Məhkəmə qərarları › İş №2(105)-3080/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3080/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3080/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(077)-43/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şuşa Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənov) iddianın qismən təmin edilməsi, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 05.11.2017-ci il tarixli müqavilə üzrə 79 (yetmiş doqquz) manat əsas borc, 20 (iyirmi) manat dəbbə borcu, 26.12.2017-ci il tarixli müqavilə üzrə 378 (üç yüz yetmiş səkkiz) manat əsas borc, 50 (əlli) manat dəbbə borcu, 04.01.2018-ci il tarixli müqavilə üzrə 156 (yüz əlli) manat əsas borc, 40 (qırx) manat dəbbə borcu, 01.05.2018-ci il tarixli müqavilə üzrə 593 (beş yüz doxsan üç) manat əsas borc, 58 (əlli səkkiz) manat dəbbə borcu, 03.05.2018-ci il tarixli müqavilə üzrə 624 (altı yüz iyirmi dörd) əsas borc olmaqla ümumilikdə 1998 (min doqquz yüz doxsan səkkiz) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.11.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41803 Samsung J 320 markalı telefon üçün 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə və cəmi 103 (yüz üç) manat borcun, 26.12.2017-ci il tarixli müqaviləyə əsasən Hoffmann Led markalı televizor üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə və cəmi 491 (dörd yüz doxsan bir) manat borcun, 04.01.2018-ci il tarixli müqaviləyə əsasən Hansa markalı paltaryuyan üçün 156 (yüz əlli altı) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat dəbbə və cəmi 203 (iki yüz üç) manat borcun, 01.05.2018-ci il tarixli müqaviləyə əsasən Asus markalı komputer üçün 593 (beş yüz doxsan üç) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə və 701 (yeddi yüz bir) manat borcun, 03.05.2018-ci il tarixli müqaviləyə əsasən kreslo İnter Casablanca, divan İnter Casablanca, Flora jurnal masa mebel dəsti üçün 624 (altı yüz iyirmi dörd) ödənilməmiş borcun, ümumilikdə 2122 (iki min yüz iyirmi iki) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qiyməti 486 (dörd yüz səksən altı) manat (18 ay x 27 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********41803 Samsung J 320 markalı telefon üçün 103 manat olmaqla, 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə, 26.12.2017-ci il tarixli müqaviləyə əsasən, qiyməti 756 manat olan Hoffmann Led markalı televizor üçün 491 (dörd yüz doxsan bir) manat olmaqla, 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə, 04.01.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 624 manat olan Hansa markalı paltaryuyan üçün 203 (iki yüz üç) manat olmaqla, ondan 156 (yüz əlli altı) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat borcu yaranmışdır. 01.05.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1080 manat olan Asus markalı komputer üçün 701 (yeddi yüz bir) manat olmaqla, 593 (beş yüz doxsan üç) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə, 03.05.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2424 manat olan kreslo İnter Casablanca, divan İnter Casablanca, Flora jurnal masa mebel dəsti üçün 624 (altı yüz iyirmi dörd) manat olmaqla, ondan 624 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3540 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şuşa Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə işə birtərəfli və yarımçıq baxmış, onun əleyhinə qərar qəbul etmişdir. Onun göstərdiyi dəlil və mülahizələrə məhkəmədə hüquqi qiymət verilməmiş, ədalətli qərar qəbul etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 05.11.2017-ci il tarixli, 26.12.2017-ci il tarixli, 04.01.2018-ci il tarixli, 01.05.2018-ci il tarixli, 03.05.2018-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək müqavilələrdə qeyd olunan əşyaları cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin əşyaların məbləğini iddiaçıya ödəməmişdir. Hazır ki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600-cü maddəsi təşkil edir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (Mülki Məcəllənin 600.1.,600.4-cü maddələri). Mülki Məcəllənin 601.1. maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bu normaların mənasına görə tərəflər alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutula bilər ki, buna əşyaların nisyə satışı deyilir. Əşyaların qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə düşdüyü halda, əşyaların nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür. Buna görə də əşyaların qabaqcadan ödənilməsini nəzərdə tutan müqavilənin ödənilmiş əşyanın verilməsi ilə bağlı pozuntulara görə satıcı üçün yaranmış əlverişsiz hüquqi nəticələr, əşyanın nisyə satılması haqqında müqavilənin ödənişsiz qəbul edilmiş əşyanın ödənilməsi ilə bağlı pozuntulara görə yaranan eyni əlverişsiz hüquqi nəticələr alıcının üzərinə düşür. Lakin məhkəmə kollegiyasının iclasında cavabdeh telefon, televizor və paltaryuyana görə cəmi 610 manat borclu olduğunu, komputer və divan kresloya görə isə razılaşdıqları qiymətdən 624 manat, divan-kresloya 593 manat isə komputerə görə borcu qaldığını etiraf etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05.11.2017-ci il tarixli müqavilə üzrə 69 (altmış doqquz) manat əsas borc, 20 (iyirmi) manat dəbbə borcu, 26.12.2017-ci il tarixli müqavilə üzrə 341 (üç yüz qırx bir) manat əsas borc, 50 (əlli) manat dəbbə borcu, 04.01.2018-ci il tarixli müqavilə üzrə 146 (yüz qırx altı) manat əsas borc, 40 (qırx) manat dəbbə borcu, 01.05.2018-ci il tarixli müqavilə üzrə 593 (beş yüz doxsan üç) manat əsas borc, 58 (əlli səkkiz) manat dəbbə borcu, 03.05.2018-ci il tarixli müqavilə üzrə 624 (altı yüz iyirmi dörd) əsas borc olmaqla ümumilikdə 1941 (min doqquz yüz qırx bir) manat borc tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 05.11.2017-ci il tarixli müqavilə üzrə 69 (altmış doqquz) manat əsas borc, 20 (iyirmi) manat dəbbə borcu, 26.12.2017-ci il tarixli müqavilə üzrə 341 (üç yüz qırx bir) manat əsas borc, 50 (əlli) manat dəbbə borcu, 04.01.2018-ci il tarixli müqavilə üzrə 146 (yüz qırx altı) manat əsas borc, 40 (qırx) manat dəbbə borcu, 01.05.2018-ci il tarixli müqavilə üzrə 593 (beş yüz doxsan üç) manat əsas borc, 58 (əlli səkkiz) manat dəbbə borcu, 03.05.2018-ci il tarixli müqavilə üzrə 624 (altı yüz iyirmi dörd) manat əsas borc olmaqla ümumilikdə 1941 (min doqquz yüz qırx bir) manat borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar