Məhkəmə qərarları › İş №2(105)-3118/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3118/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3118/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(031)-165/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(031)-165/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiaçı “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 20868,41 AZN əsas borc, faiz borcu üzrə 0,00 AZN, cərimə borcuna görə 0,00 AZN olmaqla, cəmi 20868,41 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatının xeyrinə tutulması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 20868,41 AZN əsas, faiz borcu üzrə 0,00 AZN, cərimə borcuna görə 0,00 AZN olmaqla, cəmi 20868,41 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, təşkilatla bağlanmış 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 973 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində həmin kredit müqaviləsinin tərəfi olmuşlar. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsi 20.04.2016-cı il tarixli, **********3530 yeni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 22495,00 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. 20.04.2016-cı il tarixli, **********2812-888710 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq həmin kredit müqaviləsinin tərəfi olmuşdur. Eyni tarixli, **********2***-******* saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq həmin kredit müqaviləsinin tərəfi olmuşdur. 12.11.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borcu 20868,41 AZN, faiz borcu 0,00 AZN, cərimə borcu 0,00 AZN olmaqla, cəmi borcu 20868,41 AZN təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, onunla iddiaçı “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı arasında bağlanmış 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsinə əsasən şəxsi biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23 faiz dərəcəsi olmaqla ona 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 973 ABŞ dolları olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin onun maddi vəziyyəti ağır olduğundan öhdəliyini yerinə yetirməmişdir. Hətta 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsi 20.04.2016-cı il tarixli, **********3530 yeni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 22495 AZN müəyyən edilmişdir. Maddi imkanı olmadığından həmin krediti də ödəyə bilməmişdir. Lakin bu halı iddiaçı tərəf nəzərə almamış, aylıq ödənişlərin miqdarını azaltmamışdır. Məhkəmə də işin bu halına fikir verməmiş, iddiaçının iddiasını formal olaraq təsdiq etmişdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatının üzərinə 20.04.2016-cı il tarixli, **********3530 saylı müqavilənin ödəniş cədvəlinə əsasən hər ay 50 manat olmaqla bərabər hissələrdə ödəniş edilməsinin razılaşdırılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı tərəfindən Cavabdeh1 illik 23 faizlə 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmiş, müqaviləni zamin kimi Cavabdeh3 və Cavabdeh2 da imzalamışlar. İş materiallarında olan “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış **********2812-888710 və **********2***-******* saylı, 20.04.2016-cı il tarixli zaminlik müqavilələrindən görünür ki, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 20.04.2016-cı il tarixli sazişdən irəli gələn öhdəliklərin icra edilməsi üçün zamin Cavabdeh3 və Cavabdeh2 “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı qarşısında məsuliyyəti tam şəkildə öz üzərlərinə götürmüşlər. İş materiallarında olan 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsi üzrə 19.11.2015-ci il tarixli sazişdən görünür ki, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 12.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 22495 manat, ödənilmə müddəti 60 ay, faiz dərəcəsi 11,29% müəyyən edilmişdir. İş materiallarında olan 20.04.2016-cı il tarixli sazişdən görünür ki, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 22495 manat, ödənilmə müddəti 12 ay, faiz dərəcəsi 5% müəyyən edilmişdir. İş materiallarında olan “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 18.11.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icra edilməsi üçün zamin Cavabdeh2 “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı qarşısında məsuliyyəti tam şəkildə öz üzərinə götürmüşdür. İş materiallarında olan “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatının 12.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borcu 20868,41 AZN, faiz borcu 0,00 AZN, cərimə borcu 0,00 AZN, cəmi borcu 20868,41 AZN təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşdən görünür ki, 12.03.2015-ci il tarixli, **********2607 saylı kredit müqaviləsinə əsasən “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatı tərəfindən Cavabdeh1 illik 23 faizlə 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmiş, 19.11.2015-ci il və 20.04.2016-cı il tarixli sazişlərlə həmin kredit müqaviləsinə dəyişikliklər edilmişdir, 12.11.2020-ci il tarixə Cavabdeh1 əsas borcu 20868,41 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli kredit hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən 20868,41 AZN məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun alınaraq “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatın xeyrinə tutulması nəticəsinə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsi, “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatının üzərinə 20.04.2016-cı il tarixli, **********3530 saylı müqavilənin ödəniş cədvəlinə əsasən hər ay 50 manat olmaqla bərabər hissələrdə ödəniş edilməsinin razılaşdırılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas yoxdur. “FİNCA Azerbaijan” məhdud məsuliyyətli qeyri bank kredit təşkilatının üzərinə 20.04.2016cı il tarixli, **********3530 saylı müqavilənin ödəniş cədvəlinə əsasən hər ay 50 manat olmaqla bərabər hissələrdə ödəniş edilməsinin razılaşdırılması vəzifəsinin qoyulması da məhkəmənin səlahiyyətinə aid deyildir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(031)-165/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar