Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-315/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borc və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-745/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3582/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh1 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borc və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC-dən xx xxxxx 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə illik 10 %-lə 230000 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2016-cı il tarixdə edilmiş əlavə ilə kredit müqaviləsinin müddəti xx xxxxx 2017-ci il tarixədək uzadılmış, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini tamamilə icra etməmişdir. Hazırda cavabdehin banka 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borcu və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində borcu vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, bank tərəfindən kassa məxaric qəbzi və hesabdan çıxarış məhkəməyə təqdim etməmişdir. Halbuki, məhz bu sənədlər birbaşa olaraq iddiaçının istinad etdiyi halı sübut edən sənədlərdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu şikayətə etiraz etdi və göstərdi ki, kredit müqaviləsi üzrə kredit vəsaiti bank tərəfindən birbaşa müştərinin hesabına keçirilmişdir. Buna görə də nə kassa məxaric orderi, nə də ödəniş tapşırığı barədə sənəd mövcud deyildir. Cavabdeh1 həmin vaxtlar bankda ya qarovulçu, ya da sürücü işləmişdir. Kredit götürəndən təqribən 1 il sonra, o, öhdəlik müddətinin uzadılması barədə ərizə ilə banka müraciət etmiş, onun ərizəsi təmin edilmişdir. Kredit müqaviləsi Cavabdeh1 tərəfindən imzalandığından borc da ondan tutulmalıdır. Sonda nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 10 %-lə 230000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Yenə iş materiallarında olan xx xxxxx 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsinə edilmiş xx xxxxx 2016-cı il tarixli əlavədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin müddəti xx xxxxx 2017-ci il tarixədək uzadılmışdır. Yenə iş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx xxxxx 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borc və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına və iş üzrə Ali Məhkəmənin qanuni göstərişlərinə əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında xx xxxxx 2015-ci il tarixdə 064/15 saylı kredit müqaviləsi imzalanmış və İddiaçı1 ASC tərəfindən Cavabdeh1 illik 10 %-lə 12 ay müddətinə 230000 ABŞ dolları məbləğində kredit verilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin müqaviləyə əsaslanaraq göstərilən borc məbləğini tələb edir, cavabdeh isə bankdan pul götürmədiyini bildirir və bunu onunla əsaslandırır ki, ondan tələb edilən pul məbləğini sübut edəcək yeganə sənəd kassa məxaric orderi ola bilərdi ki, bu da yoxdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstinad olunan maddələrin əsas dispozitiv şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçı bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, bank pulun ona verildiyi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmənin dəfələrlə təklif etməsinə və iddia tərəfinin vəd verməsinə, bu səbəbdən də məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq iddiaçı tərəf həmin sübutu (ödəniş tapşırığı və ya kassa məxaric orderi) məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə bankın öhdəliyini yerinə yetirməsi, müqavilə üzrə verilməsi nəzərdə tutulan kredit vəsaitinin borcluya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Şərh olunanlara əsasən qeyd edilməlidir ki, bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddia təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına uyğun deyildir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə əsaslı şübhələrdən kənar heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir, halbuki AR MPM-nin 77-ci maddəsinə əsasən hazırki halda sübutetmə yükü onun üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən daha öncə də qeyd olunduğu kimi tutarlı əsas gətirilməmiş, iddiasının əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Ona görə qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu, eləcə də kassasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona ödənilməli, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı xx xxxxx 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş cəmi 30,80 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Cavabdeh1 ödənilsin. İddia ərizəsinin verilməsi üçün Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-315/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-315/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver