Məhkəmə qərarları › İş №2(105)-317/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-317/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-317/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-302/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014,04 ABŞ dolları olmaqla, cəmi 4175,15 ABŞ dolları borc və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 26 aprel 2022-ci il tarixli, 9/2343 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 2161,11 ABŞ dolları, faiz borcu 2014,04 ABŞ dolları olmaqla, cəmi 4175,15 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit muqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29 % olmaqla 48 ay müddətinədək 5650 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. xx.xx.2015-ci il tarixli, 12-xx-xx- 029910 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri borc verənin nəfinə ödəməlidir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 2161,11 dollar, faiz borcu 2014,04 dollar, cəmi 4175,15 dollar təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abbasov X3 Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarını araşdırmaq üçün hüquqi imkanlar olduğu halda, məhkəmə onları nəzərə almamış və nəticədə natamam qətnamə qəbul etmişlər. Hətta Azərbaycan Respublikasının Prezidentinin 26 fevral 2019cu il 551 saylı fərmanının tələblərini kobud surətdə pozmuşdur. Fərmanda tələb qoyulur ki, banklar 2012-ci ildən başlayaraq 10 000 ABŞ dollara qədər kredit götürmüş şəxslərin kredit faizləri banklar tərəfindən silinir. Yəni ödənilən məbləğ vətəndaşlara qaytarılmalıdır. O, krediti 2015-ci ildə 5600 ABŞ dolları məbləğində götürmüş və 1202 ABŞ dollarını artıq ödəmişdir. Deməli artıq ödədiyi məbləğ ona qaytarılmalıdır. Birinci instansiya məhkəməsi konkret olaraq Azərbaycan Respublikasının qanunverici qüvvəyə malik olan 551 saylı fərmanının tələblərinə yox, bu qanunun tələblərini yerinə yetirməyən İddiaçı ASC-nin qanunsuz tələbinə əsaslanaraq qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmış, Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank cavabdehə şəxsi məqsədləri üçün illik 29 % olmaqla 48 ay müddətinədək 5650 ABŞ dolları məbləğində kredit vermişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borcun düzgün müəyyən edilməsi, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi, tam hüquqlu məhkəmə kimi gəlinən nəticənin tam, hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1787 nömrəli ekspert rəyinə əsasən isə xx.xx.2015-ci il tarixli, 12-xx-xx-029910 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 24 fevral 2017-ci il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi tarixə) əsas borc 5154,82 ABŞ dolları, faiz borcu 507,61 ABŞ dolları, 08 iyul 2019-cu il tarixə əsas borc 2161,11 ABŞ dolları, faiz borcu 1784,93 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC cavabdeh bütün borcun 5 gün müddətində qaytarılması, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2017-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməklə, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən müddətlər üzrə deyil, məhz bildirişin verildiyi tarixə hesablanmalı və bu zaman hesablanmış faiz borcu xx.xx.2017-ci il bildirişin verildiyi tarixə 507,61 ABŞ dolları müəyyən edilməli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 507,61 ABŞ dolları faiz borcu (manata olan məzənnəsi nəzərə alınmaqla) Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 507 (beş yüz yeddi) ABŞ dolları 61 (altmış bir) sent (manata olan məzənnəsi nəzərə alınmaqla) müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində gəldiyi nəticə qanuni və əsaslı olduğundan, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 507 (beş yüz yeddi) ABŞ dolları 61 (altmış bir) sent (manata olan məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. İddiaçı Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar