Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-316/2021 01.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1275/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(067)-1275/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin olunaraq, İddiaçı ünvan 1 ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə həmin evə köçürülməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. (hakim İ.Ə.Xəlilov) Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Y.H.Səfərova apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3286/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edimiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Qətnamədən üçüncü şəxs X7 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2896/2020 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (105)-3286/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X11 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Rəsmi nikah bağlandığı gün el adəti ilə cavabdehin valideynlərinə məxsus ünvan 2 ünvanda yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2017-ci ildə Tahir adlı uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olmuş, 2018-ci ilin noyabr ayında aralarında söz-söhbət yaranmışdır. Buna səbəb cavabdehin başqa qadınla əlaqələrinin olması olmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq xx.xx.2018-ci il tarixdə cavabdehin evindən çıxaraq öz valideyinlərinin evinə qayıtmışdır. Hazırda uşağı ilə birlikdə müvəqqəti olaraq həmin ünvanda yaşayır. O, valideyinlərinə yük olmaq istəmir, cavabdeh isə bu vaxta kimi heç bir maddi yardım göstərmir. Əmlakları bu gündə cavabdehə məxsus evdə qalmaqdadır. Cavabdeh və onun anası X1 olaraq onu mübahisəli evə buraxmaq istəmirlər. Ona görə də, onun ünvan 1 ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında iştirakını təmin etmədən əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı ilə xx.xx.2016-cı il tarixdə ailə həyatı qurmuş, bir müddət normal yaşasalar da sonradan münasibətləri pozulduğundan iddiaçı özünə məxsus bir çox əşyanı götürüb evi tərk etmişdir. Ailə həyatı qurduqdan sonra müvəqqəti olaraq ünvan 1-də yerləşən atasına məxsus evdə yaşamışlar. Hazırda da həmin yaşayış evi mərhum atasının mülkiyyətində və sahibliyindədir. Özü həmin yaşayış evində yaşamır, bununla yanaşı İddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş və onunla heç bir münasibəti qalmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətində olduğundan iddiaçının tələbi əsaslıdır və iddiaçı həmin yaşayış evinə köçürülməlidir. Qeyd edilənlər iddia tələbinin əsassızlığını təsdiq edir. Lakin məhkəmə onun iştirakını təmin etmədən və araşdırma aparmadan yalnış nəticəyə gəlmişdir. Hazırda iddiaçı onun ailə üzvü deyil və mübahisəli mənzil mərhum atasına məxsusdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Y.H.Səfərova apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı və oğlu Cavabdeh xx.xx.2016-cı ild rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra müvəqqəti olaraq hazırda onun mülkiyyətində olan ünvan 1-də yerləşən evə gəlin köçmüşdür. Sonradan onlar arasında olan münasibət pozulmuş və o, evi könüllü tərk etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edərkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsi xx xxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı və oğlu Cavabdeh xx.xx.2016-cı ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra müvəqqəti olaraq hazırda onun mülkiyyətində olan ünvan 1-də yerləşən evə gəlin köçmüşdür. Sonradan onlar arasında olan münasibət pozulmuş və o, evi könüllü tərk etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçının nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X9 apelyasiya şikayətini əsassız hesab edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, İddiaçı Cavabdeh oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1275/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçıkarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2017-ci il tarixdə Tahir adlı uşaq doğulmuşdur. X12 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan və texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 məxsusdur. Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxxxxx 2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası X12 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 4 ünvanda yerləşən 0.0525 hektar torpaq sahəsində yerləşən 148.2 m2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, 80 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan fərdi yaşayış evinin cavabdehə məxsus olmasını, İddiaçı mübahisəli evə 2016-cı il tarixdə gəlin köçməsini, orada bir azyaşlı övladının doğulmasını, 2018-ci ildə aralarında yaranmış münaqişə nəticəsində evdən çıxıb getmək məcburiyyətində qalması və həmin vaxtdan valideyinlərinə məxsus evdə yaşamaq məcburiyyətində qalmasını, iddiaçının 2016-cı ildə həmin dövrdə mübahisəli evin mülkiiyyətçisi olmuş şəxsin öz razılığı ilə onun evinə gəlin köçməsi, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmaması, onun bütün cehiz əşyalarının da həmin evə yerləşdirilməsi, hazırda da orada olması, iddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsinin onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillər olmasını, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki. İş materiallarından görünür ki, iddiaçının gəlin köçdüyü və hazırda köçüb yaşamaq istədiyi ev 2016-cı ildə, yəni iddiaçı gəlin köçdüyü vaxt cavabdehin atası X2 adına reyestrdə qeydiyyatda olmuş, mülkiyyətçi xx xxxxxxx 2015-ci il tarixdə vəfat etmiş, daha sonra mübahisəli ünvan 4 ünvanda 0.0525 hektar torpaq sahəsində yerləşən 148.2 m2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi daha əvvəl və hazırki gündə də iddiaçının keçmiş əri olan Cavabdeh mülkiyyətində olmamışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah münasibətləri pozulmuşdur. Göründüyü kimi, iddiaçı köçmək istədiyi fərdi yaşayış evinin mülkiyyətçisi olan Səfərova Yeganə Hacağa qızının ailə üzvü deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən görünür ki, tərəflər arasında mübahisəli fərdi yaşayış evinə dair münasibətlər 2016-cı ildən yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə də əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mövcud qanunvericiliyə görə yaşayış sahəsindən istifadə hüququnun saxlanmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi Yeganə Səfərovanın ailə üzvləri sırasına daxil deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından da hazırki işdə iddiaçının fərdi yaşayış evinin mülkiyyətçisi olan Yeganə Səfərovadan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün onun həmin yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1275/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1275/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-316/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-316/2021
01.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver