Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3157/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Cəfərova Bəyı̇ m Mı̇ r Yunı̇ s qızının cavabdehlər Cavabdeh1, Babayeva Səbı̇ nə Həsənağa qızına, Cavabdeh2 qarşı mənzildən çıxarılma və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(012)-3671/2021 saylı qətnaməsindən cavabdeh Babayeva Səbı̇ nə Həsənağa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, X1, 15 oktyabr 2003-cü il təvəllüdlü X3 və 29 yanvar 2013-cü il təvəllüdlü X2 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, 15 oktyabr 2003-cü il təvəllüdlü X6 və 29 yanvar 2013-cü il təvəllüdlü X5 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Cavabdeh Babayeva Səbı̇ nə Həsənağa qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, 15 oktyabr 2003cü il təvəllüdlü X3 və 29 yanvar 2013-cü il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və Cavabdeh1, Cavabdeh2, X1, 15 oktyabr 2003-cü il təvəllüdlü X3 və 29 yanvar 2013-cü il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 21 yanvar 2021- ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı almışdır. Mənzil Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək 25 yanvar 2021-ci il tarixdə müvafiq olaraq İddiaçı adına çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən, cavabdehlər 2 ay müddətində yaşamaq üçün möhlət istəmiş və müqavilənin 11-ci bəndində əsasən, 21 mart 2021-ci il tarixədək evdən çıxacaqları barədə öhdəlik götürmüşlər. Lakin 4 aya yaxındır ki, cavabdehlər evdən çıxmamışlar. Hazırda da cavabdehlər həmin evdə yaşamaqda davam edir və çıxacaqları barədə vəd versələr də, bunu yerinə yetirməmişlər. Bununla da, bir mülkiyyətçi kimi iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehlər fərdi yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Həmçinin, cavabdehlər alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən 21 fevral 2021-ci il tarixədək qeydiyyatdan çıxmaqları barədə öhdəlik götürmüşlər. Lakin, xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamış, onların formal pasport qeydiyyatı hələdə qalmaqdadır. İddiaçı həmin vaxtdan fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişdir. Halbuki, cavabdehlərin pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərdən görünür ki, cavabdehlər formal pasport qeydiyyatındadır və artıq bu ünvana olan hüquqlarını itirmişdir. İddiaçının xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz şəkildə istifadə etmək, əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Bu səbəbdən, cavabdehlərin yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Babayeva Səbı̇ nə Həsənağa qızı Abşeron Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, onun qanunla qorunan hüquqları məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə formal qətnamə qəbul etmişdir. İşdə olan sübutları işin hallarına düzgün tətbiq etməmiş, mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin mübahisəli mənzildə qalmasının iddiaçının mülkiyyətçi olaraq hüquqlarını məhdudlaşdırdığını və ona məxsus hüquqların gerçəkləşdirilməsinin qarşısını alması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüququ əsası kimi Mülki Məcəllənin 152.1, 157.4, Konstitusiyanın 13, 29-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh Babayeva Səbı̇ nə Həsənağa qızı tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsi xahiş edilmişdir. İşdən görünür ki, iddia tələbi evdən çıxarılma və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 21 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı almış və müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPM-nin 4.1. maddəsi). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1. maddəsi). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (H.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarı). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda onların mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalmaları, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzilə dair istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılmalarını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3157/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3157/2021
24.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver