailəsini dağıdacağını və uşağına xəsarət yeticəyəni demişdir. O, artıq bu hədələrə dözməyərək Mənsurənin ondan 79.200 manat borc və 11.000 faiz istəməsi barədə kağıza əlyazma yazaraq bir nüsxəsini Whatsap proqramı vasitəsilə Mənsurəyə atmış və özünə qəsd edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra isə bu məqsədlə yaşadığı evdə olarkən özünü öldürmək üçün çoxlu dərman həbləri qəbul etmişdir. Lakin ailə üzvləri xəbər tutaraq özünü öldürməyə imkan verməmişdir. Bu hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda ətraflı araşdırılma aparılmış və izahatlar alınmışdır. Qeyd olunan qərar onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Bütün bunlara baxmayaraq Mənsurə yenə də ondan əl çəkməyərək guya ona 79.800 borcu olduğunu deyir. Əslində isə o, bütün borcunu artıqlaması ilə ödəyib. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri onun subyektiv mülahizələri olmaqla, hər hansı mötəbər sübuta əsaslanmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də iddiaçı X1 ona qarşı “pul tələbinə” dair iddiasının əsassız, heç bir sübuta əsaslanmadığından rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 1300 (bir min üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında faizlər hesablanmaqla qaytarmaq şərti ilə borc pul münasibətləri olmuşdur. Bu halı hər iki tərəf mübahisələndirməmişdir. Tərəflərin mübahisələndirdiyi məsələ cavabdehin iddiaçıya qalan borcunun məbləği ilə bağlıdır. İddiaçı tərəfindən cavabdehin borcunun dəqiq məbləği barədə məhkəməyə hər hansı əsaslı şübhədənkənar mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar (tərəflər arasında yazışmalar, cavabdeh tərəfindən yazılan əlyazmalar, səs yazıları, şahid ifadələri və s.) əsasında verilən borcun dəqiq məbləğini, borcun hansı hissəsinin qaytarıldığını, o cümlədən borcun hansı hissəsinin ödənilməmiş qaldığını müəyyən etmək mümkün deyil. Cavabdeh məhkəməyə təqdim etdiyi son etiraz ərizəsində (məzmunu bir neçə dəfə dəyişdirilmişdir) cavabdehdən ümumilikdə 40000 manat borc aldığını və həmin borcdan 38700 manat qaytardığını bildirməklə, iddiaçıya 1300 (**********) manat məbləğində borcunun qaldığını etiraf etmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,442,739.1, 739.2, 740.1, 740.2, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hər iki tərəfin təqdim etdiyi sübutlara səthi yanaşaraq araşdırmamış, əlaqəli şəkildə şərh etməmişdir. O, müxtəlif vaxtlarda fərqli məbləğlərdə əvvəlcədən güvənini qazanan və rəfiqəsi bildiyi Cavabdeh ümumi 79800 manat məbləğində pul vermişdir. Aralarında yaranmış işgüzar adətlərdən dolayı pul vermə mexanizmi hər iki tərəfin arasında “borc-qalıq” dəftərlərini “Whatsapp” mesajlarında eyniləşdirilərək dəqiqləşdirilirdi. Hər iki tərəf məhz həmin dəftərə uyğun olaraq sübutlarını məhkəməyə təqdim etmişdir. Təqdim edilən sübutlar (whatsapp mesajları) ümumiyyətlə məhkəmə iclaslarında müzakirə predmeti olmamış, eyni zamanda qətnamədə onlara münasibət bildirilməmiş, lakin iş materiallarına əlavə edilmişdir. Halbuki, həmin sübutlara əsasən müəyyən nəticələrə gəlmək olar. Belə ki, münasibətlər pisləşənədək aydın görünür ki, cavabdehin borcları tək iddiaçı qarşısında deyil. Yazışmalardan görünür ki, Cavabdeh iddiaçıya fərqli vaxtlarda bildirir ki, “dünən inanırsan gedirdim polisə ki, məni tutun ee canım qurtarsın axırda arvada zəng elədilər ki bu qızı tuta bilmirik”, “səbirli ol, məndə eləyəm, özümə ancaq ucuz ölüm arzulayıram”, “Allah Şəlaləni öldürsün, adamı o qədər loteriyada p... salarlar, onuda yazacam qoy getsin mən necə içəridə çürüyəcəm qoy oda çürüsün”,“mənim çətinliyim faizləri dayandırmaqdı Fəridə də dayandırmır”, “dünən bibim yalvarıb çaşarsan özüvə nəsə edərsən”, “Ruhən ölmə bax mən bu gün ruhən ölmüşəm”, “İnanki mən bilirsiz niyə susuram dilləndim bilirəm də polis polis deyirlər, polisə də getdim lazımdı borcdu canım çıxacaq işləyib qaytaracam, amma ki mən çox yukləndim, mən olanı da deyirəm başdanda loterialar dağıtdı, Şəlalə dağıtdı deye bilmədim qız qaçdı”, “mənim qisasım o olacaq ki onlar kimdi ki məni hədələməlidir, mən onlara dedim siz bu pulu alasız amma illər gələcek siznən yənə görüşəcəyik, bu qədər, borcdu kişinin başına iş gələr, Allah haqqı hec nədəndə qorxmuram, İnanırsan 5 il bundan qabaq çıxdım dövlətin qabağına dedim bilirsiz nə var bankdı dollardı qalxıb mənim problemim deyilki gedin tutun ya da bölün 5 ilə 10 ilə bağlayacam”, “az biləsəm ki ölmərəm özümü ataram bir maşın altına(smillar), Allah sizi güldürsün, Yaxşı ki varsız Allah”, “elece satsaydılar evi, onsuzda iyrənirəm evden, gedib kirayədə qalacam onsuzda”, “Məsi dua edin Allah yox yerdən elə qapı açsın ki, hamının qəlbinə səbr insaf salsın sağ-salamtcılıq aşım bu işi”.... Yuxarıda göstərilən mesajlar məhkəməyə təqdim edilmişdir. Görünən odur ki, mübahisədən əvvəl onunla cavabdeh çox yaxın münasibətdə olublar, öz ailə problemlərini müzakirə etmişlər və s. Cavabdeh bildirir ki, Şəlalə və Fəridə adlı şəxslər qarşısında borcları var. Cavabdeh fərqli vaxtlarda başqalarının qarşısında olan borca görə özünü öldürmək istəyir və ya o obrazı yaradır ki, iddiaçının güvənini və etibarını qazansın. Görünür ki, cavabdeh illər öncə də borcları olmuş, daimi borc ilə bağlı mübahislər olub. Kimlərsə cavabdehi polisə getmək ilə bağlı hədələyir, habelə polisə könüllü olaraq borcu olmasını etiraf edir ki “kişinin borcu olar da”. Cavabdeh borclarını bağlamaq üçün evini satışa çıxarıb (həqiqət olub-olmadığı bilinmir), guya kirayədə qalmaq qənaətinə gəlmiş və s. Birinci instansiya məhkəməsində isə cavabdeh məhkəmənin daxili inamı yaranması üçün taktika istifadə edərək, bildirir ki, guya məhz iddiaçının hərəkətləri və uşağı ilə hədəsi onu özünü öldürməyə cəhd etməsinə vadar etmişdir. Halbuki, onunla bağlı heç bir sübut təqdim etmir və bununla da borclu obrazını pərdələyərək zərərçəkmiş obrazı yaradır. Daha sonra məhkəmə kollegiyasının diqqətini iş materialların əlavə edilmiş “hesabat dəftərinə” çəkmək istəyir. Yuxarıda qeyd etdiyi kimi tərəflərin arasında daimi ticarət münasibətləri olduğundan hər iki tərəf bir birinə o dəftərdə yazılan hesabatı göndərirdi və ona uyğun qeydlər aparırdı. Cavabdeh tərəfindən məhkəməyə sübut kimi təqdim edilən vərəqə cavabdeh özünə uyğun sonrada müdaxilə etmişdir. Belə ki, eyni vərəq şəkil formasına eynişləşdirmək üçün iddiaçının mobil telefonunda saxlanmışdır. Cavabdehin göndərdiyi vərəqdə ödəniş göstərilməyib, lakin məhkəməyə gələndə qabağına “+” qoyulmuşdur. Bu isə o deməkdir ki, həmin sübut etibarsızdır, həqiqəti əks etdirmir, sonradan borcdan yayınmaq üçün həmin vərəqə sanki “+” qoyaraq borcu qaytarılmış kimi məhkəməni inandırmağa çalışmışdır. Sübutlar müqayisəli şəkildə təqdim ediləcəkdir. Eyni zamanda cavabdeh etirazında məhkəməyə ancaq şifahi olaraq bildirir ki, guya ki o, borcunu qaytarmışdır. Halbuki, borcun qaytarılması ilə bağlı heç bir sübut təqdim edilməmiş, ancaq həmin o “hesabat dəftərindən” özü tərəfindən istədiyi kimi müdaxilə olunmuş qaralamalar. Cavabdeh bildirir ki, o, iddiaçı qarşısında borcları ödəmişdir. Lakin hansı şəkildə, kimə və necə həmin borcu ödəmişdir məhkəmə aydınlaşdırmamışdır. Cavabdeh və onun nümayəndəsi etirazı və etiraza dəqiqləşdirməni prosessual müddəti pozaraq təqdim etmiş, həmin hal məhkəmə protokolunda qeyd edilməyərək icraata götürülmüşdür. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə salonda tanış olmuşdur, ona xəstəxanada çalışdığını, lotoreya oyunları təşkil etdiyini bildirmişdi. Cavabdeh onun Sədərəkdə mağazalarının olduğunu bilirdi. Bir dəfə onui xəstəxanaya aparmış və orada bir aparat göstərərək həmin aparatdan yaxşı gəlir götürməyin mümkün olduğunu bildirmiş və onu almaq üçün ondan 30000 manat məbləğində borca pul istəmişdir. Ondan qabaq ondan 40000 manat pul almış, həmin pulu lotoreya oyunun təşkili ilə əlaqədar aldığını bildirmiş, həmin borcdan 25500 manatı ödəmiş, sonra 30000 manat götürmüş, ondan 9000 manat qaytarmışdır, 30000 manat diş həkiminə, 30000 manat isə qeyd etdiyi aparatı almağa borc götürmüşdür. Ümumilikdə cavabdeh ondan 130000 manat borc almışdır. Faiz məsələsi olmayıb, sadəcə borcunu qaytaranda hədiyyə olaraq əlavə pul verəcəyini bildirmişdir. 30000 manatın üstündə cavabdeh 3000 manat pul verəcəkdi, lakin verməmişdir. Cavabdeh aldığı borcları bir ay ərzində geri qaytarmalı idi. Sonuncu dəfə 79800 manat əsas borcu var idi. Verdiyi borc məbləğlərinin hər biri yazışmalar və səsyazıları ilə öz təsdiqini tapır. 79200 manat cavabdehin əsas borcu, 30800 manat başqası üçün götürdüyü borcdur, 30800 manatı geri qaytarıb. Ümumilikdə 130000 manat əsas borcdan 79800 manat borcu qalıb, 30800 manatın 130000 ilə əlaqəsi yoxdur. Borcları dəqiq hansı tarixdə verdiyini xatırlamır. Verdiyi borcları cavabdeh bir ay müddətində qaytarmalı idi. 40000 manatı qaytaranda əlavə 3000 manat verilməli idi. İkinci dəfə 30000 manat borc pul vermiş, cavabdeh qarşılığında 3000 manat əlavə pul verəcəkdi. Axırıncı dəfə nə zaman borc pul verdiyini xatırlamır. Hazırda qarşı tərəfin ona 79800 manat borcu var. Bütün yazışmalar və səs yazılarını birinci instansiya məhkəməsində vəkilinə təqdim edib.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi hər iki tərəfin təqdim etdiyi sübutlara səthi yanaşaraq araşdırmamış, əlaqəli şəkildə şərh etməmişdir. Eyni zamanda, cavabdehin təmsil etdiyi şəxsə borcunun olduğunu təsdiq edən yazışmalar və audio yazılar vardır ki, qətnamədə həmin sübutlara istinad edilməmişdir. Cavabdeh təmsil etdiyi şəxsə lotoreya oynadığını, nəticədə borclarının yarandığını bildirmiş, ona görə də iddiaçıdan borca pul istəmişdir. Təmsil etdiyi şəxs birinci instansiya məhkəməsində 4 hesab dəftəri və yazışmalara dair görüntüləri təqdim etmişdir. Məhkəməyə təqdim etdiyim yazışmalardan görünür ki, təmsil etdiyi şəxs tərəfindən cavabdehə qarşı hər hansı təzyiq göstərilməmiş, cavabdehin başqa şəxslərə ümumilikdə 350000 manata yaxın borcu olmuşdur. Eyni zamanda, iddiaçının faizlə borc verməsi barədə heç bir yazışma yoxdur. Cavabdeh evini satıb borcunu qaytaracağını bildirmiş, bununla da xeyli miqdarda borcu olduğunu təsdiq etmişdir. Bununla bərabər 79000 manat borcdan 1000 manat ödəməsinə dair yazışma onu göstərir ki, cavabdeh iddiaçıya həmin məbləğdə borcu olduğunu qəbul etmişdir. Səsyazısında olan 110000 manat ümumi borcdur. Cavabdehin 79400 manat borcdan 1400 manat ödədiyini qəbul edirlər.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı 30000 manat borca pul verdiyini bildisə də 9000 manat faiz hesablayaraq, həmin məbləği öncədən çıxmış, cəmi 21000 manat vermişdir. Həmin borcu 21 gün müddətində geri qaytarmışdır. İddiaçıdan nağd 43700 manat almışdır. Hazırda başqa şəxslərə borcu var. Aldığı borc məbləğlərinin müəyyən hissəsini xərcləyib, qalanını faiz olaraq iddiaçının özünə gündəlik qaytarıb. İddiaçıdan 40000 manat, 3000 manat və 30000 manat məbləğində borca pul almış, artıqlaması ilə qaytarmışdır. Cəmi 1300 manat əsas borcu qalıb. Səs yazılarında sözügedən 110000 manat məbləği faiz borcu olub, ona qədər bütün əsas borcları geri qaytarıb. Hesab dəftərində qeyd olunan 30800 manat məbləğində borcu bir günə iddiaçıya nağd şəkildə ödəmişdr. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçıdan 30000, 40000 və 3000 manat məbləğində borc almış, lakin faizi əvvəlcədən çıxılmaqla faktiki olaraq ona 43700 manat pul verilmişdir. 40000 manatlıq borc məbləğinə görə onadan 12000 manat faiz çıxaraq, fakriki olaraq ona 28000 manat verilmişdir.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, şikayətin dəlilləri düzgün əsaslandırılmayıb, qarşı tərəfin vəkilinin qeyd etdiyi məsələlər birinci instansiya məhkəməsində iddiaçının əvvəlki vəkilinin iştirakı ilə müzakirə olunmuş, tədqiq edilmişdir. Qarşı tərəf məhkəməyə sübut təqdim etməmiş, yalnız şahid ifadələrinin sübut kimi qiymətləndirilməsini xahiş etmiş, ifadələr mötəbər sübut hesab edilməmişdir. Hesab kitabını məhkəməyə təqdim edəcəklərini bildirsələr də, təqdim etməmişlər. Tərəflər arasında üç dəfə pul öhdəliyi olmuş, birinci dəfə iddiaçı təmsil etdiyi şəxsə 30000 manat borc vermiş, cavabdeh həmin borcu artıqlaması ilə geri qaytarmışdır. Cavabdeh ikinci dəfə 3000 manat borc almış, 360 manat faiz hesablanmış, təmsil etidiyi şəxs həmin vəsaiti də geri qaytarmışdır. Sonuncu dəfə cavabdeh 40000 manat məbləğində borc istəmiş, iddiaçı 28000 manat verə biləcəyini və qarşılığında 12000 manat faiz alacağını bildirmişdir. Gecikmələr olduğundan iddiaçı faizlər, cərimələr olduğunu bildirmiş, daha çox məbləğ tələb etmişdir.

İşdə olan sübutlar

14. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Mənsurə ilə faktiki nikah münasibətlərindədir. Yeganəni də iddiaçının rəfiqəsi kimi tanıyır. Aralarında ilk öncə alver, daha sonra isə pul münasibətləri olub. İddiaçı Yeganəyə 8000 manat, 10000 manat və 12000 manat məbləğində borc pullar verib. Ümumilikdə 79800 manat borc hesablanıb. Bildiyinə görə həmin borcdan heç nə qaytarılmayıb.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki iddiaçı onun bacısıdır. Yeganə də onun evinə tez-tez gəlib-gedib, yəni münasibətləri yaxın olub. Yeganəyə pul lazım olanda həmişə bacısına demiş və bacısı da ona borc vermişdir. Bacısının Yeganəyə 3 dəfə pul verməsinin şahidi olub. Belə ki, həmin məbləğləri bilavasitə özü verib. Bacısının pulları onda olduğu üçün Yeganəyə pul lazım olanda bacısı ona demiş, o da bacısının pulundan götürüb Yeganəyə vermişdir. Bir dəfə 7000 manat, bir dəfə 100 dollar pul verib. Həmçinin bir dəfə də şəxsi kartından təxminən 2500-2700 manat Yeganəyə pul göndərib. Bacısı Yeganəyə lotereya oynadıqları üçün pul verib. Pullar manat və dollarla verilmişdir. Pulların verilmə tarixi dəqiq yadında deyil.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi (borc müqaviləsi üzrə həmçinin əvvəlki redaksiya)

329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.

21. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, tərəflər arasında olan pul münasibətlərinə dair işdə olan sübutlar yalnız onlar arasındakı “Whatsapp” tətbiqindəki birinin digərinə göndərdiyi yazılı mətnlər, səs yazıları, cavabdehə məxsus əlyazmaların fotoşəkilindən və tərəflərin izahatlarından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi isə işdə olan sübutları qarşıqlıqlı təhlil etmədən, verilən borcun dəqiq məbləğini, borcun hansı hissəsinin qaytarıldığını, o cümlədən borcun hansı hissəsinin ödənilməmiş qaldığını müəyyən etməyin mümkün olmadığını əsas gətirib, cavabdehin iddiaçıdan ümumilikdə 40000 manat borc alması və həmin borcdan 38700 manat qaytarmasına dair izahatını mötəbər sübut qismində qiymətləndirərək, cavabdehdən 1300 manat pul tutmaqla, iddianı qismən təmin etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, tərəflər arasında “Whatsapp” tətbiqindəki yazışmalar və göndərilən səs yazıları birinci instansiya məhkəməsinə pərakəndə formada təqdim edildiyindən, tərəflər arsındakı pul münasibətləri üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmə kollegiyasının təklifinə əsasən iddiaçı tərəfindən “Whatsapp” tətbiqindəki bütün yazışmalar və göndərilən səs yazıları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etmişdir.

23. Təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalardan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:22-dən saat 15:23-ə dək olan dövr ərzində aralarındakı pul münasibətlərinə görə hesabat apararaq 4 ədəd əlyazmanın fotoşəklini çəkərək aşağıdakı ardıcıllıqla iddiaçıya göndərmişdir: 00000206-PHOTO-2023-07-08-15-22-14 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, hər ödəniş məbləği 2000 manat olmaqla, 20 ödəniş üzrə 40000 manat pulun ödənişi qaydası əks olunuş, 10 ödəniş üzrə 2000 manatlıq ödənişlərin qarşısına + (müsbət) işarəsi qoyulmuş, qalan 10 ödəniş üzrə isə - (mənfi) işarəsi qoyulmuş, naməlum hesablama aparılaraq 29500 manat nəticə alınmışdır; 00000207-PHOTO-2023-07-08-15-22-29 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, 30000 manat pul məbləği qeyd olunmuş və 20 ödəniş üzrə 30000 manat pulun ödənişi qaydası əks olunuş, 6 ödəniş üzrə 1500 manatlıq ödənişlərin qarşısına + (müsbət) işarəsi qoyulmuş, qalan 14 aylıq dövr üzrə isə - (mənfi) işarəsi qoyulmuş və naməlum hesablama aparılmışdır; 00000208-PHOTO-2023-07-08-15-22-47 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, 30000 manat üzərindən müəyyən hesablamalar aparılaraq, 2060 manat nəticə əldə edilmişdir; 00000209-PHOTO-2023-07-08-15-23-03 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, 30000 manat qeyd olunmuş və yalnız birinci ödəniş üçün 1500 rəqəmi qeyd olunmaqla, qarşısında + (müsbət) işarəsi qoyulmuşdur.

24. Həmçinin, cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:57-də cavabdehə aralarındakı pul münasibətlərinə görə yekun hesablamaya dair əlyazmanın fotoşəklini (00000292-PHOTO-2023-07-08-18-57-57) saylı çəkərək iddiaçıya göndərmişdir. 00000292-PHOTO-2023-07-08-18-57-57 saylı fotoşəkildəki əlyazmada cavabdeh 40000, 30000, 3000 və 30000 rəqəmlərini qeyd edib toplamaqla, yekunda 130000 (yüz otuz min) qeyd etmək istədiyi halda 13000 (on üç min) rəqəmini qeyd etmişdir. Ehtimal olnur ki, cavabdeh 3000 (üç min) rəqəmini 30000 (otuz min) rəqəmi zənn etməklə hesablama aparmaqla, 130000 rəqəmini əldə etmişdir. Hərçənd ki, həmin rəqəmlərin cəmi 130000 (yüz otuz min) deyil, 103000 (yüz üç min) təşkil etmişdir. Daha sonra isə cavabdeh müəyyən hesablamalar apararaq, 50600 rəqəmini əldə etmiş və həmin rəqəmi 13000 (on üç min) rəqəmindən əslində isə 130000 (yüz otuz min) rəqəmindən çıxmaqla, yekunda 79400 manat rəqəmini əldə etmişdir ki, bununla da cavabdeh riyazi hesablamada səhvə yol vermişdir.

25. 00000210 və 00000215 saylı səs yazılarında cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:22-dən saat 15:23-ə dək olan dövr ərzində aralarındakı pul münasibətlərinə görə hesablamaya dair iddiaçıya heç nə hesablaya bilmədiyini, beyninin qarşdığını nə hesablaya biləcəksə iddiaçının hesablamasını bildirir ki, qeyd olunan səs yazıları ilə də cavabdehin hesablama aparmaqda çətinliklərinin olması müəyyən olunur.

26. 20 iyul 2023-cü il tarixdə göndərilmiş 00000324-PHOTO-2023-07-20-21-26-16 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunmaqla, 79200-30800 rəqəmləri qeyd olunmuş, aşağı hissəsində isə 11000 rəqəmi qeyd olunmaqla, müəyyən hesablar aparılmışdır. İddiaçıya göndərilmiş həmin əlyazmada 4 ödəniş üçün hər birinin qarşısında 3700 manat qeyd olunmaqla, sonrakı ayların qarşısında hər hansı bir rəqəm qeyd olunmamışdır. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş həmin əlyazmanın əslində 7 ödəniş üçün hər birinin qarşısında 3700 manat qeyd olunmaqla, sonrakı ayların qarşısında hər hansı bir rəqəm qeyd olunmamışdır.

27. 27 iyul 2023-cü il tarixdə saat 15:45-də göndərilmiş 00001128-PHOTO-2023-07- 27-15-45-54 saylı fotoşəkildə isə cavabdeh 79200-11000 faizi sözləri yazılmaqla, müəyyən hesablamalar aparılmışıdır.

28. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixi göstərilmiş əlyazmanın əslində 30000-9000=21000 manat pul məbləği qeyd olunaraq, müəyyən hesablamalar aparılmışdır.

29. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixi göstərilmiş əlyazmanın əslində 3000 manat pul məbləği qeyd olunaraq, müəyyən hesablamalar aparılmışdır.

30. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixi göstərilmiş əlyazmanın əslində 40000 manat 14400 faizi, 28 gün 1400 manatdan sözləri qeyd olunaraq, müəyyən hesablamalar aparılmışdır.

31. 25-27-ci paraqraflarda qeyd olunan, əsli məhkəməyə təqdim edilmiş əlyazlmalar iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalarda mövcud olmamışdır.

32. İddiaçı ilə cavabdeh arasında borca dair şifahi müqavilələrin bağlanma tarixlərinə dair ziddiyətlər olmuşdur. Belə ki, iddiaçı borc pulların 4 dəfə olmaqla xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə verildiyini, cavabdeh isə borc pulları 3 dəfə olmaqla xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə aldığını iddia etmişdir.

33. Məhkəmə kollegiyası yalnız tərəflər arasında münasibət pozulanadək aralarında olan “Whatsapp” tətbiqindəki olan yazışma, səs yazısı və fotoşəkillərdə olan əlyazmalar sübut qismində qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda istinad olunan əlyazlmalar iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalarda mövcud olmadığından sübut qismində qəbul edilməmişdir. Belə ki, həmin əlyazmaların sonradan da cavabdeh tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilməsi mümkün olan hal olmaqla yanaşı, həmçinin cavabdeh tərəfindən tərtib edilmiş həmin əlyazlamalar “Whatsapp” tətbiqində iddiaçıya göndərilmiş cavabdehin öz əlyazmaları ilə uyğunluq təşkil etməmişdir. Yəni, “Whatsapp” tətbiqində göndərilmiş əlyazmalarda xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri qeyd olunsa da məhkəməyə əsilləri təqim edilmiş 3 ədəd əlyazmada borc tarixləri xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri kimi qeyd olunmşdur ki, bununla da həmin əlyazmaların mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olmamışdır.

34. Yuxarıda qeyd olunduğu kimi 00000292-PHOTO-2023-07-08-18-57-57 saylı fotoşəkildəki əlyazmada cavabdehin riyazi səhvə yol verərək 103000 (yüz üç min) əvəzinə 130000 (yüz otuz min) rəqəmini əldə etmişdir ki, ödəniş məbləği olan 50600 (əlli min altı yüz) rəqəmini də həmin səhv hesabladığı 130000 (yüz otuz min) məbləğindən çıxaraq yekunda 79400 manat boc rəqəmini əldə etmişdir.

35. Məhkəmə kollegiyası nəzərə almışdır ki, tərəflər arasındakı “Whatsapp” tətbiqində olan digər yazışmalarda və səs yazılarında 130000 (yüz otuz min) manat borcun verilməsi ilə bağlı hər hansı bir məlumat mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz cavabdehin səhv hesablama aparması nəticəsində ona göndərdiyi qeyd olunan əlyazmadakı qeydə əsaslanraq, cavabdehə 130000 manat pul verdiyini iddia edib, həmin pullardan 50200 manat ödənilməsini qəbul etməklə, cavabdehdən 79800 manat pul tələb etmişdir ki, qeyd olunan məbləğ də cavabdehin səhvən gəldiyi 79400 manat pul məbləği nəticəsinə uyğun olmuşdur. Hərçənd ki, cavabdehin hesablamasındakı səhv nəzərə alınmadığı təqdirdə iddiaçı cavabdehdən (103000-50200=52800) 52800 manat pul məbləğini tələb etməli idi.

36. Yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü ildə isə 30000 manat məbləğində borc pul verdiyini iddia etsə də iş materiallarında olan sübutlarla iddiaçının cavabdehə ümumilikdə 130000 manat pul verməsi öz təsdiqini tapmamışdır. Tərəflər arasındakı “Whatsapp” tətbiqində olan xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 00000465 nömrəli səs yazısında cavabdeh iddiaçıya onda 110000 manat pulu olduğunu bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında bu məbləğin qalıq borca yüksək faiz hesablaması ilə bağlı əldə edildiyini bildirmişdir. Lakin, həmin məbləğ iş materiallarında olan sübutlarla uyğunluq təşkil etməmişdir ki, bununla da cavabdehin bu etiraz dəlili inandırıcı olmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində cavabdehə xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü ildə isə 30000 manat məbləğində borc pul verdiyini iddia etsə də yuxarıda istinad olunan fotoşəkillərdəki əlyazmalarla iddiaçının pulun verilməsi tarixlərinə münasibətdə yalnız xx.xx.2023-cü il tarixli 40000 manatlıq və xx.xx.2023-cü il tarixli 30000 manatlıq pulun verilməsi uyğunluq təşkil etmişdir. Digər fotoşəkillərdəki əlyazlmalar isə xx.xx.2023-cü il tarixdən əvvəllə aid olmaqla, iyun ayının əvvəllərini əhatə etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 30000 manat və xx.xx.2023-cü ildə tarixdə 30000 manat pulu verilməsi sübut olunmur ki, belə olduğu təqdirdə 26 iyun 2023-cü il tarixdən sonra cavabdehin etiraf etdiyi kimi iddiaçıdan yalnız ümumilikdə 73000 manat pulun alınması müəyyən edilir. Bununla yanaşı iddiaçı tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə verilməsi iddia olunan 30000 manatlıq pul məbləğləri, ay fərqi ilə iddiaçının 00000208-PHOTO- 2023-07-08-15-22-47 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunan 30000 manatlıq (həmin hesablama ilə borcun demək olar ki, tam olaraq ödənilməsi müəyyən edilir ki, iddiaçının isə buna dair yazışmalarda hər hansı etirazı müəyyən olunmur) və 00000209- PHOTO-2023-07-08-15-23-03 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunan 30000 manatlıq pul məbləğlərinə uyğun gəlmşdir. Qeyd olunan uyğunluq nəzərə alındıqda, xx.xx.2023-cü il tarixi qeyd olunan 30000 manatlıq borcisə nəzərə alınmadıqda iddiaçı tərəfindən 103000 manat pulun verilməsi müəyyən edilir.

38. İddiaçı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən əvvəlcədən faiz çıxılmaqla, 40000, 30000 və 3000 manat olmaqla, ümumilikdə 73000 manat borc pul müqabilində ona faktiki olaraq 43700 manat pul verildiyini etiraf etsə də yuxarıda qeyd olunan 00000292-PHOTO-2023-07-08-18-57-57 saylı fotoşəkildəki əlyazma ilə cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 40000 manat, 30 iyun 2023-cü il tarixdə 30000 manat, özünün etirafına əsasən isə 3000 manat pulun verilməsinə dair şifahi borc müqaviləsinin bağlanması müəyyən edilir. Cavabdeh etirazında 40000 manat müqabilində 12000 manat, 30000 manat müqabilində isə 9000 manat faiz məbləğinin əvvəlcədən borc müqaviləsindəki puldan götürlməsini iddia etmişdir ki, məhkəmə təcrübəsində müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər arasında bu cür qaydanın da tətbiq edilməsi hallarına rast gəlinməkdədir. Hazırkı işin hallarından da tərəflər arasındakı razılaşmanın qeyd edilən formada olması ehtimal olunmuşdur. Belə ki, iddiaçı məhkəmə iclaslarında pul məbləğinin cavabdehin iddia etdiyi faizlə olmasa da müəyyən faiz məbləği ilə verdiyini etiraf etmişdir (11000 faizə dair də tərəflər arasında əlyazma göndərilməsi də nəzərə alınmaqla) ki, iş materiallarında olan 00000209-PHOTO-2023-07-08-15-23-03 saylı fotoşəkildəki əlyazma ilə xx.xx.2023-cü il tarixdə verilmiş 30000 manat pulun 20 dəfəyə olmaqla hər dəfə üçün 1500 manat, 00000206-PHOTO-2023-07-08-15-22-14 saylı fotoşəkildəki əlyazma ilə xx.xx.2023-cü il tarixdə verilmiş 40000 manat pulun 20 dəfəyə olmaqla hər dəfə üçün 2000 manat, 00000207-PHOTO-2023-07-08-15-22-29 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixdə verilmiş 30000 manat pulun 20 dəfəyə olmaqla hər dəfə üçün 1500 manat ödənilməsi razılşadırılsa da həmin əlyazmalar da faiz məbləğinə dair hər hansı bir hesablama müəyyən edilməməkdədir. Belə olduğu təqdirdə, yəni faizlərin əvvəldən çıxılmaqla pulların verilməsi nəzərə alındıqda qeyd olunan müqavilələr üzrə cavabdehə (103000-12000-9000-9000=73000) ümumilikdə 73000 manat pulun verilməsi öz təsdiqini tapır. İddiaçı isə iddia ərizəsində cavabdeh tərəfindən 50200 manat ödənişin edilməsini etiraf etməklə yanaşı, 00000292- PHOTO-2023-07-08-18-57-57 saylı əlyazmadakı 50600 manatlıq ödənişə dair hər hansı bir etirazının olmaması nəzərə alındıqda, cavabdehin iddiaçı qarşısında (73000- 50600=22400) 22400 manat pul öhdəliyinin olması müəyyən edirir.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü ildə isə 30000 manat məbləğində borc pul verdiyini iddia etsə də iş materiallarında cavabdeh tərəfindən yazılı şəkildə 26 iyun 2023-cü il tarixdən sonra təsdiqlənmiş yalnız xx.xx.2023-cü il tarixli 40000 manat və xx.xx.2023-cü il tarixli 30000 manat pulun verilməsinə dair sübutlar olmuş, xx.xx.2023 və xx.xx.2023-cü il tairxlərdə pulun verilməsinə dair hər hansı bir sübut mövcud olmamışdır. Belə olduğiu təqdirdə də iddiaçının cavabdehə 70000 və cavadbdehin özünün etirafı olan 3000 manat olmaqla, cəmi 73000 manat borc verməsi müəyyən edilir ki, faizlərin əvvəlcədən çıxılmadan borcun verilməsi güman edildiyi təqdirdə və yuxarıda qeyd olunan 50600 manatlıq ödənişdə nəzərə alındıqda cavabdehin iddiaçı qarşısında (73000-50600=22400) yenə də 22400 manat pul öhdəliyinin olması müəyyən edirir.

40. Məhkəmə kollegiyası hər iki tərəfin izahatlarında ziddiyyətlərin olmasını, izahatların mövcud yazılı sübutlarla uyğunlaşmamasını, iş materiallarında olan sübutları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 40000 manat, 30 iyun 2023-cü il tarixdə 30000 manat, özünün etirafına əsasən isə may ayında 3000 manat pulun verilməsinə dair şifahi borc müqaviləsi bağlanmış, 40000 manatlıq borc pula görə 12000 manat, 30000 manatlıq borc pullara görə isə hər biri üçün 9000 manat faiz məbləği müəyyən edilməklə, əvvəlcədən verilməsi iddia olunan puldan çıxılmaqla, iddiaçı tərəfindən cavabdehə faktiki olaraq ümumilikdə 73000 manat pul verilmiş, cavabdeh tərəfindən isə 50600 manat ödəniş edilmişdir ki, bunula da cavabdehin iddiaçı qarşısında 22400 manat məbləğində pul öhdəliyi yaranmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023, xx.xx.2023 və 30 iyun 2023-cü il tarixli borc müqavilələri üzrə məbləğ üç min manatdan çox olsa da, tərəflər borc verildiyi zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar ki, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddəsinin tələbinə əsasən həmin müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından əhəmiyyətsiz, etibarsız əqd olmuşdur. Tərəflər arasında bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd hesab olunsa da cavabdehin iddiaçıdan manat borc götürməsi iş materialları ilə təsdiq olunduğundan o, həmin məbləğin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçıya qaytarmaq öhdəliyi daşımışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 4171/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməli, Cavabdeh 22400 manat alınaraq İddiaçı verilməli, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 100 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməli, iddia tələbinin qalan hissədə təmin edilməməlidir.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22400 (iyirmi iki min dörd yüz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar