Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-311/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Cavabdeh İbad qızının iştirakı ilə, iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 267,24 (iki yüz altmış yeddi manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 40,50 (qırx manat əlli qəpik) manat faiz borcu, 8,13 (səkkiz manat on üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 315,87 (üç yüz on beş manat səksən yeddi qəpik) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq «xxxx» X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva) Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin xeyrinə 267,24 manat məbləğində əsas, 40,50 manat faiz, 8,13 manat cərimə, cəmi 315,87 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, bankla onun arasıdna bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə istehlak məqsədləri üçün ona 60 ay müddətinə illik 30% olmaqla 600 manat kredit ayrılmışdır. Hesabdan çıxarışdan göründüyü kimi, 253,86 manayt vəsait onun razılığı olmadan, iradəsindən kənar həyata keçirilmişdir. Bank tərəfindən hesabdan vəsaitin silinməsi, bunun onun razılığı ilə deyil, üçüncü şəxs və ya ona məlum olan başqa şəxslər tərəfindən internet üzərində aparılmışdır. Bank hesabdan pul vəsitinin tutulması zamanı bildiriş xarakterli məlumat verilməmiş, heç bir kod və ya şirfə istənilməmişdir. Buna görə də tutulmalardan xəbərdar olmamışdr. Beləliklə, iddiaçı tərəfindən həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında hesabdan vəsaitin tutulması həyata keçirilmişdir. Bu tutulmalar üçün bir qayda olaraq bank məsuliyyət daşıyır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, «xxxx» X1 Səhmdar Cəmiyyəti Cavabdeh 60 ay müddətinə, illik 30% ödəmək şərtilə 600 manat məbləğində kredit limiti vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, BANK/PİKMD/896824 saylı maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» Kommersiya Bankı ASC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 267,24 manat, faiz borcu 40,50 manat, cərimə borcu 8,13 manat olmaqla, ümumilikdə 315,87 manat borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən “xxxx” X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasını, həmin müqavilə üzrə Cavabdeh bankdan illik 30 faizlə 60 ay müddətinə 600 manat məbləğində kredit liminin ayrılmasını, lakin cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin739,, 442, 445.2.1, 462, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini 267,24 manat əsas və 40,50 manat məbləğində faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh 267,24 manat əsas və 40,50 manat faiz borcu olması da iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışı (i.v.3) ilə təsdqini tapır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən müştəri krediti bu müqavilədə nəzərdə tutulan ödəmə müddətində və qaydada ödəmədikdə ödəniş müddətin sonundan başlayaraq bank müştəriyə qarşı borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə məbləğinin illik 180%-dən 360%-dək miqdarında cərimə tətbiq edir. Göründüyü kimi, dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyən etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehlərdən əsas məbləğə görə 8,13 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış 8,13 manat cərimə pulunun yüksək olmaması qənaətinə gələrək cərimə borcu hissəsində də iddianı tam təmin etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3204/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-311/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-311/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver