Məhkəmə qərarları › İş №2(105)-317/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-317/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-317/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Zaur İkram oğlu Məmmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-7541/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-7541/2019 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia qismən təmin edilib, 230.000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22.712,50 ABŞ dolları borc və 64.336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317.048, 70 ABŞ dolları məbləğində pul ( ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019cu il tarixli, 2(060)-7541/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(105)-745/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-7541/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(102)-3582/20 saylı qərarı ilə kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(105)-745/2020 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(105)-315/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-7541/2019 saylı qətnaməsi ləğv ediərək iddia tələbi təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 2(102)-4404/21 saylı qərarı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(105)-315/2021 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borc və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-dən 14 aprel 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 10 faizlə 230.000 ABŞ dolları məbləğində kredit götürmüş, 14.04.2016-cı il tarixdə edilmiş əlavə ilə kredit müqaviləsinin müddəti 14 aprel 2017-ci il tarixədək uzadılmış, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini tamamilə icra etməmişdir. Hazırda cavabdehin banka 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borcu və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 31 oktyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, bank tərəfindən kassa məxaric qəbzi və hesabdan çıxarış məhkəməyə təqdim etməmişdir. Halbuki, məhz bu sənədlər birbaşa olaraq iddiaçının istinad etdiyi halı sübut edən sənədlərdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan 14 aprel 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 10 faizlə 230.000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 14 aprel 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli əlavədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin müddəti 14 aprel 2017-ci il tarixədək uzadılmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 09 aprel 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 14 aprel 2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borc və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». İş materiallarından görünür ki, 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi Cavabdeh bilavasitə iştirakı ilə bağlanmış və həmin müqavilədə tərəflərin hüquq və vəzifələri, eləcə də məsuliyyəti müəyyən olunmuşdur. Müqavilə cavabdeh tərəfindən imzalanmış və müqavilədə cavabdehin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və s. göstərilmişdir. Həmin müqaviləyə əsasən bank cavabdehə 230.000 ABŞ dolları məbləğində krediti vermək, cavabdeh isə həmin krediti 12 ay müddətinə ödəniş qrafikinə uyğun olaraq ona hesablanmış faizlərlə birlikdə banka qaytarmaq barədə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh, apellyasiya şikayətində kredit müqaviləsində göstərilən pul məbləğinin ona verilməsinin sübuta yetirilməməsini iddia etsə də, işdən görünür ki, o, iş üzrə keçirilmiş məhkəmə iclaslarının heç birində iştirak etməmiş və onunla kredit müqaviləsinin bağlanmamasını və müqavilədə göstərilən pul məbləğinin ona verilməməsini iddia etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində isə kredit müqaviləsini imzalamasını və müəyyən ödənişlər etməsini dolayısı ilə təsdiq etmişdir. (i/v 78-79) Əgər bank həqiqətən də kredit müqaviləsi üzrə öhdəliyinə əməl etməyib orada göstərilən pul məbləğinin cavabdehə verilməsini təmin etməmişdirsə, belə vəziyyətdə cavabdehin həmin pul məbləğini bankdan tələb etməyib, kreditin müddətinin daha bir il müddətinə uzadılması barədə 14 aprel 2016-cı il tarixli əlavə kredit müqaviləsinin imzalanması onun apellyasiya şikayətində göstərdiyi dəlillərin həqiqiliyinə ciddi şübhə yaradır. İşə apellyasiya qaydasında təkrar baxılarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin kredit müqaviləsinin bağlandığı ərəfədə bankda işləməsini göstərmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında 01.05.2008-ci il tarixdə əmək müqaviləsi bağlanaraq sonuncu Cəmiyyətin mühavizə və inkasassiya xidməti şöbəsinin mühafizəçisi təyin edilmiş, 01 sentyabr 2016-cı il tarixli, 25/104 saylı əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası şərh olunan hallara istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(060)-7541/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar