Məhkəmə qərarları › İş №2(105)-3132/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3132/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3132/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əli-Hüseyn oğluna və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021ci il tarixli, 2(060)-255/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-255/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 1947.45 ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun 17 manat hissəsinin cavabdehlər Cavabdeh1 Əli-Hüseyn oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı ASC-dən 52,3 manat, cavabdehlərdən 71,7 manat tutularaq X1 müxbir hesabına köçürülməsi (Kod:210005,Vöen:**********,Müxbirhesab:AZ41NABZ013601000 **********4 SFİFT BİK: CTREAZ22), iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Ə.Ələkbərov) İddiaçı ASC qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC məhkəməyə müraciət edərək, cavabdehlərdən 10 oktyabr 2014-cü il il tarixli krdit müqaviləsi üzrə 1947.45 USD əsas borc, 1131.86 USD faiz borcu, 291.06 USD cərimə və kredit müqaviləsi üzrə 10.10.2018-ci il il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 207.05 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3577,42 USD borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Əli-Hüseyn oğlu 10.10.2014cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 5500 USD kredit götürmüşdür. 28.10.2015-ci il tarixli sazişə əsasən kreditin qalıq müddəti 10.10.2018-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.10.2014cü il il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ASC qətnamədən apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad etsə də, onu düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, həmin Fərmana əsasən faiz və cərimə borcları silinməlidir. Halbuki, qeyd edilən Fərmanda bu müddəa imperativ yox, tövsiyyə xarakterli olmuşdur. Digər tərəfdən həmin silinmələr restruktrizasiya olunan kredit müqavilələrinə aiddir. Hazırki müqavilə üzrə restruktrizasiya müddəti keçmişdir. Ona görə də qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq hazırki borc üzrə 3657,66 manat kompensasiya hesablanıb, həmin məbləğin 2151,56 manatı bu müqavilə üzrə borca silinib, qalan məbləğ borclunun özünə verilib. Bank tərəfindən iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən borc üzrə qalıq məbləğinin “0” olmasını isə izah edə bilmir. Apelyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1 Əli-Hüseyn oğlu və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, səbəblərini bildirmədən məhkəmə iclasına təkrar olaraq gəlməmişlər. İddiaçının nümayəndəsi isə sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 Əli-Hüseyn oğlu arasında bağlanmış 10.10.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, 27% olmaqla 5500 USD kredit verilmişdir. Yenə işdə olan 10.10.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 Əli-Hüseyn oğluna zamin olmuşdur. Yenə də işdə olan 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Əli-Hüseyn oğlunun 1947.45 USD əsas, 1131.86 USD faiz, 291.06 USD cərimə və 10.10.2018-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 207.05 USD məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3577,42 USD borcu vardır. İşə əlavə edilmiş 10.10.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, 5500 USD məbləğində pul vəsaiti Cavabdeh1 Əli-Hüseyn oğluna verilmişdir. Yenə işə əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdurlar. Yenə də işə əlavə edilmiş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 29.04.2021-ci il tarixli, 4/472 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 10.10.2014-cü il tarixli 4-M-1- 0-1165-14 saylı “Kredit müqaviləsin”də “Borcalan” qrafalarında olan imzalar; 10.10.2014cü il tarixli 4-M-1-0-1165-14 saylı “Zaminlik müqaviləsin”də “Borcalan” qrafasında olan imza; 10.10.2014-cü il tarixli 4-M-1-0-1165-14 saylı “Kredit müqaviləsi”nə 1 saylı əlavənin aşağı sağ hissəsində “Cavabdeh1 Əli-Hüseyn oğlu” yazılarının aşağısında olan imza – Cavabdeh1 Əli-Hüseyn oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 23.04.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı, 10.10.2014-cü il tarixli kredit və 4- M-1-0- 1165-14 saylı, 10.10.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavə”nin aşağı sol hissəsində “Borcalan” qrafasında olan imza; 23.04.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə”nin aşağı hissəsində “Borcalan” qrafasında olan imza; 28.10.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı 10.10.2014-cü il tarixli kredit və 4-M-1-0- 1165-14 saylı, 10.10.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavə”nin aşağı hissəsində “Borcalan” qrafasında olan imza; 28.10.2015-ci il tarixli “4-M-1-0-1165-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə”nin aşağı hissəsində “Borcalan” qrafasında olan imza Cavabdeh1 Əli-Hüseyn oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İşdə olan 29.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Əli- Hüseyn oğlunun 1947.45 USD əsas, 1131.86 USD faiz, 291.06 USD cərimə olmaqla, cəmi 3370,37 USD borcu vardır. Yenə işdə olan Cavabdeh1 Əli-Hüseyn oğluna məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi 19.04.2019-cu il tarixdə edilmişdir. İşə əlavə edilmiş Cavabdeh1 Əli-Hüseyn oğluna məxsus bank hesabından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən 19.04.2019-cu il tarixdə 3657,66 manat ekvivalentində (2151,56$) kompensasiya mədaxil edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamənin yalnız kredit müqaviləsi üzrə faiz və cərimə borcunun tutulması hissəsi mübahisələndirildiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-255/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 Əli-Hüseyn oğlu 10.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 5500 USD kredit götürmüşdür. 28.10.2015-ci il tarixli sazişə əsasən kreditin qalıq müddəti 10.10.2018-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.10.2014-cü il il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq hazırki borc üzrə 3657,66 manat kompensasiya hesablanıb, borc məbləğindən 2151,56 USD silinmişdir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən qalıq borc məbləği “0” göstərilsə də, bank hazırki tələbi irəli sürür. Cavabdehlər isə apelyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 Əli-Hüseyn oğlu həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisə üzrə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrintələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 Əli-Hüseyn oğlu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddianın faiz borcu, cərimə, həmçinin müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% borc məbləği hissəsində tələb təmin olunmamalıdır. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bankın apelyasiya şikayətini əsassız hesab edir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası daha öncə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC öz apelyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(060)-255/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar