Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-313/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızına qarşı çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(012)-1379/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(012)-1379/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim S.Səmədzadə) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın isə təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 Hacıverdi qızının hüquqa zidd hərəkətlərinə son qoyulması və cavabdehlərin üzərinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun, Qusarçay kəndində 1500 kv m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evi və JN-583 kodlu, 30213018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş torpaq sahəsi iddiaçının mərhum atası X5 məxsus olmuşdur. Həmin fərdi yaşayış evinə dair Xaçmaz rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. O, mərhum atasının tək vərəsəsidir. O, atasının vəfatından sonra miras qalmış Xaçmaz rayon Qusarçay kəndində yerləşən torpaq sahəsi və evə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Xaçmaz rayon 1 saylı Notariat ofisinə ərizə ilə müraciət etdikdə notariat hərəklərinin aparılması mümkün olmadığını ona bildirmişlər. Vərəsəlik işinin həlli ilə əlaqədar Çıxarış təqdim edilməlidir. Ona görə də, mərhum atasına məxsus fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alıması üçün DƏDRX-nin 5 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin əməkdaşları əmlakların dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsi üçün əmlakların olduğu yerdə olarkən, cavabdehlər buna imkan verməmişlər və onlara mane olaraq geri qaytarmışlar. Sonradan DƏDRX-i tərəfindən ona verilən arayışda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinə zamanı aşkar olmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evi üzərində mübahisə olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən də ərizəsinin icrasından imtina olunmuşdur. Cavabdehlər qanuna zidd hərəkətləri ilə çıxarışın alınması mane olurlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmişdir. Mübahisə ondan ibarətdir ki, atasından miras qalmış Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən 1500 kvm torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87 kv.m olan dördotaqlı, iki mərtəbəli yaşayış evinə vərəsəlik almaq üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərazidə ölçmə işlərinin aparılması üçün İdarədən gəlmiş əməkdaşlara cavabdehlər maneçilik törətmişlər. Hazırkı iddianın predmeti də qeyd olunan daşınmaz əmlakların yerində müayinə edilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin qaldırılması barədədir. Məhkəmə isə qətnamədə göstərir ki, konkret olaraq hansı daşınmaz əmlak üzrərində ölçmə işlərinin aparılması dəqiq göstərilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon Dövlət Arxivinin 24 avqust 2021-ci il tarixli, 861 nömrəli arayışında göstərilir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1996-2000-ci illərə aid Qusarçay kəndi üzrə 07 saylı təsərrüfat başına aid kitabında mərhum X7 təsərrüfat başçısı olub təsərrüfatın şəxsi mülkiyyətində 1978-ci ildə yaşayış evi, şəxsi istifadəsində torpağın cəmi (hektarın yüzdə birilə) 0,15ha, o cümlədən tikililərin altında 0,01 ha torpaq sahəsi qeyd olunmuşdur. Cavabdehlər də elə həmin əmlakın müayinəsinə imkan verməmiş, məqsədləri də iddiaçının atasından miras qalmış əmlakı ələ keçirməkdir. Məhkəmə isə mübahisənin əsl mahiyyətini aşkar edə bilməmiş, əsaslı və qanuni iddianı rədd etmişdir. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə müdafiə edib təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, hazırkı mübahisə tərəflər arasında miras əmlakın bölgüsü, yaxud vərəsəlik münasibətlərindən doğan mübahisə deyil. İddiaçı atasından miras qalan əmlakın hüquqi rejiminin müəyyən edilməsinə cavabdehlər tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasını tələb edir. Mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlak bəllidir. Məhkəmənin mövqeyi isə aydın deyil. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, qətnamə qanunidir və apellyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Əlavə olaraq bildirdilər ki, mübahisəli torpaq sahəsi onların nənələrinin olmuşdur. İddiaçının ataları onların qardaşları idi. Vəfat edənə qədər qardaşlarına onlar baxmışlar. İddiaçı ilə heç vaxt münasibətləri olmamışdır. Mübahisə predmeti olan əmlak iddiaçının atasına aid deyildir. Onların hər ikisinin ayrılıqda evləri vardır. Mübahisəli evdə heç kəs yaşamır. Evə Cavabdeh2 nəzarət edir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan JN 0583 kodlu, 30213018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından müəyyən olunur ki, X4 mülkiyyətinə Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi verilmişdir. Yenə iş materiallarında olan 1988-ci ildə tərtib edilmiş Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Qusarçay kəndində yerləşən ümumi sahəsi 87 kv.m olan, 4 otaqlı, iki mərtəbəli fərdi yaşayış evi X5 məxsusdur, evin yerləşdiyi torpaq sahəsinin həcmi sənəd üzrə və faktiki olaraq 1500,0 kv.m-dir. Yenə də işdə olan AZ-İİ 093431 saylı, xx.xx.2020-ci tarixdə Xaçmaz rayon Qusarçay İƏD nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.2015-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ İV-541680 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur, ata qrafasında X7, ana qrafasında Nümayəndə qeyd olunmuşdur. Yenə mülki işə əlavə edilmiş Xaçmaz rayonu, Qusarçay Bələdiyyəsinin xx.xx.2022ci il tarixli arayışından görünür ki, X4 mülkiyyətində olan Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 2 mərtəbəli evin 0,16 ha həyətyanı torpaq sahəsinin əmlak və torpaq vergisi X6 tərəfindən ödənilir. İşdə olan Xaçmaz rayon Dövlət Arxivinin 24 avqust 2021-ci il tarixli, 861 nömrəli və Xaçmaz RİH Başçısının Qusarçay İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 680 nömrəli arayışlarından məlum olur k, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1996-2000-ci illərə aid Qusarçay kəndi üzrə 07 saylı təsərrüfat başına aid kitabında mərhum X7 təsərrüfat başçısı olub təsərrüfatın şəxsi mülkiyyətində 1978-ci ildə yaşayış evi, şəxsi istifadəsində torpağın cəmi (hektarın yüzdə birilə) 0,15 ha, o cümlədən tikililərin altında 0,01 ha torpaq sahəsi olmuşdur. Yenə işdə olan ünvan 1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 641№-li məktubundan aydın olur ki, İddiaçı atası X2 miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə dair mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariusa müraciət etmişdir, lakin qeyd olunan əmlaklara dair hüquqmüəyyənedici sənədlər olmadığından notariat işinin aparılması mümkün olmamışdır. Ona görə də həmin sənədlərin notariat ofisinə təqdim edilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Xaçmaz rayonunun, Qusarçay kəndində 1500 kv m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evi üzərində mübahisə olduğundan daşınmaz əmlakın müayinə işlərinin aparılması mümkün olmamışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(012)-1379/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mərhum atası X2 Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi və Xaçmaz rayonunun, Qusarçay kəndində 1500 kv m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evi miras qalmışdır. Qasım Qurbanov 2015-ci ildə vəfat etmişdir. Mübahisə predmetini təşkil edən fərdi yaşayış evində heç kəs yaşamır. Cavabdehlərin özlərinə məxsus yaşayış evləri vardır. İddia edilir ki, evə faktiki nəzarət Cavabdeh2 tərəfindən həyata keçirilir. İddiaçı atasından miras qalmış qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariusa müraciət etmiş, lakin hüquqmüəyyənedici sənədlər olmadığı üçün notariat işinin aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı, o cümlədən notarius hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın əldə edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər İdarənin əməkdaşlarına müvafiq ölçmə işlərinin aparılmasına icazə verməmişlər. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və cavabdehlərin üzərinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmə iddianı rədd etmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qəbul etməyən apellyasiya kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Eyni Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Daha öncə qeyd olunduğu kimi iddiaçının mərhum atası X2 Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi və Xaçmaz rayonunun, Qusarçay kəndində 1500 kv m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evi miras qalmışdır. Qasım Qurbanov 2015-ci ildə vəfat etmişdir. Lakin o, qeyd olunan fərdi yaşayış evi və altında yerləşən torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırana qədər ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təstiq edən sənədlərin Siyahısının təstiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təstiq edən sənəd olmaqla onların qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edildiyi kimi Xaçmaz rayon Dövlət Arxivinin 24 avqust 2021-ci il tarixli, 861 nömrəli və Xaçmaz RİH Başçısının Qusarçay İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 680 nömrəli arayışları ilə müəyyən edilir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1996- 2000-ci illərə aid Qusarçay kəndi üzrə 07 saylı təsərrüfat başına aid kitabında mərhum X7 təsərrüfat başçısı olub təsərrüfatın şəxsi mülkiyyətində 1978-ci ildə yaşayış evi, şəxsi istifadəsində torpağın cəmi (hektarın yüzdə birilə) 0,15 ha, o cümlədən tikililərin altında 0,01 ha torpaq sahəsi olmuşdur. Həmin sənədlər isə daha öncə istinad olunan Prezident fərmanına əsasən hüquqların qeydiyyatı üçün əsas hesab olunur. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı daha öncə sadalanan maddi hüquq normalarına uyğun olaraq ölmüş şəxsin birinci növbədə vərəsəsi kimi atasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariusa və qeydiyyat orqanına müraciət etmiş, sadalanan səbəblərdən, yəni cavabdehlər mane olduğuna görə o, bu hüququnu gerçəkləşdirə bilməmişdir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinin tələblərinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsinin ümumi mənasına görə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. İşdən göründüyü kimi cavabdehlər mirasqoyanla yaxın qohumluq müsibətlərindən (mirasqoyan onların qardaşıdır) sui-istifadə edərək miras əmlaka dair hüquqların qeydiyyatı üçün qeydiyyat orqanı tərəfindən zəruri olan hərəkətlərin həyata keçirməsinə süni maneələr yaratmaqda iddiaçının vərəsəlik hüququnun həyata keçirilməsinə açıq maneçilik törədirlər. Sadalananların yekunu kimi apellyasiya kollegiyası bir daha qeyd edir ki, hazırkı iddia tələbi əsaslı və qanuni olmaqla, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızına qarşı mübahisəli daşınmaz əmlaklara dair hüquqların qeydə alınması üçün zəruri hərəkətlərin həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan hər cür maneələrin onlara qadağan edilməsi tələbində haqlıdır və məhkəmənin bu cür iddianın rədd edilməsi barədə mövqeyi işin faktiki hallarına uyğun olmamaqla yanaşı, eyni zamanda iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələb konkret deyildir, hansı daşınmaz əmlakla bağlı ölçmə işlərinin aparılmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi dəqiq göstərilməmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, istər iddia ərizəsində, istərsə də tərəflərin izahatlarında mübahisənin məhz Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı olduğu aşkar şəkildə bildirilir. İddia ərizəsində iddiaçı atasından miras qalmış 0,06 ha pay torpaq sahəsini də qeyd etsə də, lakin həmin torpaq sahəsi ilə bağlı tələb yoxdur. İşdə olan dövlət aktından göründüyü kimi həmin torpaq sahəsinə dair hüquqlar dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, işin faktiki hallarına qiymət vermədən, yalnız qeyd olunan əsasla iddianın rədd edilməsi əsaslı sayıla bilməz və məhkəmənin gəldiyi nəticə anlaşılan deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 150 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızından müştərək qaydada alınaraq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(012)-1379/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunsun. Cavabdehlər X3 və Cavabdeh2 Hacıverdi qızının hüquqa zidd hərəkətlərinə son qoyulsun, onların üzərinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırlması (Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanının mütəxəssisləri tərəfindən aparılan zəruri hərəkətlətə mane olmamaq) vəzifəsi qoyulsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 150 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızından müştərək qaydada alınaraq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-313/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-313/2023
31.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver