Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3124/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1389/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-1389/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)-2022/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim R.Həsənov) Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1389/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(027)-2022/2019 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 oktyabr 2012-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 22 may 2012ci il tarixdə X6 adlı, 10 aprel 2014-cü il tarixdə X4 adlı uşağları doğulmuşdur. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri yaxşı olsa da, daha sonra pisləşmişdir. Bu səbəbdən də 2013-cü il tarixdən uşağları ilə birlikdə valideynlərinin yanında qalır. Quba Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli 2(027)-1066/2015 saylı qətnaməsi ilə 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra qət edilmiş aliment məbləği uşaqların təminatı ödəməmişdir. Ona görə də, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)-2022/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikahılarından doğulmuş 22.05.2012-ci il təvəllüdlü X6 və10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli 2(027)-1066/2015 saylı qətnaməsində müəyyən edilmiş aliment miqdarı artırılmaqla, Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq o, İddiaçı verilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləği ilə uşağlara baxmaq olmur. Uşaqlar məktəblidir. Hazırda oğlu Natiq İİİ sinifdə, qızı Leyla isə İ sinifdə oxuyur. Onların ehtiyacı günü-gündən artır. Cavabdeh əmək qabiliyyətlidir, pul qazanmaq uşaqlarına baxmaq üçün maddi və fiziki imkanları vardır. Hazırda o, özü heç bir yerdə işləmir. Uşaqlar böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Quba Rayon Məhkəməsinin 30.09.2019cu il tarixli, 2(027)-2022/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki minimum yaşayış tərzindən çox aşağıdır. Həmin qətnamənin çıxmasından artıq üç il ötür. Bu üç il ərzində ərzağın, istehlak xidməti qiymətləri də artmışdır. Aylıq 200 manat məbləğində alimentlə uşağların geyimini belə almaq olmur. Buna görə də qeyd edilən iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçının apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1389/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə alimentin məbləği hər uşaq üçün 20 manat artırılaraq 120 manat müəyyən edilmişdir. Həmin məbləğ isə alimentin minimum məbləğindən, yəni 175 manatdan çox aşağıdır. Halbuki, uşaqlar məktəblidirlər. 120 manat aliment bir uşağın geyiminə belə çatmır. Cavabdeh xəstə olmasını, alimenti ödəyə bilməməsini qeyd etsə də, göstərilənlər alimentin ödəməmək üçün bəhanədir. Hər bir valideynin uşağı saxlamaq vəzifəsi vardır. Cavabdeh Quba rayonu Əlibəyqışlaq kəndində yaşasa da, Quba rayonu İİ Nügədi kənd həkim məntəqəsindən aldığı arayış əsassızdır. Əlibəyqışlaq kəndinin İİ Nügədi kəndi ilə heç bir bağlılığı yoxdur. Bundan əlavə məhkəmə qətnaməsi ədalətli deyildir. Ona görə ki, alimentinin miqdarı ilə bağlı məhkəmələr tərəfindən formalaşmış təcrübəyə əsasən aliment təyin olunarkən onun miqdarı minimum alimentin məbləğindən az olmamalıdır. Hazırkı halda isə minimum məbləğ 175 manatdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 26.10.2015-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 22.05.2012-ci ildə X6 və 10.04.2014-cü ildə X4 anadan olmuşdur. Yenə iş materiallarında olan Vladimirovka kənd tam orta məktəbin 11.02.2021ci il tarixli arayışlarından görünür ki, X4 həmin məktəbin 1-ci sinif şagirdi və X6 isə 3-cü sinif şagirdidir. İş materillarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 19.05.2015-cı il tarixli 2-(027)- 1066/2015 saylı qətnaməsindən məlum olur ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh birgə nikahından 22.05.2012-ci il tarixdə doğulmuş X1 və 10.04.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 aprel 2015-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 75 (yetmiş beş) manat olmaqla, iki uşağa görə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qərara alınımışdır. İş materillarında olan Quba rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)- 2022/2019 saylı qətnaməsindən isə görünür ki, həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli, 2(027)-1066/2015 nömrəli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınımışdır. İş materiallarına əlavə edilmiş Quba rayon İİ Nügədi kənd həkim məntəqəsinin 07.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 01.07.2021-ci il tarixdə məntəqə müraciət edərkən onun vəziyyəti ağır olmuşdur. Ödəmli hipertonik forma və tənəffüs çatışmamazlığından əziyyət çəkir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1389/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından iki yetkinlik yaşına çatmayan uşaqları var, onların nikahına xitam verilmiş, uşaqlar iddiaçıda saxlanılmış, aliment müyyən edilmiş, daha sonra dövrün tələbləri nəzərə alınaraq aliment miqdarı məhkəmə qətnaməsilə bir dəfə artırılmışdır. Hazırda iddiaçı növbəti dəfə aliment məbləğinin artırılmasını (hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat) xahiş edir. Bbirinci instansiya məhkəməsi qeyd edilən tələbi qismən təmin etsə də, iddiaçı bunula razılaşmır və iddia tələbinin tam təmin edilməsini xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən bunu belə əsaslandırımışdır ki, iddiaçı ərizəsində cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etməmişdir. Bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)-2022/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əsaslandırma mülki və ailə qanunvericiliyini tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1389/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3124/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3124/2021
24.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver