Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3095/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(034)-257/2021 saylı qətnaməsindən İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(034)-257/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə Kərimova) İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə ünvanlamışdır. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə deyil, Bakı Apellyasiya Məhkəməsinə ünvanlamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı göstərilməlidir. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən 20 manat dövlət rüsumu ödənilmiş, qəbzdə rüsumun Bakı Apellyasiya Məhkəməsi üçün ödənilməsi qeyd edilmişdir (İ/v-92). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş həmin məbləğ hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin mənasına görə məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 500 manatdan çox olduqda 30 manat, iddia qiyməti 500 manatdan çox olmadıqda 20 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, iddiaçının apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə ünvanlamasına və dövlət rüsumunu ödəməməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPMnin 363.4-cü maddəsinin mənasına görə İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zəngilan Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(034)-257/2021 saylı qətnaməsindən İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3095/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3095/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver