Məhkəmə qərarları › İş №2(105)-3138/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3138/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3138/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-24/2021 saylı, 24 may2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-24/2021 saylı, 24 may2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ünvan 1 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilmiş, onun mübahisəli yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət olunmuşdur. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh AğaƏli qızının ünvan 1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin şəxsin fərdi yaşayış evindən çıxarılması, mübahisəli yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Nikoyl" İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, döngə 5-də yerləşən 19 saylı fərdi yaşayış evinə Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli, 2(012)-5778/2015 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair “Nikoyl" İKB ASC-nin mülkiyyət hüquqları 20 dekabr 2017-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX ******* saylı çıxarış alınmışdır. Abşeron RİHB-nin İcra Hakimiyyəti Mənzil X2 Təmir Sahəsinin 265 saylı 18 dekabr 2014-cü il tarixli arayışından göründüyü kimi, ünvan 1 saylı fərdi yaşayış evində Cavabdeh qeydiyyatda olmaqla yaşayır. Əmlakın "xxxx" İKB ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, onun himayəsində iki azyaşlı uşağı vardır və yaşamağa başqa yerləri yoxdur. Onun bu mənzildən çıxarılması iki azyaşlı uşağın da faktiki olaraq həmin yaşayış sahəsindən məhrum olması mənasına gəlir, halbuki onlar da bu mənzildə qeydiyyatdadırlar. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli, 2(012)-5778/2015 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 18870 ABŞ dolları əsas borc, 4011 ABŞ dolları faiz borcu, 5661 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 28542 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının əvəzi tutularaq, "NİKOYL” X3 verilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, döngə 5, ev 19 saylı fərdi yaşayış evi açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh "NİKOYL” X1 cəmi 28542 (iyirini səkkiz min beş yüz qırx iki) ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının əvəzi ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, "NİKOYL” X3 ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Yenə iş materiallarında olan 09.02.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası Səbail Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verilən apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 10 aprel 2019-cu il rarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə də qanuni qüvvəsini almışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 20.12.2017ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Nikoil» İKB (hazırda "xxxx") ASC-yə məxsusdur. Mülki işin materiallarında olan 18.12.2019-cu il tarixli, 265 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2007-ci il təvəllüdlü qızı- X6 və 2009-cu il təvəllüdlü oğlu- X7 ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-24/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" İKB ASC arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi o, öz mülkiyyətində olan mübahisəli yaşayış sahəsini bankın xeyrinə ipotekaya qoymuşdur. Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən "xxxx" İKB ASC müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(012)-5778/2015 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh 18870 ABŞ dolları əsas borc, 4011 ABŞ dolları faiz borcu, 5661 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 28542 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının əvəzinin müştərək qaydada tutularaq, "NİKOYL” X3 verilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, döngə 5, ev 19 saylı fərdi yaşayış evi açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh "NİKOYL” X1 cəmi 28542 (iyirini səkkiz min beş yüz qırx iki) ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının əvəzi ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, "NİKOYL” X3 ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və hərrac nəticəsində mübahisəli ev bankın mülkiyyətinə keçmiş, onun adına reyestrdən çıxarış alınmışdır. Bundan sonra, Cavabdeh hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası Səbail Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hazırda mübahisəli evin mülkiyyətçisi, yəni İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin şəxsin fərdi yaşayış evindən çıxarılması, mübahisəli yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırda cavabdehin yaşadığı mənzil ipotekaya qoyulmuş və kredit məbləği ödənilmədiyi üçün tələb həmin mənzilə yönəlmiş və daha öncə qeyd edildiyi kimi iddiaçı bank həmin mənzili hərrac vasitəsilə əldə etmişdir. Lakin daha öncə istinad olunan qanunun normalarına uyğun olaraq cavabdeh mənzili tərk etməmişdir və buna görə də bank hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı bank qeyd edilən evin mülkiyyətçisidir və onun hazırki tələblə çıxış etməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu baxımdan İddiaçı ASC-nin mübahisəli mənzil üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda isə Cavabdeh qanunsuz müdaxiləsindən müdafiə edilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ünvan 1 saylı fərdi yaşayış ev İddiaçı ASC-nin mülkiyyətində olmaqla, cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Öhdəsində olan azyaşlı uşaqların mübahisəli mənzildən çıxarılmalarının qanunsuzluğu barədə cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır, çünki Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-24/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-24/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar