Məhkəmə qərarları › İş №2(105)-316/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-316/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-316/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1825/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2522,64 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 0,10 manat pul və 48,23 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2570,97 manat pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddia tələbinin digər hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2522,64 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 0,10 manat pulun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 400 manat vəkil xidmətlərinin əvəzinin və 48,23 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2970,97 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00031xx/xx-2018 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********04620 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2” nın 6.5-ci bəndinin tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 684 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 456,24 manat olmaqla, cəmi 2522,64 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 0,10 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 2522,74 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Məlikov X1 Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin məhkəmə iclaslarında iştrakı təmin edilmədən yalnız birtərəfli təqdim edilmiş və mötəbərliyi şübhə doğuran sübutlara istinad edərək qətnamə qəbul edilmişdir. Halbuki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iştrakı olmadan və harada tərtib edildiyi məlum olmayan əsassız aktlardan ibarətdir. Həmin aktlar öz-özlüyündə İddiaçı İB-nin əməkdaşlarının qeyri-peşəkar olmasını və həmin aktların həqiqəti əks etdirmədiyini açıqaşkar ortaya qoyur. Təqdim edilən fotoşəkillərdən görünür ki, sayğacın yeri küçədə olub və hal-hazırda qaz sayğacı yerində yoxdur. Qeyd etməyi zəruri hesab edir ki, qaz sayğacı küçədə olub və evdən həmin müddət yaşamadığı üçün sayğacı oğlurlayıblar. Bu barədə xəbər tutan kimi Azəriqaz İB-nin aidiyyəti orqanına və DİN-nin 102 qaynar xəttinə müraciət edilib və daha sonra X4 araşdırma başlanıb. Fotoşəkillərdən də görünür ki, qaz sayğacı yerin yoxdur. Sayğac yerində olmadığı üçün qaz küçəyə axmasının və yanğın və partlayış olmaması üçün şlanqla bağlanmışdır. Ona görə ki, qaz axmasının qarşısının alınması üçün vintildən yuxarı kəsib aparıblar. Vintil olmadığı üçün qaz küçəyə axırdı və hər an partlayış olmaq təhlükəsi vardı. Məhkəməyə təqdim edilmiş aktlarda cavabdehin və ya onun nümayəndəsinin imzası və iştrakı təmin edilməyib. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçının əməkdaşları sayğacın olmadığını görüb onun dayandırılması üçün tədbir görməli olduğu halda bir aydan bir gəlib əsassız akt tərtib etməklə öz vəzifələrinin icrasından yayınıblar, təhlükəli şəraiti davam etdirməklə yanaşı işlədikləri İddiaçı İB-nə elə öz əməkdaşları ziyan vurublar. Qaz sayğacı oğurlanmış, evdə həmin dövrdə yaşayış olmayıb və qaz sayğacı küçədə olduğu üçün oğurlanıb. Qaz sayğacının saxlanması onun deyil, qaz paylayıcının vəzifəsidir. Qaz sayğacının oğurlanması barədə qaz paylayıcının əməkdaşlarına və Daxili İşlər Nazirliyinə məlumat vermişdir. Mübahisənin faktiki halından da görünür ki, sayğacın oğurlanması onun təqsirindən olmamışdır. Belə olan halda qazpaylayıcının əməkdaşları tərəfindən yeni qaz sayğacı quraşdırılmalı və təhlükəsizliyi təmin edilməli idi. Lakin, bu halı görə qazpaylayıcının əməkdaşları yeni qaz sayğacını quraşdırmaq və təhlükəsizliyini təmin etmək əvəzinə qazın sızmasını görə ona məlumat vermədən hər ay akt yazıb getməklə kifayətlənmişlər. Halbuki iddiaçıya zərəri vuran elə öz işini bacarmayan öz əməkdaşları olmuşdur. Birinci instansiya məhkəməsində onun iştirakı təmin edilmədiyi üçün bu hallar araşdırılmamışdır. Birinci instansiya məhkəməsi mülki iş üzrə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, işin faktiki hallarına hüquqi qiymət vermədən qətnamə qəbul edib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunmasını sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X2”nın pozulması faktı müəyyən edilməsi və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablanması ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Hazırkı iş üzrə iddia tələbi mübahisələndirilən hissədə dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi barədədir. “X2”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki passportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Hazırkı işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və daha sonra X5 müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecədə ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yeləşən fərdi yaşayış evinin hasarının çöl hissəsində qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacının oğurlanması barədə məlumat vermiş, Abşeron rayon Polis İdarəsinin 30 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işin başlanması rədd edilmişdir. Lakin iddiaçı tərəfindən aktlar xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində tərtib edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli ******* №li akta əsasən oğurlanmış sayğacın yerinə müvəqqəti sayğac quraşdırılıb təhvil verilmişdir. Göründüyü kimi oğurlanmış sayğacın əvəzinə sayğac 16 iyun 2022-ci il tarixdə quraşdırılmış, iddiaçı tərəfindən aktlar isə sayğac quraşdırılmamışdan əvvəl tərtib edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində tərtib edilmiş aktlar əsassız olduğundan, həmin aktlar əsasında hesablanmış maddi zərərin cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2522,64 manat məbləğində zərərin tutulması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin 0,10 manat borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin borc məbləği debitor borc olduğundan həmin hissədə iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi qismən, 2522,64 manat məbləğində zərərin tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçınə vurulmuş 2522,64 manat məbləğində zərərin tutulması hissəsində iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar