Məhkəmə qərarları › İş №2(105)-3076/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3076/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3076/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şuşa Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(077)-146/2021-007 nömrəli qətnaməsindən iddiaçı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şuşa Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq “Azəriqaz" İstehsalat Birliyinin Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153, VÖEN**********, M/HAZ03NABZ********************, SWİFTİBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "Azəriqaz" İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1784,75 (bir min yeddi yüz səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində zərərin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1814,75 (bir min səkkiz yüz on dörd manat yetmiş beş qəpik) pulun tutularaq “Azəriqaz” İB-nin Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFTİBAZAZ2X,Azəriqaz İB, VÖEN **********, İBAN:AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə Cavabdeh arasında 21.06.2017-ci il tarixdə 11/137 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış müqavilə əsasında “Azəriqaz'’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır.Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2” 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin,qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaları tərəfindən “Təbii X2 pozulması haqqında” 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.07.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat və 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla, ümumilikdə 1476 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Bundan başqa cavabdehin əlavə olaraq «Azəriqaz» İstehsalat Birliyinə 456,60 manat məbləğində qalıq borcu olmuş və bu borcdan 147,85 manat tutulmalar aparıldıqdan sonra hazırda 308,75 manat məbləğində borcu qalmışdır. Cavabdeh bağlamış olduğu “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh təbii X6nı pozduğuna görə 1784,75 manat debitor borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Azəriqaz” X8 Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı “Azəriqaz” İB-nin maraqlarına zidd çıxarılmış, hüquq və mənafeyi pozulmuşdur. Məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, iddianın rədd olunmuş hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin olunmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunmasını cavabdehin sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X6”nın pozulması faktı müəyyən edilməsi və həmin fakt üzrə «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradılması ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, iddia tələbi qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində 1784 (bir min yeddi yüz səksən dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində zərərin ödənilməsi barədədir. “X6”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki passportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış 21 iyun 2017-ci il tarixli 11/137 saylı qazın alqı-satqısı müqaviləsinin 2.3.4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu müqavilənin və «X6»nın tələblərinə əməl etməlidir. Deməli, cavabdeh qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla, həmin sayğaca müdaxilə, o cümlədən qanunsuz qoşulma nəticəsində paylayıcı “Azəriqaz” İstehsalat Birliyinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qeyd etmək lazımdır ki, sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. İddiaçı müəssisə tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh təbii qazdan kənar qoşulma ilə qanunsuz istifadə etməsinə baxmayaraq birinci 30.04.2019-cu il tarixli ******* saylı aktdan başqa digər aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübutun təqdim edilməməsini əsas gətirərək iddianı qismən təmin edilməsi qənaətinə gələrkən qanunvericiliyin tələbinə əsasən bu halın cavabdehi məsuliyyətdən azad etmədiyini nəzərə almamışdır. Belə ki, istehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olmaqla, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir ki, paylayıcının əməkdaşları tərəfindən bu tədbirinin görülməsinə baxmayaraq istehlakçının yenidən qaz xəttinə qoşulması imkanı istisna deyil. Bu səbəbdən paylayıcının qazın verilməsini dayandrımaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 30.04.2019-cu il tarixdən 29.11.2019-cu il tarixə qədər yazılmış 07 (yeddi) akt üzrə və sərfiyyat uyğun olaraq hesablanmış ümumilikdə 1489 (min dörd yüz səksən doqquz) manat 55 (əlli beş) qəpik məbləği hissəsində təmin edilməli və həmin 1489 (min dörd yüz səksən doqquz) manat 55 (əlli beş) qəpik Cavabdeh alınaraq iddiaçı “Azəriqaz” İB-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1489 (min dörd yüz səksən doqquz) manat 55 (əlli beş) qəpik məbləğində zərərin tutulmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehnndan iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 1489 (min dörd yüz səksən doqquz) manat 55 (əlli beş) qəpik məbləğində zərər tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar