Məhkəmə qərarları › İş №2(105)-312/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-312/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-312/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-302/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X3 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə ərizə ilə Nərimanov rayon prokurorluğuna müraciət edərək özü və övladı İddiaçı2 üçün implant diş qoydurmaq məqsədi ilə 2023-cü ilin iyul ayından “Aristokrat” klinikasında həkim stomatoloq Cavabdeh tərəfindən müalicəyə başlamış, sonuncu onlardan müayinə və müalicə üçün 7000 manat məbləğində pul vəsaitini alsa da, implantı tam icra etməyərək müalicələrini yarıda saxlamışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı1 izahatında göstərmişdir ki, onun və oğlu İddiaçı2 dişlərində problem olduğu üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Aristokrat” klinikasında həkim stomatoloq Cavabdeh qəbuluna getmişlər. Hər ikisinin dişləri rentgen edildikdən sonra, Anar həkim rentgenin cavabları ilə tanış olmuşdur. Onun və Rasimin üst və alt dişləri olmadığı üçün Anar həkimdən onlara diş implantı etməsini xahiş etmişlər. Aralarında olan razılaşmaya əsasən Anar həkim Rasimlə onun hər birinə 28 diş implant etməli olmuşdur. Cəmi 56 diş üçün Anar həkimə 8000 manat pul ödəməli olmuşlar. Həmin gün Anar həkimin təqdim etdiyi kart hesabına 2900 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixdə Anar həkim onun alt çənəsini, xx.xx.2023-cü il tarixdə isə oğlu Rasimin alt çənəsini əməliyyat etmişdir. Həmin gün oğlu Azər, Anar həkimin təqdim etdiyi karta 1600 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Anar həkim onun üst çənəsində əməliyyat aparmışdır. xx.xx.2023-cü il tarixdə oğlu Azər Anar həkimin kartına 1500 manat pul göndərmişdir. Bundan sonra bir neçə dəfə özü və oğlu Rasim, Anar həkimin yanında müayinədə olmuşlar. Həkim onlara 2023-cü ilin oktyabr ayının əvvəlində diş implantını tamamilə yekunlaşacığını bildirsə də, sonradan işlərində problem olduğunu, kursa getdiyini, şəxsi problemlərinin olduğunu bildirib, onun və oğlunun dişlərini tam implant etməmişdir. 2024-cü ilin fevral ayında Anar həkimlə əlaqə saxladıqda o iş yerini dəyişdiyini bildirmişdir. 2024-cü ilin mart ayında oğlu Rasimlə Anar həkimin yeni işlədiyi “Refleks Smile” klinikasına getmiş, lakin Anar həkimi orada görməmişlər. Həmin ərəfədə oğlu Azər, Anar həkimə yenidən 1000 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə oğlu Rasimlə yenidən Anar həkimin yanına getsələr də, onu həmin klinikada görməmişlər. Anar həkim telefonlarına cavab vermədiyindən, işinə səhlənkar yanaşdığı üçün məcbur qalıb şikayət ərizəsi ilə müraciət etmişlər. Hazırda dişləri olmadığına görə rahat danışa bilmir, yemək yeməkdə çətinlik çəkir, mədə xəstəliyindən əziyyət çəkirlər. Ona görə də, Anar həkimə ödədikləri 7000 manat pulun sonuncudan alınaraq onlara qaytarılmasına köməklik göstərilməsini xahiş edir. Araşdırma materiallarına əlavə edilmiş “X5” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 367 nömrəli məktubdan görünür ki, İddiaçı1 Əfşər qızı və İddiaçı2 qeyd edilən mərkəzdə stomatoloji xidmət aparılmasına icazə verilməsinə görə heç bir tibbi karta açılmamış və klinikada qeydiyyat şöbəsində qeydiyyatdan keçməmişlər. Həkim-stomatoloq Cavabdeh müəyyən xəstələri qeydiyyatdan keçirtmədiyinin səbəbini soruşduqda sonuncu həmin xəstələrin onun ailə üzvləri olduğunu, şəhid ailə üzvləri və ya qazi olduqlarını bildirmişdir. Cavabdeh onlara bildirdiyinə görə “Şuşa“ poliklinikasında həkim stomatoloq vəzifəsində işləmiş, bu səbəbdən xəstələri qeydiyyatdan keçirtmədiyi onlarda şübhə yaratmamış və sənədlərin əsillərini poliklinika arxivində olduğunu və gətirəcəyini bildirmişdir. Cavabdeh “X5”nə 1 aylıq sınaq müddətinə stomatoloq vəzifəsinə işə qəbul olunmuş, sınaq müddəti ərzində həkimliyi təsdiq edəcək sertifikasiya sənədini təqdim etmədiyinə görə və əmək funskiyasını keyfiyyətlə yerinə yetirmədiyinə görə daimi işlə təmin olunmayaraq işdən azad edilmişdir.

2. Həmin materiallara əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-28/2-5524/2024 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə Cavabdeh adlı şəxs barədə məlumatlar müəyyən edilməmişdir.

3. Material üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyi” X6 təqdim edilmiş xx.xx.2024-cü il tarixli KEŞ561 saylı ekspert rəyindən görünür ki, tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı1 adına tibbi sənədlər olmadığından ona aparılmış müayinə və müalicələr barədə fikir söylənilməsi mümkün olmamış, İddiaçı1 mütəxəssiz müayinəsi zamanı əng və çənə sümüyündə dental implant qeyd olunmuşdur. Qoyulan implantlar qismən yerinə yetirilmişdir. Əngdə olan implantların sol tərəfdə sağa nisbətən sayı qənaətbəxş deyil. Qeyd olunanları nəzərə alaraq İddiaçı1 implantasiya əməliyyatı qismən aparılmışdır. Cavabdeh müvafiq profil üzrə sertifikasiya şəhadətnaməsi olduğu halda o, İddiaçı1 üzərində implantasiya əməliyyatını apara bilərdi.

4. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ- 676 saylı rəyindən görünür ki, İddiaçı1 ilkin məhkəmə-tibbi müayinəsinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli KEŞ-561 saylı ekspert rəyində göstərilən xüsusatlar təsdiq olunmuşdur.

5. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ- 676.1 saylı rəyindən görünür ki, İddiaçı2 ilkin məhkəmə-tibbi müayinəsinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli KEŞ-561.1 saylı ekspert rəyində göstərilən xüsusatlar təsdiq olunmuşdur.

6. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq 523915xxxx7243 nömrəli kartdan 409858xxxx4902 nömrəli karta 2900 manat, 409858xxxx7307 nömrəli karta 1000 manat və 510307xxxx8368 nömrəli kartdan 461386xxxx8322 nömrəli karta 400 manat ödəniş həyata keçirilmişdir.

7. xx.xx.2024-cü il tarixli, 461907 və 461908 nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 implantüstü protezlərin qoyulması üçün "xxxx" MMC-nin hesabına hər biri 1900 manat olmaqla, cəmi 3800 manat ödəniş etmişdirlər.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, KEŞ-167 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı1 mütəxəssis müayinəsi zamanı hal-hazırda ağız boşluğunda düzgün hazırlanmayan ortopedik konstruksiya var. Qoyulan implantlar tibbi protokollara əsasən qoyulmamışdır. İstər cərrahi, istərsə də ortopediya nöqteyi nəzərdən implantların yerlışməsi qənaətbəxş deyil. Ağızda hal-hazırda 4 implant alt çənədə, 4 implant üst çənədə olsa da, həm alt çənəyə, həm də üst çənəyə 3 ədəd implant konstruksiya bağlanılıb. Xəstənin üst çənəsinə təkrar implant yerləşdirmək lazımdır. İddiaçı1 dişlərində və damağında olan qüsurların müalicə və təkrar implantasiya ilə aradan qaldırılması mümkündür. İddiaçı1 müalicəsinə (diş implantı, xidmət haqqı və s.) sərf olunacaq vəsaitin müəyyən edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə vurulan ziyana görə 7000 manat, həmin ziyanın aradan qaldırılmasına görə 3000 manat olmaqla, cəmi 10000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbini onunla əsaslandırmışlar ki, 2023-cü ilin iyul ayından həkimstomatoloq olan cavabdeh onlara diş implantı qoymaq üçün Aristokrat klinikasında müalicəyə başlamışdır. Cavabdeh ümumilikdə onlardan müalicə üçün 7000 manat pul alsa da, implantı tam icra etməyərək müalicələri yarımçıq saxlamışdır. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, KEŞ-561 saylı ekspert rəyinə görə, tibbi manipulyasiyalarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı1 əng və çənə sümüyündə dental implant aşkar edilmişdir. Qoyulan implantlar qismən yerinə yetirilib və əngdə olan implantların sol tərəfdə sağa nisbətən sayı qənaətbəxş deyil. Əməliyyat qismən aparılmışdır. Cavabdehin müvafiq profil üzrə sertifıkasiya şəhadətnaməsi olmamışdır. Müvafiq tibbi sənədlər tərtib edilməmişdir. Əməliyyat natamam aparılmış, başa çatdırılmamışdır. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, KEŞ-561.1 saylı ekspert rəyinə görə, tibbi manipulyasiyalarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı2 mütəxəssis müayinəsi zamanı əng və çənə sümüyündə dental implant qeyd olunur, qoyulan implantlar qismən yerinə yetirilmiş, həmçinin çənədə sağ tərəfdə axırıncı implant nevral sinirə kompressiya verdiyindən implant çıxarılmalıdır. İlkin olaraq cavabdehə 1600 manat məbləğində pulu əlbəəl, 1100 manat pulu “Milliön” ödəniş terminalı vasitəsi ilə, daha sonra 2900 manat, 1000 manat, 400 manat pulu isə kart hesabından ödəniş etmişlər. Cavabdeh sonradan işi yarımçıq saxlamış, həmçinin öz işini düzgün yerinə yetirməmişdir. Cavabdehin vurduğu ziyanın aradan qaldırılması üçün əlavə olaraq başqa həkimlərə getmiş və nəticədə 3000 manat da xərcləri çıxmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh bu iş üzrə mütəxəssis deyildir, bu işi özbaşına yerinə yetirmişdir. Hər ikisi əlil və məcburi köçkün statusu daşıyır. İş materiallarına əlavə edilmiş sübutlar ziyanı, nəticəsini və bu ikisi arasındakı səbəbli əlaqəni təsdiq edir. Belə olduğu halda mülki məsuliyyət məsələsi formalaşır və öz hüquqi qiymətini almalıdır.

11. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-302/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096, 1097.1, 1112, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 77.1, 80, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı1 apellyasiya şikayəti verib Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-302/2024 nömrəli qətnaməsini 1000 (bir min manat) təmin edilməsi hissəsində qüvvədə saxlayıb 9988 (doqquz min səksən səkkiz) manat təmin edilməyən hissədə ləğv edib iddiaçılar İddiaçı1 Əfşər qızına və İddiaçı2 iddia tələbini tam təmin edib 10988 (on min doqquz yüz səksən səkkiz) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçılara verilməsinə dair yeni qətnamə çıxılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21-ci madəsini yanlış tətbiq edərək işin faktiki hallarına əsasən, məhkəmə araşdırması nəticəsində Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 Əfşər qızına və İddiaçı2 2 ədəd yararsız diş implantının qoyulmasının sübuta yetirilməsini nəzərə alıb, göstərilən normaların tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasında diş implantlarının birinin orta qiymətinin 500 manat olması əsas götürülməklə, cavabdehdən 2 ədəd yararsız implantlara görə iddiaçılara vurulmuş ziyana görə 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıların xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğuna görə rədd edilmişdir. Cavabdeh ümumiyyətlə məhkəmədə iştirak etməmişdir. Nəticədə banklara kart vasitəsi ilə edilmiş köçürmələr, cavabdehə əlbəəl verilmiş pullar vurulmuş zərərdən cavabdehin xeyrinə çıxarılmışdır. İddiaçılar daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh gördüyü işin yararsız fəsadlarını aradan qaldırmaq üçün 988 manat məbləğində pul xərclədiklərini göstərmiş, cavabdehdən onların xeyrinə cəmi 10988 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də məhkəmə heç bir tutarlı dəlil gətirmədən iddianı qismən yəni 1000 (bir min) manat məbləğində təmin etmişdir. Bu işin faktiki hallarına uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

18. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

19. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

29. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-302/2024 nömrəli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 aid hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilməli, Cavabdeh 1996 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 xeyrinə, 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 xeyrinə ödənilməlidir.

39. İddiaya görə 2023-cü ilin iyul ayından həkim-stomatoloq olan cavabdeh iddiaçılara diş implantı qoymaq üçün “Aristokrat” klinikasında müalicəyə başlamışdır. İddiaçı1 əng və çənə sümüyündə dental implant aşkar edilmişdir. Qoyulan implantlar qismən yerinə yetirilib və əngdə olan implantların sol tərəfdə sağa nisbətən sayı qənaətbəxş deyil. Əməliyyat qismən aparılmışdır. Cavabdehin müvafiq profil üzrə sertifıkasiya şəhadətnaməsi olmamışdır. Müvafiq tibbi sənədlər tərtib edilməmişdir. Əməliyyat natamam aparılmış, başa çatdırılmamışdır.

40. İddiaçı ayrı-ayrı vaxlarda naməlum kart hesablarına ödəniş etmiş, cavabdehin vurduğu ziyanın aradan qaldırılması üçün əlavə olaraq başqa həkimlərə getmiş və nəticədə əlavə xərcləri çıxmışdır. Tərəflər arasındakı mübahisə iddiaçıalara dəymiş zərər ilə bağlıdır.

41. Kollegiya apellyasiya şikayətin dəlillərini nəzərə alaraq apellyatorun dişlərində cavabdeh tərəfindən aparılmış müalicə və təmir işlərinin həqiqətən düzgün aparılıbaparılmamasının və onun dişlərində baş vermiş narahatlıqların cavabdeh tərəfindən aparılmış səhv müalicə nəticəsində yaranıb-yaranmamasının öyrənilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və aparılmış ekspertiza tədqiqatı nəticəsində əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı1 mütəxəssis müayinəsi zamanı hal-hazırda ağız boşluğunda düzgün hazırlanmayan ortopedik konstruksiya var. Qoyulan implantlar tibbi protokollara əsasən qoyulmamışdır. İstər cərrahi, istərsə də ortopediya nöqteyi nəzərdən implantların yerləşməsi qənaətbəxş deyil. Ağızda hal-hazırda 4 implant alt çənədə, 4 implant üst çənədə olsa da, həm alt çənəyə, həm də üst çənəyə 3 ədəd implant konstruksiya bağlanılıb. Xəstənin üst çənəsinə təkrar implant yerləşdirmək lazımdır. İddiaçı1 dişlərində və damağında olan qüsurların müalicə və təkrar implantasiya ilə aradan qaldırılması mümkündür.

42. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İddiaçı1 qüsur ilə nəticələnən səhv müalicənin edilməsi ekspert rəyi ilə öz təsdiqini tapsa da, apellyatorun səhhətinə vurulmuş ziyanın həcminə görə iddia tələbi tam əsaslı olmamışdır.

44. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

45. Kollegiya hesab edir ki, İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tam sübut edə bilməmişdir.

46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

47. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

49. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

50. Belə ki, iş materiallarında olan (iş vər.85-90) qəbzlərdən görünür ki, cavabdeh tərəfindən aparılmış müalicədən sonra iddiaçıların müalicəsi üçün cəmi 3992 manat xərclənmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız İddiaçı1 aid hissədə yoxlanıldığından, birinci instansiya məhkəməsi tərəfindən 1000 manat pul vəsaitinin hər iki iddiaçının xeyrinə tutulduğundan, İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermədiyindən, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-302/2024 nömrəli qətnaməsi tam ləğv edilərək, İddiaçı2 xeyrinə 1000 manat pul vəsaitin yarısı 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalı, İddiaçı1 xeyrinə isə qüsurların aradan qaldırması üçün xərclənmiş 3992 manat pul vəsaitin yarısı 1996 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq apellyatora ödənilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-302/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1996 (min doqquz yüz doxsan altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar