Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-316/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh Muğan oğlunun nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)-809/2020 saylı qətnaməsindən iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)-809/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh Muğan oğluna və qeyrilərinə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti və Cavabdeh Muğan oğlu qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(105)-593/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)-809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti və Cavabdeh Muğan oğlu qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(102)-4173/2021 saylı qərarı ilə Cavabdeh Muğan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-593/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi qismən-zaminlərə qarşı iddianın təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Access Bank” qapalı səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh Muğan oğluna və qeyrilərinə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X6 ərizə təqdim edərək iddiaçının iddia tələbindən imtina etdiyini bildirmiş, iddia tələbindən imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh Muğan oğlunun nümayəndəsi X4 məhkəmə iclasında iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin iddia tələbindən imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh Muğan oğlu, X13, X7, Axxanım Sabir qızı, X8, Rzayev Eldar Arzuman oğlu, X5, Əsgərli Elşən Şirzad oğlu və Əskərli Şahin Şirzad oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)-809/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin 0105 saylı, 06.01.2022ci il tarixli ərizəsindən görünür ki, cavabdehlər tərəfindən banka olan borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənildiyinə görə iddia tələbindən imtina etmiş və iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası iddiadan imtinanın nəticələrini tərəflərin nümayəndələrinə izah etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)-809/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365 və 370-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)- 809/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh Muğan oğluna və qeyrilərinə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-316/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-316/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver