Məhkəmə qərarları › İş №2(105)-3121/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3121/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3121/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(074)-196/2021-012 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cavabdeh) iddianın qismən təmin edilməsi, Cavabdeh “Kia Optima” markalı **-RD-*** qeydiyyat nömrəli avtomobilə dəymiş ziyan üzrə 10459,0 manat dəymiş zərər və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12112 manat dəymiş zərər, 60 manat inzibati xətaya görə cərimə və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 28 saylı 06.11.2020-ci il tarixli icarə müqaviləsi mövcuddur. Müqaviləyə əsasən "xxxx" MMC “Kia Optima” markalı **-RD-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh 3 günlük icarəyə vermişdir. Avtomobil 06.11.2020- ci il tarixli təhvil təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh təhvil vermişdir. 10.11.2020-ci il tarixdə Cavabdeh avto qəza törədərək avtomobilə maddi zərər vermiş və 60 manat inzibati xəta törətməyə görə cərimə edilmişdir. Dəfələrlə dəymiş zərərin ödənilməsi üçün müraciət edilsə də müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. “X3” MMC tərəfindən verilmiş 12.11.2020-ci il tarixli qüsur aktına əsasən avtomobilə 12112 manat zərər dəymişdir. Lakin cavabdeh halhazıra kimi ziyanı aradan qaldırmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəza baş verərkən avtomobil onun icarəsində olmamışdır. İcarə müqavilənin vaxtı 08.11.2020-ci il tarixdə bitmiş, iddiaçı ilə yeni icarə müqaviləsi bağlanmamışdır. Sadəcə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bəzi əməkdaşları ilə şəxsi tanışlığı olduğundan onların xahişi 10.11.2020-ci il tarixdə həmin avtomobili idarə etmişdir. Hava şəraiti yağışlı olduğundan, maşın sürüşərək idarə etmədən çıxmış və ziyan dəymişdir. Avtomobilin təmiri üçün ən çoxu 3000 manat xərc lazım olduğu bildirilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin təqsirli hərəkəti ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər dəyməsi ilə əsaslandırmışdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli avtomobil cavabdeh tərəfindən 06.11.2020-ci il tarixli 28 saylı icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMCdən 3 günlük icarəyə götürülmüş və 10.11.2020-ci il tarixdə Cavabdeh avtoqəza törədərək avtomobilə maddi zərər vurmuşdur. Baxılan iş üzrə iddia tələbi isə dəymiş maddi zərərlə bağlıdır. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-dən icarəyə götürdüyü “Kia Optima” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir və bu ziyanın məbləği təxminən 10459,0 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında aparılması mümkün olduğundan, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi icarə müqaviləsinin qüvvədə olmaması barədə dəlilinə gəldikdə isə qeyd edir ki, icarə müqaviləsi əsasında təhvil aldığı avtomobili müqavilə müddəti bitdikdən sonra təhvil verməsi barədə sənəd təqdim edilməmişdir. Bu səbəbdən yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili cavabdeh idarə etdiyindən və onun təqsiri ucbatından iddiaçıya ziyan dəydiyindən, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar