Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-308/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(060)-4270/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 13800 manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** TH *** dövlət nömrə nişanlı, “NİSSAN X- TRAİL” markalı minik avtomaşını iddiaçıya məxsusdur. İddiaçı 05 iyul 2021-ci il tarixdə oğlu Xalid Hüseynovla birlikdə Bakı şəhərindən həmin avtomobillə çıxıb təxminən saat 17:00 radələrində Abşeron rayonu, Novxanı çimərliyinə gedərkən Abşeron rayonu, Masazır Duz gölü ətrafındakı yolla Novxanı istiqamətində qəfildən avtomobilinin arxa sol tərəfindən güclü zərbə dəyməsi nəticəsində avtomobili bir gədər qarşıya doğru gedib yolun sağ hərəkət zolağında damı üstə aşmışdır. İddiaçı avtomobilin sol qabaq pəncərəsindən, oğlu Xalid isə arxa pəncərədən bayıra çıxmışlar. Həmin vaxt orada olan şəxslərdən eşitmişdir ki, qırmızı “Mersedes” markalı avtomobilin tormozu tutmadığı üçün toqquşma baş vermişdir. Sonra təcili yardım maşını gəlib, iddiaçını və oğlunu Respublika kliniki xəstəxanasına aparmışlar. İddiaçı hadisənin necə baş verdiyini görməmişdir. Yalnız maşınına zərbə dəyəndə hiss etmişdir ki, toqquşma baş verib. Göstərilən yol-nəqliyyat hadisəsi “Mersedes-Benz C180” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən cavabdehin AR İXM-nin 327.2 və 327.8 maddələrində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Nəticədə avtomobilin gövdəsinə, ban hissəsinə, mühərrik hissəsinə, alt işlək hissəsinə ziyan dəymişdir. İddiaçı bildirdi ki, avtomobili 10 gün əvvəl 1000 manat beh alaraq 21500 manata satmaq barədə razılaşmışdı. Qəza nəticəsində alıcı avtomobili almaqdan vaz keçmişdir. Təmirsiz vəziyyətdə avtomobilə 9000 manat təklif edilir ki, bu da avtomobili satması üçün əvvəl razıladığı qiymətlə 13500 manat fərq edir. Avtomobilə dəymiş ziyandan əlavə əldən çıxmış fayda 4875 manat edir. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(060)-4270/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 8625 (səkkiz min altı yüz iyirmi beş) manat dəymiş ziyanın əvəzi və müstəqil qiymətləndiriciyə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş müstəqil ekspert rəyinə əsasən avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 8625 manat təşkil etməsini müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 -ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(060)-4270/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı Ağaxaliq oğlu onaə qarşı 13800 manat məbləğində dəymiş zərərin əvəzi kimi onun xeyrinə tutulması barədə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi vermişdir. Müstəqil ekspert Talıblı Ə.F tərəfindən verilmiş ekspert rəyinə əsasən iddiaçıya məxsus ** FH *** dövlət qeydiyyat nömrəli “NİSSAN X-TRAİL” markalı avtomobildə təmir işlərinin aparılmasının dəyəri 3360 manat, dəyişdirilən ehtiyat hissələrinin dəyəri 5265 mant təşkil edir. Ekspertin avtomobilə nə vaxt baxış keçirməsi məlum deyildir. Hansı təmir işlərinin görüldüyü barədə məlumat yoxdur. Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısının “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında “ xx.xx.2021-ci il tarixli qərarında qeyd olunduğu kimi, sürücü Abşeron rayon Masazır duz gölü ətrafındakı yolla Novxanı istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən qəfildən avtomobilinin arxa sol tərəfində güclü zərbə dəyməsi nəticəsində avtomobili bir qədər qarşıya doğru gedib yolun sağ hərəkət zolağında dam üstə aşmışdır. ( İddiaçı Ağaxaliq oğlu, X1 izahatları), yəni yol nəqliyyat qəzası zamanı avtomobilin daha çox xərc tələb edən mühərrik hissəsi zədələnməmişdir. Avtomobilin sol arxa və ban hisəsinin təmirinə 3360 manat xərclənməsi reallığa uyğun deyildir. Avtomobilin hansı hissəsinin dəyişdirilməsi məlum deyildir. Eytiyat hissələri və detallarının dəyəri avtomaşının istehsal tarixinə deyil, hazırki qiymətlərə uyğun hesablanmışdır. Həmin avtomobilin hazırki bazar qiyməti 15000( on beş min ) manatdır, lakin dəymiş zərərə görə 13800 manat ödənilməsinə dair iddia ərizəsi verilibdir. Avtomaşında təmir işlərinin aparılması və dəyişdirilmiş ehtiyar hissələrinin dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəçünaslıq ekspertizası təyin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamədən narazıdır. O, 44 günlük Vətən müharibəsinin veteranıdır, səhhətində problemlər var. İşləyə bilmədiyi üçün ödəyicilik qabiliyyəti də yoxdur. İddiaçıya sığorta təşkilatı lazımi qaydada ödəniş edib. İstifadə etdiyi maşın atasının mülkiyyətində idi. Etibarnamə ilə istifadə edirdi. Hadisənin baş vermə səbəbi kəllə-beyin travmasının olması və maşının əyləcinin işləməməsi idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)-4270/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə cinayət işinin başlanması rədd olunub. Ekspert rəyləri mövcuddur. Rəydə qoyulmuş suallara cavab verən ekspert bildirir ki, cavabdehin hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini, təqsirlilik dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Yəni rəy cavabdeh tərəfindən törədilmiş qanun pozuntusunun mövcudluğunu təsdiq etmir. Dövlət Sığorta Kommersiya şirkətinə verdiyi sorğuya aldığı cavaba əsasən qeyd edir ki, Dövlət Sığorta Kommersiya şirkəti də hesab edir ki, iş üzrə araşdırılma ədalətsiz aparılmışdır. Cavabdehin barəsində nə məhkəmənin qərarı, nə də inzibati xəta barəsində protokol yoxdur. Məhkəmə qətnaməsində qeyd olunur ki, zərərin mövcud olması, zərərin qanunsuz hərəkət əsasında vurulması, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqə olması halları olmadan şəxs zərər vurmuş hesab oluna bilməz. Qətnamənin mətnində belə göstərilsə də, məhkəmə özlüyündə təqsiri, təqsirli hərəkətlə nəticə arasındakı səbəbli əlaqəni aidiyyəti orqanların iştirakı olmadan müəyyən etmiş və cavabdehin dəymiş ziyanın əvəzini ödəməli olması qənaətinə gəlmişdir. Cavabdehin təqsirini sübuta yetirən heç bir fakt yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(060)- 4270/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmıəyərək bildirdi ki, avtomobilinə xəsarət yetirilib. Hadisədən sonra iki ekspertiza keçirilib və hər iki ekspert rəyini iş materiallarına əlavə edilməsi üçün təqdim edib. Dəfələrlə cavabdehin evinə getsə də, onu tapa bilməmişdir. Sığorta haqqı olan 5000 manat məbləğ digər “Mercedes” markalı maşının mülkiyyətçisi ilə onun arasında bölündü və ona 417 manat pul verildi.Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(060)-4270/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəyə görə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəyə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1-ci maddəyə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəyə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətindən izahatından görünür ki, məhkəmənin qətnaməsinin iddianın təmin edilən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissədə müzakirə edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(060)-4270/2022 saylı qətnaməsi qismən, 8625 (səkkiz min altı yüz iyirmi beş) manat dəymiş ziyanın əvəzi və müstəqil qiymətləndiriciyə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən cavabdehin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon Polis İdarəsinin Dövlət X6 göndərilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı cavabdeh öz izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixində, saat 18:30 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə Masazır duz gölü ərazisində yerləşən «Azpetrol» istiqamətində saatda təxminən 70 km sürətlə hərəkətdə olmuşdur. Həmin yolda əks istiqamətdən Novxanı istiqamətində hərəkətdə olan «X5» markalı və ardınca isə sağ tərəfində Nissan markalı avtomobil hərəkətdə olmuşdur. Həmin vaxt “Mersedes Brabus” markalı avtomobilin sürücüsü sürəti artırıb “Nissanı” ötüb keçmək istəyərkən onun qabaq sol buferi onun idarə eydiyi avtomobilin qabaq sol tərəfindən dəyərək avtomobilinin istiqamətini sola dəyişdiyindən Braburs markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəfindən toqquşmuş və nəticədə avtomobili sürüşüb yolun sol kənarında gölün ətrafina çəkilmiş hasara dirənib dayanmışdır. Braburs markalı avtomobilin onun avtomobili ilə toquşmadan sonra nə baş verdiyini hiss etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/1816 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Mercedes Benz” C180 markalı, 99SP611 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin qaşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. İş materialına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müstəqil ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi zamanı zərbə tədqiq olunan avtomobilə sol yan hissədən dəymişdir. Zərbə nəticəsində avtomobil bir neçə dəfə aşaraq dam üstə dayanmışdır. Sonda avtomobilin gövdəsi, ban hissəsi, mühərrik hissəsi, alt işlək hissəsi zədələnmişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 8625 manat təşkil edir. Birinci instansiya məhkəməsi müstəqil ekspert rəyinə əsasən avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 8625 manat təşkil etməsini müəyyən edərək iddianı qismən təmin etmişdir ki, məhkəmə kollegiyası qeyd edilən nəticə ilə razışmır. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon polis idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasəncavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon Polis İdarəsinin Dövlət X6 göndərilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-59/2-1561 nömrəli məktubundan görünür ki, Cavabdeh barəsində nzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan, eləcə də işə əlavə edilmiş cavabdeh tərəfindən polis orqanında hadisə ilə bağlı verdiyi izahatdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində, saat 18:30 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə Masazır duz gölü ərazisində yerləşən «Azpetrol» istiqamətində saatda təxminən 70 km sürətlə hərəkətdə ,olmuşdur. Həmin yolda əks istiqamətdən Novxanı istiqamətində hərəkətdə olan «X5» markalı və ardınca isə sağ tərəfində Nissan markalı avtomobil hərəkətdə olmuşdur. Həmin vaxt Mersedes Braburs markalı avtomobilin sürücüsü sürəti artırıb Nissanı ötüb keçmək istəyərkən onun qabaq sol buferi onun idarə eydiyi avtomobilin qabaq sol tərəfindən dəyərək avtomobilinin istiqamətini sola dəyişdiyindən Brabus markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəfindən toqquşmuş və nəticədə avtomobili sürüşüb yolun sol kənarında gölün ətrafina çəkilmiş hasara dirənib dayanmışdır. Braburs markalı avtomobilin avtomobili ilə toqquşmadan sonra nə baş verdiyini hiss etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş materiallarında hadisədə cavabdehin günahkar olmasına dair hər hansı sübut mövcud deyildir. Belə ki, hadisə ilə bağlı cavabdeh barəsində hər hansı inzibati protokol qəbul edilməmiş, eyni zamanda cinayət işinin başlanması rədd edilmişdir. Bununla da nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən hadisə nəticəsinə iddiaçıya məxsus məqliyyat vasitəsinə dəymiş zərər də cavabdehdən tələb edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Hazırki işdə iddiaçı nəqliyyat hadisəsi zamanı ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanın cavabdehin təqsiri nəticəsində dəyməsinə dair hər hansı sübutu təqdim etməmiş, bununla da cavabdehin hadisədə günahkar olmasını sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə əsasən iddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olmadığından müstəqil qiymətləndiriciyə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqının cavabdehdən tutulması qanunvericiliyə uyğun deyildir. Ödənilmiş məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəyə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(060)-4270/2022 saylı qətnaməsi qismən, 8625 (səkkiz min altı yüz iyirmi beş) manat dəymiş ziyanın əvəzi və müstəqil qiymətləndiriciyə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(060)-4270/2022 saylı qətnaməsi qismən, 8625 (səkkiz min altı yüz iyirmi beş) manat dəymiş ziyanın əvəzi və müstəqil qiymətləndiriciyə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-308/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-308/2023
15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver