Məhkəmə qərarları › İş №2(105)-3133/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3133/2021

13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3133/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(060)-5429/2021-006 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 149/2016 saylı 17 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 17.02.2016-cı il tarixli, 2(060)-149/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 108 (bir yüz səkkiz) manat məbləğində alimentin miqdarını dəyişərək Cavabdeh 28.04.2013-cü il təvəllüdlü X1 üçün hər ay, sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 17.02.2016cı il tarixli, 2(060)-149/2016 saylı qətnaməsi ilə Cavabdeh arasında 29.06.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 28.04.2013-cü il təvəllüdlü X3 ananın himayəsinə verilmiş və Cavabdeh uşaq yetkinlik yaşına çatana kimi 28.09.2015-ci il tarixdən başlayaraq hər ay 108 (bir yüz səkkiz) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşağın saxlanması, müalicəsi və təhsili üçün xeyli xərclər tələb olunur və qətnamə ilə müəyyən olunmuş 108 manat həmin xərcləri ödəmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının cavabdehin əmlak, maddi vəziyyətində hər hansı dəyişikliyin olması, başqa digər qazanclarının olması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-149/2016 saylı, 17.02.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Hacıyeva (Mirzəliyeva) Aidə Nazim qızı arasında 29.06.2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 1017 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 28.04.2013-cü il təvəllüdlü X3 ananın-iddiaçı Hacıyeva (Mirzəyeva) Aidə Nazim qızının yanında qalması və Cavabdeh iddiaçı Hacıyeva (Mirzəliyeva) Aidə Nazim qızının xeyrinə 28.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 28.09.2015-ci il tarixdən başlayaraq, hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınaraq, alimentin məbləği 150 manata qədər artırılmış, lakin iddiaçı bu nəticədən narazı qalaraq qətnaməni mübahisələndirmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi 07.06.2021-ci il müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, yəni bu alimentin miqdarının tələb olunan məbləğdə artırılması üçün Cavabdeh maddi vəziyyətində dəyişiklik olmamış, yəni onun gəlirləri artmamışdır. İddiaçı Cavabdeh maddi vəziyyətindəki dəyişiklə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1. maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 108 manat miqdarında alimentin artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat miqdarda tutulması təşkil edir (175-108=67 manat). Həmin artımın bir il ərzində məcmusu isə (67 X 12 ay = 804 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar