Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3102/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Aynur Behbudova) iddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qətnaməsi ilə iddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 466 manat borc və 20 manat dövlət rüsumu, cəmi 486 manat məbləğində pulun alınıb iddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)- 4208/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4208/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul edildiyindən apellyasiya instansiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. O, rəsmi olaraq 07.07.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayəti vermək istədiyini, qətnaməni itirdiyini, qətnamənin kserosurətinin təcili olaraq verilməsini istəmişdi. 07.07.2021-ci il tarixli ərizəsi baxılmamış qalmışdır. Məhkəmə qətnamənin kserosurətini verməsə də, böyük çətinliklərlə qətnamənin tarixini öyrənə bilmiş və apellyasiya şikayətini, müddətin bərpası barədə vəsatətini məhkəməyə rəsmi qaydada 23.07.2021-ci il tarixdə təqdim etmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh şikayətdə qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qətnaməni 05.06.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə almış, lakin qətnaməni itirmişdir. İddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəni təmin etməyərkən, Cavabdeh tərəfindən qətnamənin 05 iyun 2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə rəsmi qəbul edilməsinə, cavabdehin qətnamədən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verməməsinə, cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı mötəbər sübutların məhkəməyə təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qətnaməsinin surətini 05 iyun 2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə almışdır (İ/v-27). Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)- 4208/2021 saylı qətnaməsinin surəti Cavabdeh rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)- 4208/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni 06 iyun 2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)- 4208/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2021-ci ilin iyul ayının 07-də qurtarmışdır. İş materiallarından görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizəsi 23 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra Cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 1 ay 16 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 16 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəbdən buraxmasını ərizəsində əsaslandırmamış, bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini üzürsüz səbəbdən buraxmışdır və müddətin bərpa olunması üçün əsaslar yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4208/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3102/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3102/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver