Məhkəmə qərarları › İş №2(105)-3137/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3137/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3137/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi əsasında verilmiş pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(060)-4674/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi əsasında verilmiş pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc aldığı 14550 manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1500 manat faiz borcunun, cavabdehin ona vurduğu mənəvi ziyan məbləği olaraq 5000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 21080 manat pul vəsaitinin birdəfəlik tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qərardadı qanunsuz və ədalətsizdir. Çünki, məhkəmə həmin qərardadı çıxararkən qanun normalarını səhv tətbiq etmiş, qanunları yanlış şəkildə təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Onun iddia tələbi üzrə icraat xitam verərkən səhv nəticəyə gəlmişdir. Cavabdeh müxtəlif bəhanələrlə aldığı borc məbləğini qaytarmaqdan yayındığından, o kredit müqaviləsinin bağlanıldığı Sumqayıt şəhəri 3 saylı notariat kontoruna müraciət etmiş və notarius tərəfindən 24 may 2019-cu il tarixli, 8İ-3285 saylı icra qeydi tərtib edilərək icra olunması məqsədi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Lakin qeyd olunan vaxtdan bugünədək icra məmuru borcun cəmi 450 manatını cavabdehə ödədirə bilmişdir. O borc məbləğinin tam şəkildə birdəfəlik olaraq cavabdehdən tutulmasını tələb etdikdə, icra məmuru cavabdehin aylıq gəlirinin 300 manat olduğu, bu səbəbdən bu pulun da yalnız 150 manatının tutulmasının mümkün olduğunu, icra qeydi əsasında məhkəmə tərəfindən verimiş icra sənədindən fərqli olaraq borcluya qarşı inzibati və cinayət icraatı qaydasında tədbirlər görə bilmədiyini bildirərək icra sənədinin icrasını təmin edə bilməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində o maddi cəhətdən zərərə uğradıldığından və etibar edərək borc pul verdiyi şəxs tərəfindən aldadıldığından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borc şəklində verdiyi pul məbləğinin birdəfəlik şəkildə məcburi qaydada alınaraq ona verilməsini xahiş etmək məcburiyyətində qalmışdır. Ancaq məhkəmə tamamilə aidiyyəti olmayan əsasla onun iddia tələbi üzrə icraata xitam verməklə onun öz qanuni maraqlarımı məhkəmə qaydasında müdafiə etmək hüququmdan məhrum etmişdir. Nəzərə alınsa ki, notariusun icra qeydinin verilməsinə görə iddia tələbinə məhkəmə qaydasında baxılmasının mümkünsüzlüyü qanunvericilikdə müəyyən edilməmişdir, aydın olur ki, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardadı ilə məhkəmə qaydasında həll edilməli olan mübahisəni həll olunmamış vəziyyətə gətirmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə, yəni işin məhkəmədə baxılmalı olmaması əsasına istinad edərək onun bu halda hansı orqana müraciət etməli olduğunu göstərməmiş, bununla da həmin Məcəllənin 262-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə tərəfindən qəbul edilmiş qərardadla həm onun cavabdehə qarşı ona vurduğu maddi ziyanın ödənilməsi üçün qaldırdığı iddia tələbimə baxılması əngəllənmiş, həm də bu məsələnin hansı yolla həlli göstərilməmişdir ki, bu da birbaşa qanun pozuntusu sayılmaqla məhkəmənin məhkəmə qaydasında baxılmalı olan mübahisənin həllindən əsassız olaraq özünü kənarlaşdırması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, məhkəmənin icra qeydinin mövcudluğunu əsas gətirərək iş üzrə icraata xitam verməsi, özü də onun iddia tələbində icra qeydində nəzərdə tutulmamış tələblərin, yəni cavabdehin hərəkətləri nəticəsində ona dəymiş əlavə maddi ziyanın və mənəvi ziyan məbləğinin ödənilməsi tələblərinin yer aldığı halda belə bir nəticəyə gəlməsi qanunsuz və hüquqi cəhətdən əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında məhkəmənin icra sənədi üzrə icraata xitam verildiyini əsas gətirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli və onunla bağlı 17 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verərkən Məhkəmə pul tutulması tələb edilən borc müqaviləsi üzrə notariat orqanı tərəfindən icra qeydi verildiyini və həmin icra qeydinə əsasən icra üzrə icraata başlandığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara qanuni və əsaslı hesab etmir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). İddiaçının nümayəndəsi Vəkil məhkəmə kollegiyasına təqdim etdiyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 19 avqust 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8i-3285 saylı 24.05.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsinə əsas olan hal aradan qalxdığından, yəni icra sənədi üzrə xitam verildiyindən, qərardadlar ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli və onunla bağlı 17 avqust 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi əsasında verilmiş pul məbləğinin qaytarılması tələbinə dair işə mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar