Məhkəmə qərarları › İş №2(105)-3078/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3078/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3078/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı ASC-nin (hazırda ləğv edilmişdir) Cavabdeh qarşı borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4331/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4331/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 3813,47 ABŞ dolları əsas borc, 548,01 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 4861,48 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 25 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus «VAZ-21154» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına qətnamənin icra olunduğu günə olan azərbaycan manatı məzənnəsi ilə cəmi 4861,48 ABŞ dolları və 25 manat məbləğində borc vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi qət edilmişdir.(hakim İ.Rəcəbov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4331/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 16 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3813,47 ABŞ dolları əsas borc, 548,01 ABŞ dolları faiz borcu, 875,46 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 5236,94 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus «VAZ-212154» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti borcun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış 16 yanvar 2012-ci il tarixli, 2628 USD saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh avtomobil alınması məqsədilə 24 ay müddətinə illik 22% tətbiq edilməklə 9045 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh 16 yanvar 2012-ci il tarixli “İpoteka müqaviləsi (avtomobil)”nə əsasən mülkiyyətində olan «VAZ-21154» markalı, ** BL *** qeydiyyat nişanlı avtomobili iddiaçıya ipoteka qoymuşdur. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. 24 iyul 2014-cü ilədək Cavabdeh kredit müqaviləsi üzrə 3813,47 ABŞ dolları əsas borc, 548,01 ABŞ dolları faiz borcu, 875,46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5236,94 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Odur ki, göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 385.1, 442, 443.1 449.4, 462.1, 739.1, 739.2-ci maddələrinə və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa əsaslanaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. O, həqiqətən də bankdan kredit götürmüş və mübahisəli avtomobili girov qoyaraq onu 4 ay idarə etmişdir. Bu 4 ay ərzində kreditlərini vaxtında banka ödəmişdir. İşi ilə əlaqədar avtomobili satmaq qərarına gəlmiş, Fəraim Dadaşov adlı şəxslə bu barədə "xxxx" ASC-nin Nərimanov rayonunda yerləşən baş ofisində danışıqlar getmişdir. Bank əməkdaşı bildirmişdir ki, həmin avtomobilin qeydiyyat şəhadətnaməsini dəyişdirmək çətindir və vaxt itkisi olduğu üçün ödəniş cədvəlini alıcının adına dəyişilməsi ilə maşın satılmış sayılır. O isə bank işçisinə inanmışdır. Ödəniş cədvəli alıcının adına yazılmış, 14 ay müddətinə etibarnamə ilə həmin avtomobili bankın iştirakı ilə Fərahim adlı şəxsə satmış və həmin vaxtdan ona ödəniş barədə bankdan nə xəbərdarlıq məktubu, nədəki telefon zəngi daxil olmamışdır. Müqavilə üzrə ödəniş vaxtında olunmasaydı X3 tərəfindən həmin avtomobil cərimə meydançasında saxlanılaraq banka təhvil verilərdi. Əsassız olaraq iddia ərizəsində qeyd olunmuşdur ki, guya borc barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Ona heç vaxt kredit borcu barədə xəbərdarlıq olmamışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyində qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdi. Sonuncu məhkəmə iclasında cavabdeh iştirak etməmişdir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh bağlanmış 16 yanvar 2012-ci il tarixli, 2628 USD saylı avtomobil krediti müqaviləsindən görünür ki, bank tərəfindən sonuncuya “VAZ-21154” markalı avtomobilin satın alınması məqsədilə 24 ay müddətinə 9045 ABŞ dolları məbləğində kredit verilmiş, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 22 % ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan kassa məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh, kredit məbləğini 16.01.2012-ci il tarixdə İddiaçı ASC-dən imza edərək qəbul etmişdir. İşə əlavə olunmuş 16 yanvar 2012-ci il tarixli, İPT-1-2628 USD saylı ipoteka müqaviləsindən, həmin tarixli AA 028534 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, tərəflər arasında bağlanmış avtomobil krediti müqaviləsi ipoteka ilə təmin olunaraq cavabdehə məxsus “VAZ-21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında yüklü edilmiş və bu barədə rəsmi qeydiyyat aparılmışdır. İşdə olan 24.07.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, aylıq ödənişləri lazımınca yerinə yetirməmiş və müqavilə üzrə öhdəliyini 16.09.2013-cü il tarixdən icra etməmiş, nəticədə onun banka olan borcunun miqdarı 3813,47 ABŞ dolları əsas, 548,01 ABŞ dolları faiz, 875,46 ABŞ dolları cərimə olmaqla, cəmi 5236,94 ABŞ dolları təşkil etmişdir. İşə əlavə edilmiş məktublardan görünür ki, bank tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borcunun olması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Yenə işə əlavə edilmiş AR DİN BDYPİ-nin 19 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, “VAZ-21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil 16.01.2012ci il tarixdən Cavabdeh adına qeydiyyatdadır. Hazırda avtomobili etibarnamə əsasında X1 idarə edir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4331/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli, 2628 USD saylı tarixli kredit müqaviləsinə əsasən cavabdehə avtomobil satın alınması üçün 24 ay müddətinə illik 22 faiz hesablanmaqla 9045 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh 16 yanvar 2012-ci il tarixli, İPT- 1-2628 USD saylı “İpoteka müqaviləsi (avtomobil)”nə əsasən mülkiyyətində olan “VAZ- 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ipotekaya qoymuşdur. Cavabdeh kredit vəsaitindən istifadə elsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş “VAZ-21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair tələblərini sübut edə bilməmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, özgənin sahibliyində olsa da, mübahisəli avtomobil hazırda da cavabdehin adına qeydiyyatdadır. Cavabdehin mülkiyyətində olan avtomobili tələb edərək onu idarə etmək hüququ qüvvədədir. Eləcə də, ipoteka predmeti olan nəqliyyat vasitəsinin hərrac vasitəsilə satılması üçün də heç bir maneə mövcud deyildir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4331/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar